- Müşahidə məntəqəsi
- 21 May 2024 18:37
- 9 970
"Bölgənin inkişafı bölgədə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır"
“Azərbaycan Prezidenti İlham Əliyev “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı deyib ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır.”
“Bölgənin inkişafının bölgədə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır ifadəsi, məncə, ilk növbədə onu ehtiva edir ki, bölgədə hansı xalqlar yaşayırsa, millətlər vardırlarsa onların formalaşdırdığı, qurduğu dövlətlərin siyasəti də həmin xalqların iradəsinə uyğun olmalıdır. Biz bəzən belə hallara rast gəlirik ki, dövlətin siyasəti və həmin dövlətin əhalisinin yanaşması, istəyi uzlaşmır, fərqli olur. Belə hallarda da bir çox məsələlərdə ziddiyyətlər yaranır. Bəzən də bölgə dövlətləri arasında münaqişələr yaranır. Ancaq bölgədəki dövlətlər bölgədəki, xalqların, millətlərin, əhalinin iradəsinə, onun maraqlarına, təhlükəsinə uyğun siyasət apardıqda, biz baxırıq ki, bu halda daha çox uyum yaranır. Əgər konkret öz bölgəmizi nəzərdə tutsaq, bilirik ki, bu bölgənin əsas xalqı türk millətidir. İstər İranda, istər Azərbaycanda, Gürcüstanda əhalinin əhəmiyyətli bir hissəsi, bölgənin qədim, aborigen xalqı, türk millətidir və bu millətin iradəsi, istəyi əsas götürülərək dövlətlərin fəaliyyətinə yansıyarsa, belə olduğu halda bölgədə barış olar. Çünki bu gün İrandakı türklər də Azərbaycan-İran münasibətlərinin yaxşı olmasını istəyir. Azərbaycandakı türklər də bölgədəki bütün türk millətinin rifahının yaxşı olmasında maraqlıdır. Eyni zamanda bu bölgədə yaşayan ermənilər, gürcülər, farslar və digər millətlər də əslində min illər boyu bizimlə, türk milləti ilə bir uyum içində olublar.
Bu xalq diplomatiyası dövlətlərin siyasətinə də yansıyan da, dövlətlər də xalqın istəyinə, onların maraqlarına, duyğularına uyğun, öz xarici siyasətini, milli siyasətini uyğunlaşdırdıqda təbii ki, barış yaranır. Bu halda anlaşma, tərəqqi olur və həmçinn inkişaf da olur”.
Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.
O bildirib ki, bölgə əhalisinin mövqeyinin, iradəsinin nəzərə alınması dövlətlərin inkişafında olduqca önəmli bir məsələdir.
“ Ümumiyyətlə, bölgə dövləti olmayan, qeyri-bölgə dövlətlərinə gəldikdə isə aydın məsələdir ki, bölgədə olmayan, uzaqda olan bir çox dövlətlər bilirik ki, bizim bölgəyə müdaxilə edir. Müdaxilələr də, təbii ki, daha çox onların maraqları ilə bağlıdır. Onların bu müdaxiləsi bir çox hallarda müəyyən münaqişələr yaradır. Məsələn, Ermənistanı silahlandırıb, Azərbaycanla vuruşdurmaq istəyirlər. Yaxud İran-Azərbaycan arasında münaqişə yaratmaq, eyni zamanda Türkiyə ilə İran ölkələrinin də arasını vurmaq istəyirlər. Aydın məsələdir ki, Rusiya-Azərbaycan arasında problemin olmasını istəyirlər. Bu baxımdan məncə, bölgədə olmayan və bölgənin maraqlarına deyil, öz maraqlarına xidmət edən, uyğun siyasət aparan dövlətlərin, bölgədə var olması problemlər, gərginlik yaradır. Ona görə də, düşünürəm ki, bu fikir bu cəhətdən izah olunmalıdır. Yaxşı olar ki, bölgənin siyasətini bölgə dövlətləri müəyyən etsin və onların özləri bilavasitə bu siyasətin nəticəsində qazanan, yaxud itirən tərəf olduqlarına görə onlar çalışacaqlar ki, bölgənin maraqlarına uyğun siyasət aparsınlar. Nəticədə də qazanan tərəf özləri olsun. O ki qaldı İran-Azərbaycan münasibətlərinə, biz bilirik ki, İran-Azərbaycan münasibətlərində davamlı olaraq münasibətlərdə yumşalmalar, bəzən isə gərginliklər olur. Amma son bir neçə ildir, açığı, bir soyuq ab-hava var. Xüsusilə Azərbaycan-Ermənistan savaşına münasibətdə İranın daha çox erməni yönümlü bir mövqeyini müşahidə etdik. Bundan sonra həmçinin Azərbaycan səfirliyinə hücum olundu. Bir neçə dəfə İran-Azərbaycan sərhədlərində hərbi təlimlər keçirdi. Bütün bunlar, əlbəttə, İran-Azərbaycan münasibətlərində xoş olmayan məqamlar idi. Lakin son vaxtlar anlaşılan odur ki, sanki bu münasibətlər bir qədər yumşalmağa başlayıb. Xüsusilə də Rəisinin sonuncu səfərində dövlət sərhədindəki görüşdə, Azərbaycan və İran Araz çayı üzərində birgə inşa etdikləri su qovşağının açılışını edərək, istifadəyə verdilər. Bu, əməkdaşlığın bir simgəsi kimi bu hadisə bir növ tarixə düşdü. İnanmaq istərdim ki, artıq bundan sonra Azərbaycan-İran münasibətləri daha çox qonşuluq, dostluq münasibətlərinə çevrilərək daha da inkişaf edər. Bu istiqamət seçilər və hər halda düşünürəm ki, dövlət olaraq da İranla münasibətlərin normal olmasında maraqlıyıq. İranda yaşayan azərbaycanlıların, Azərbaycan türklərinin, ümumiyyətlə, 50 milyonluq türk millətinin də maraqlarını biz İran dövləti tərəfindən insan haqlarının qorunması tərəfindəyik”.
Rəfiqə NAMAZƏLİYEVA
QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi sahəsi üzrə hazırlanmışdır.
