- Müşahidə məntəqəsi
- 3 İyul 2024 18:50
- 8 186
"Ermənistan Konstitusiyasında gec-tez həmin maddələri dəyişdirəcək" - siyasi şərhçi
“Ermənistan hökumətinin konstitusiya dəyişikliyinə gedib-getməyəcəyi hələ dəqiq bəlli deyil. Hazırda Bakı ilə İrəvanın arasında aparılan əsas müzakirə bu mövzudadır. Ermənistan konstitusiya dəyişikliyindən maksimum yayınmağa çalışır. Azərbaycan isə bu olmadan, sülh sazişinin imzalanmayacağını dəfələrlə bildirib. Son olaraq Prezident İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbulu zamanı deyib ki, danışıqlar prosesi kifayət qədər sürətli irəliləyir. Ölkə başçısı bildirib ki, sülh müqaviləsinin imzalanması Ermənistanın konstitusiyaya dəyişiklik edəcəyi təqdirdə baş tutacaq”.
“Azərbaycanın mövqeyi bu məsələ ilə bağlı aydındır. Bunu Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Dövlət başçısının çıxışlarında da bu məsələ qeyd olunub ki, başlıca şərtimiz budur ki, Ermənistan Konstitusiyasını dəyişdirmədən, həmin maddələri çıxarmadan Ermənistanla sülh müqaviləsinin imzalanması mümkün deyil. Ermənistanda konstitusiyasında həmin maddələrinin dəyişdirilməsini niyə istəyirik? Çünki həmin maddələrdə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Azərbaycan dövlətinin hazırdakı təməl prinsipi imzalanacaq sülh müqaviləsinin qalıcı olmasıdır. Daha sonra müharibənin olmasını biz istəmirik”.
Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
O qeyd edib ki, hazırkı Ermənistan konstitusiyası ilə sülh müqaviləsinin imzalanması gələcəkdə Ermənistanda olan revanşist qüvvələrin yenidən fəaliyyətə keçməsinə imkan verəcək.
“Buna görə də həmin maddələr dəyişdirilməlidir. Paşinyan hökuməti özü də dərk etməlidir ki, bu, regionda qalıcı sülh üçün mühüm şərtdir. Düşünürəm ki, Ermənistan Konstitusiyasında gec-tez həmin maddələri dəyişdirəcək və bununla bağlı referenduma gedəcək. Çünki doğru olan budur. Bu yaxınlarda həmçinin Ermənistan və Türkiyə arasında danışıqlar da oldu. Həmin danışıqlarda Türkiyənin başlıca şərti də Ermənistan və Azərbaycan arasında münasibətlərin düzəlməsi idi. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmadığı müddətcə münasibətlər paralel olaraq Türkiyə ilə də həll olunmayacaq. Ermənistan və Türkiyənin sərhədlərinin açılması, münasibətlərin inkişafı, iqtisadi əlaqələrin qurulması da Paşinyan hökuməti üçün vacib amillərdən biridir. Məhz bu amilləri nəzərə aldıqda Ermənistan Konstitusiyasını dəyişdirməyə məcburdur”.
Rəfiqə NAMAZƏLİYEVA