- Müşahidə məntəqəsi
- 4 Sentyabr 2024 13:14
- 6 522
Bütün dünya Azərbaycanın Cənubi Qafqazda lider ölkə olduğunu gördü - Siyasi şərhçi
“Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dünən jurnalistlərə müsahibəsində bildirib ki, sərhədlərin delimitasiya prosesi sırf ikitərəfli xarakter daşıyır: “Prosesin iki dövlət arasında sülh, qarşılıqlı anlaşma şəraitində gedişatını nəzərə alaraq hesab edirik ki, artıq Avropa İttifaqının sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur. Bu missiyanın da fəaliyyətinə xitam verilməsinin zamanı yetişib”.
“Avropa İttifaqının Ermənistandakı missiyası siyasi idi. Bunun bir çox səbəbi var. Ən əsas səbəb Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqaz regionunda bir çox şeyi dəyişdirdi. Xüsusən də Qarabağ zəfərindən sonra Azərbaycanın Cənubi Qafqazda lider ölkə olması tam olaraq bütün dünya tərəfindən görüldü. Azərbaycanın Cənubi Qafqazın lideri olmasını qəbul etməyənlər də bunu gördü”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kazım Kazımov deyib.
Siyasi şərhçi qeyd edib ki, iqtisadi, siyasi, ordu və digər bütün parametrlər üzrə Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olduğu bilinir.
“Belə olan təqdirdə Avropada, erməni lobbisinin və Azərbaycanın Cənubi Qafqazda liderə çevrilməsini istəməyən qüvvələrin fəallaşdığını gördük. Avropa daxilində Azərbaycanın Ermənistana guya hər hansı bir təhlükə doğurduğunu düşünürdülər. Sanki işğalçı olan tərəf, Azərbaycanın torpaqlarını qəsb edən, minlərlə insanımızın həyatına bais olan tərəf Ermənistan deyilmiş kimi bir missiya göndərilirdi. Missiyanın təbii ki, illər ərzindəki fəaliyyətinə baxdığımızda bir şey aydın sezmək olurdu ki, kəşfiyyat xarakterli məlumatların toplandığı iddiası var. Həmçinin Ermənistanda Qərb hərbi dairələrinin tapşırığını yerinə yetirdiyi iddiası var idi. Hətta Ermənistanda gələcək dövrdə NATO qüvvələrinin yerləşməsi üçün ön hazırlıq olduğunu ifadə edən tərəflər də var idi. Yəni hər zaman üzərində sorğu işarətləri olan, fəaliyyətinin tam olaraq nədən ibarət olunduğu bilinməyən və zaman-zaman Azərbaycana qarşı ittihamlarda adı çəkilən bir missiyadan bəhs edirik. Belə olan təqdirdə bu missiyanın İrəvan və Bakı arasında sülhə çalışdığını, tamamilə şəffaf olduğunu söyləmək, təbii ki, əbəs yerə olardı. Artıq bu missiyanın fəaliyyətinə heç bir ehtiyac qalmayıb. Çünki həm Azərbaycan, həm də Ermənistan artıq ikili şəkildə görüşürlər. Vasitəçi olmadan əgər biz görüşə biliriksə və müəyyən danışıqlarda, razılaşmalar, irəliləyişlər varsa, mən də hesab edirəm ki, bu missiyaya heç bir ehtiyac yoxdur”.
Rəfiqə NAMAZƏLİYEVA