Politoloq: "Bunlar Azərbaycanla Ermənistan arasında yeni hərbi toqquşma ehtimallarını gücləndirir"

“Əlbəttə ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanma vədəsi yetişibdir. Təəssüflər olsun, çox sistematik şəkildə Ermənistan sülh müqaviləsini imzalamaqdan yayınır. Ermənistanın dövlət sənədlərində Azərbaycan və Türkiyə ərazilərinə açıq iddialar var. Ermənistan hələ də qondarma Dağlıq Qarabağın dırnaqarası nümayəndəlik ofislərini Ermənistanda bağlamır, separatçılar və eyni zamanda revanşistlər Ermənistanda hələ də Qarabağ təbliğatı aparırlar”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

O qeyd edib ki, Nikol Paşinyan komandasının özünə məxsus olan media kanallarında, media platformalarında ardıcıl şəkildə Azərbaycan ərazilərinə qarşı iddialar yer alır.

“Təbii ki, belə davam etdiyi təqdirdə Azərbaycanla Ermənistan arasında ardıcıl davamlı, normal, ləyaqətli bir sülh müqaviləsinin imzalanması, həmçinin Ermənistanda bu hadisələr baş verən fonda həm də Ermənistanın Ardıcıl şəkildə silahlandırıldığını görürük. Fransa tərəfindən hücum silahlarının verilməsi, Hindistan tərəfindən silahlandırılması nəticədə Ermənistanın Kəlbəcərdə təxribat törətməyinə Tovuzda və Laçında kəşfiyyat uçuşları aparmağına səbəb olur. Bütün bunlar onu göstərir ki, Ermənistan havadarlarının dəstəyi ilə sülh müqaviləsində maraqlı görünmür. Eynilə bu hadisələr göstərir ki, Ermənistan vaxt udmağa çalışır, sülh müqaviləsini ləngitmək istəyir. COP29 ərəfəsində Azərbaycanı Ermənistanın hərbi təxribatlarına uyğun olaraq ona hərbi formada cavab verməyə vadar etməyə çalışır ki, bunlar çox təhlükəli planlar və tendensiyalardır. Hesab edirəm ki, istənilən halda bütün bunlar Azərbaycanla Ermənistan arasında yeni hərbi toqquşma ehtimallarını gücləndirir”.

Rəfiqə NAMAZƏLİYEVA