- Müşahidə məntəqəsi
- 9 Avqust 20:30
- 4 857
Xaricdən Azərbaycana qarşı hər hansı təcavüz olacağı təqdirdə Şuşa bəyannaməsi işə düşəcək - Vüqar Əhmədov
“Son günlər regionda ciddi hadisələr baş verir. Belə ki, avqustun 2 və 3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına hərbi təyyarələr gəlib. Bundan əvvəl isə Fransa Silahlı Qüvvələrinə məxsus təyyarə eyniadlı aeroporta enmişdi. Bu iki ölkənin Ermənistana silah-sursat daşıması diqqət çəkir. Bəzi ekspertlər iddia edir ki, Ermənistana gələn Fransa və ABŞ hərbçiləri Azərbaycan ilə şərti dövlət sərhədinə yerləşdiriləcək”.
“Ermənistan məqsədli şəkildə ABŞ hərbi bazalarından qüvvələri Azərbaycanla sərhəddə yerləşdirir, Fransadan davamlı silah və texniki dəstək alır, görünür ki, Ermənistanda Azərbaycana qarşı yeni hərbi hücumlar planlaşdırıla bilər. Türkiyə ilə Azərbaycanın Şuşa bəyannaməsi xaricdən Azərbaycana qarşı hər hansı təcavüz olacağı təqdirdə avtomatik işə düşəcək”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.
O qeyd edib ki, Rəsmi İrəvan sülh yolu ilə anlaşmaq istəmir, bunun alternativi isə müharibədir.
“Hazırda Ermənistana Qərb və NATO dəstək verir, intensiv şəkildə silahlandırır. Rumınyada yerləşən NATO hərbi bazasından İrəvana uçuş reysi həyata keçirən hərbi təyyarələr Ermənistanı silahlandırır və aydındır ki, hələ sülh razılaşması əldə olunmamış ABŞ və NATO-nun bu addımları atması regionda yalnız gərginliyi artıracaq. Azərbaycan hələ aprel ayında Brüsseldə NATO və Avropa Birliyi ilə Ermənistan baş nazirinin görüşündə bütün bunlarla bağlı xəbərdarlıq etmişdi, həmən görüşdən sonra bu proses başlanıb və davam edir. Hesab edirəm ki, Qərb və NATO tərəfinə, ABŞ rəsmilərinə bir daha xəbərdarlıq edilməlidir, Ermənistanın sülhdən yayınmasının əsas səbəbi də məhz sürətlə silahlanmasından və revanşist meyllərin artmasından keçir. Hər hansı ciddi qarşıdurma və müharibə olacağı təqdirdə Azərbaycanla Türkiyə Şuşa bəyannaməsinə əsasən birgə hərəkət etməli və Ermənistanın Qərb tərəfdarları vasitəsi ilə ola biləcək hər hansı təxribatın qarşısı qətiyyətlə alınmalıdır”.
Rəfiqə NAMAZƏLİYEVA