Azərbaycanla İran arasında ara vurmaq istəyən qüvvələr peşman olacaqlar - Mübariz Göyüşlü

“Əlbəttə, İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin 19 mayda helikopter qəzasında həlak olması çox böyük bir hadisədir. İran kiçik dövlət deyil, bizim qonşumuzdur və regional oyunçudur. Qlobal miqyasda da təsir əhəmiyyəti olan bir dövlətdir və onun prezidentinin, xarici işlər nazirinin və digər şəxslərin və helikopter qəzası İranda da, dünyada da çox böyük təsir oyadıb və diqqətdə olması da təbiidir. BurdaAzərbaycanı kimlərinsə, hansısa məqamda gündəmə gətirməsi qeyri-ciddi bir məsələdir. Azərbaycanın bu məsələlərin heç bir bağlantısı yoxdur. Ola da bilməzdi. İran prezidentinin Azərbaycana səfər edərkən belə bir çox sanballı layihənin açılışı zamanı Azərbaycan prezidenti ilə birgə iştirak edərək və həm Azərbaycan tərəfdən, həm İran tərəfdən çox sanballı açıqlamalar olmuşdu. Azərbaycan prezidenti İran səfirliyində başsağlığı verməyə getdikdə mesaj verdi ki, İranın yeni rəhbərliyinin də əldə olunan razılaşmalara və fikirlərə davam edəcəyini biz inanırıq. Həqiqətən də Azərbaycan bunu gözləyir. Türkiyə, İran regionun ən güclü dövlətləridir”.

Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

O qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın ən güclü və dünyada aparıcı mövqelərdə olmaqda davam edən bir ölkəsidir.

“Bu bu üç ölkənin münasibətlərində hər hansı bir gərginliyin yaranacağına inanmıram. Azərbaycanla İran arasında münasibətlər və elə Türkiyənin də İran arasında status-kvo saxlanılacaq. Bu, Azərbaycana lazım olduğu qədər İrana da lazımdır. Bəlkə İrana daha bu məsələ çox lazımdır. Əgər İrandan kimlərsə bu situasiyalardan Azərbaycana qarşı istifadə etməyə cəhd göstərirlərsə, onlar növbəti dəfə uğursuzluğa düçar olacaqlar. Hesab edirəm ki, Azərbaycanla İran arasında ara vurmaq istəyən qüvvələr, qruplar məğlub və peşman olacaqlar. Baxın, Azərbaycan səfirliyinə qarşı hücumdaAzərbaycan-İran arasında münasibətləri gərginləşdirməyə hesablanan bir məsələ idi və baş tutmadı. Münasibətlər düzəlməyə doğru gedir. Bundan sonra da bu şəkildə davam edəcəyinə inanıram. İstər Azərbaycanla İran arasında, istər Türkiyə-İran arasında hər hansısa bir gərginliyin, problemlərinin olacağın gözləmirəm və olmasını da istəmirəm”.

Rəfiqə NAMAZƏLİYEVA