Politoloq: "Avropa Şurası beynəlxalq münasibətlər sistemində təsirli bir qurum deyil"

“AŞPA-da Serbiya nümayəndəsi Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin dondurulması qərarına etirazını bildirib. Azərbaycana dost olan ölkələrin tənqidi çoxaldıqca, sözsüz ki, bu məsələyə AŞPA-da yenidən baxıla bilər. Azərbaycana qarşı ədalətsiz mövqe sərgilənib və belə olan halda Azərbaycanla bağlı verilmiş qərara yenidən baxılması, dəyişdirilməsi ehtimalı var. Ancaq reallıq bundan ibarətdir ki, AŞPA-da bir çox nümayəndələr erməni diasporu tərəfindən alınmış, Fransa və Almaniya kimi ölkələrin maraqlarına xidmət edən nümayəndələrdir. Onlar hər fürsətdə çalışırlar ki, Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirsinlər. Yəni bu satılmış məmurların sayı, hesabı bilinmir və onlar olduqca təbii ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtma ehtimalı azdır. Azərbaycan nümayəndə heyəti özü də bəyanat səsləndirərək AŞPA-dan çıxmaq haqqında qərar qəbul etdi. Müvəqqəti olaraq AŞPA-da öz fəaliyyətini dayandırdı. Əsas olaraq o gətirildi ki, AŞPA-da ikiüzlük və Azərbaycana fobiya hökm sürməkdədir. Nə vaxta kimi AŞPA-da bu qayələr hökm sürəcək, Azərbaycana qarşı ədalətsiz siyasət davam edəcək Azərbaycan nümayəndə heyəti, əlbəttə ki, AŞPA-ya qayıdan deyildir”.

Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

O qeyd edib ki, hazırda Azərbaycan üçün AŞPA-da olmaq elə böyük bir əhəmiyyət kəsb etmir.

“Azərbaycan 2001-ci ilin yanvarın 25-də AŞPA-ya həm də ona görə qoşulmuşdu ki, Qarabağ münaqişəsinin həllində AŞPA-nın hansısa bir faydası, töhfəsi olar. Amma bununla belə, AŞPA həmin 2020-ci ilə qədərki işğal dönəmində Ermənistanla bağlı ciddi tədbir görmədi. Sadəcə 2005-ci ildə 14 -16 saylı qətnamə qəbul etdi. Bu qətnamə nəzərdə tuturdu ki, Avropa Şurasının bir üzvü digər üzvünü işğal edə bilməz. Bundan başqa Ermənistana qarşı hər hansı bir ciddi addım atılmadı. Avropa Şurası beynəlxalq münasibətlər sistemində elə də təsirli bir qurum deyildir. Qurumun məcburetmə mexanizmləri yoxdur və bu baxımdan Azərbaycanın AŞPA-da olmaması onun beynəlxalq münasibətlərdəki statusuna ciddi zərər yetirməyəcəkdir. Lakin istənilən halda AŞPA-ya, onun qərar vermə mexanizmlərinə qarşı hətta AŞPA daxilində belə tənqidlər çoxalmaqdadır. Bu da AŞPA-dakı defraqmentasiyanı sürətləndirən amildir. Belə olan halda onsuz da böhran yaşayan bu qurumun daxilindəki böhranın daha da dərinləşməsi istisna edilməməlidir”.

Rəfiqə NAMAZƏLİYEVA