- Müşahidə məntəqəsi
- 11 İyul 2024 20:39
- 8 066
"Qərb Ukraynanın məğlubiyyətinə yol verməmək üçün bütün imkanlardan istifadə edir" - politoloq
“İyulun 10-u Vaşinqtonda NATO-nun növbəti sammiti keçirildi. Sammitin müzakirə predmetlərinindən biri də Rusiya-Ukrayna məsələsi, yəni Ukraynaya yeni hərbi dəstəyin verilməsi idi. Müzakirə zamanı Böyük Britaniyanın yeni baş naziri Keir Starmer Ukraynaya verilən silahın hansı məqsədlə istifadə ediləcəyinə yanlız özü qərar verə biləcəyini bildirdi. Bununla yanaşı, NATO Ukraynaya bir il ərzində 40 milyard avro məbləğində hərbi yardım göstərəcəyi təsdiqləndi”.
“Vaşinqtonda keçirilən NATO sammiti təbii ki, Ukraynanın üzvlük məsələsi istisna olmaqla digər istiqamətlərdə konkret qərarlarla yadda qaldı. Belə ki, həm Rusiyanın son dövrlər Ukraynaya artan hücumları, mülki obyektlərə, xüsusilə də uşaq evlərinə endirilən raket zərbələri ilə bağlı sərt bəyanatlar, tənqidlər səsləndirildi. Eyni zamanda Ukraynaya dəstəyin bundan sonra davam etdiriləcəyi açıqlandı və 40 milyard avroluq bir yardım paketi də yenidən təsdiqləndi”.
Bunu AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloq qeyd edib ki, Qərbin bu mövqeyi onu göstərir ki, Qərb Ukrayna- Rusiya savaşında Ukraynanın məğlubiyyətinə yol verməmək üçün əlindəki imkanlardan istifadə etməkdə qərarlıdır:
“Nəzərə alsaq ki, bu ilin fevral ayında Avropa İttifaqı Ukraynaya 50 milyard avroluq bir yardım paketini təsdiqləmişdi. Həmin yardım 3 il müddətinə nəzərdə tutulub. Bundan başqa, Amerika Birləşmiş Ştatları Konqresi 61 milyard dollarlıq Ukraynaya yardımı təsdiqlədi və may ayından proses başlanıb. NATO-nun 40 milyard avroluq yardım ayırması da, bu da kifayət qədər ciddi bir dəstək deməkdir. Eyni zamanda, G7-nin toplantısında da Ukraynaya maliyyə dəstəyinin verilməsi ilə bağlı qərarlar qəbul edildi. O cümlədən Rusiyanın dondurulmuş aktivlərindən istifadə olunması ilə bağlı qərar artıq mövcuddur ki, bu da Ukraynaya ciddi dəstək demək olacaq. Bundan əlavə, artıq NATO ölkələri Ukraynanın hava səmasının tam şəkildə bağlanması üçün Ukraynaya lazım olan “F-16”-lar və “Patriot” daxil olmaqla digər hava hücumundan müdafiə sistemlərini verərək Ukraynanın hava sahəsini qapamaqla, onun müdafiəsini təmin etmək istəyirlər. Nəzərə alsaq ki, ayrılan yardım 2025-ci il üçün nəzərdə tutulub, bu o deməkdir ki, Ukrayna savaşının artıq növbəti bir mərhələsinə biz qədəm qoymaqdayıq və bu savaşın bitməsi hələlik yaxın dövrlər üçün mümkün görünmür. Baxmayaraq ki, son dövrlər sülh çağırışları ilə bağlı kifayət qədər açıqlamalar və fəaliyyətlər olmuşdur”.
Rəfiqə NAMAZƏLİYEVA