"Uyğur türkləri ilə bağlı Türkiyə Çinə güzəştə getmir" - siyasi şərhçi

“Uyğurlarla bağlı məsələ hər zaman Türkiyə üçün həssas olub, zaman-zaman Sincan-Uyğur Muxtar Bölgəsində yaşayan Uyğur azlıqların hüquqları Çin hökuməti tərəfindən pozulub. Türkiyə dövləti hər zaman bu Türk xalqının hüquqlarını müdafiə edib, beynəlxalq təşkilatlar çərçivəsində və beynəlxalq miqyasda onların hüquqlarını gündəmə gətirib”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Siyasi şərhçi qeyd edib ki, etiraf etmək lazımdır ki, Çində yaşayan uyğur xalqının siyasi, mədəni hüquqları yerli hökumətlər tərəfindən yetərincə təmin olunmur.

“Bu məsələdə biz yetərincə beynəlxalq müdafiənin şahidi olmuruq. Bu baxımdan Türkiyə xarici işlər naziri Hakan Fidanın Çinə 3 günlük səfəri zamanı Sincan-Uyğur Muxtar Bölgəsinin (Doğu Türküstan) paytaxtı Uruçiyə getməsi, orada məscidə baş çəkməsi və bazarda uyğurlarla fikir mübadiləsi aparması şubhəsiz ki, müsbət qiymətləndirilməlidir. Rəsmi Ankara bununla nümayiş etdirir ki, Çində yaşayan uyğurların həyatlarına biganə yanaşmır və onların həyatı və güzəranı ilə maraqlanır. Digər tərəfdən siyasi baxımdan da Türkiyə bu məsələdə kifayət qədər fəaldır. Baxmayaraq ki, bu gün Türkiyə ilə Çin arasında yaxşı iqtisadi əlaqələr vardır, Uyğur türkləri ilə bağlı Türkiyə Çinə güzəşt getmək fikrində deyil. Adətən Qərb dövlətləri, başda ABŞ olmaqla Çində yaşayan azlıqların hüquqlarını qabardan zaman bu tərəflər arasında siyasi ziddiyət olduğundan rəsmi Pekində qıcıq yaradır. Lakin Türkiyənin bunu etməsi elə Uyğur türkləri üçün də məqbuldur və müəyyən mənada Çinin bu sahədə olan siyasətində yumşalmalara səbəb ola bilər. Hesab edirəm ki, rəsmi Pekin də Türkiyənin bu məsələdə həssaslığını anlayışla qarşılayır. İki dövlət arasında Uyğur Türkləri ilə bağlı müəyyən anlaşma mövcud ola bilər”.

Rəfiqə NAMAZƏLİYEVA