- Müşahidə məntəqəsi
- 9 Sentyabr 2024 18:27
- 6 758
Putin Ermənistanda həbs edilə bilərmi? - AÇIQLAMA
“Roma Statutunu qəbul edən ölkələrdə Rusiya Prezidenti Vladimir Putinin saxlanılmaması son günlər geniş müzakirə edilir. Ekspertlər deyir ki, bu, Qərbin nüfuzuna ciddi zərbə vurur. Hətta onun Ermənistana getməsi halında belə həbs edilməyəcəyini deyənlər var”.
“Şübhəsiz ki, Rusiya kimi bir dövlətin başçısı səfər etdiyi ölkələrdən təhlükəsizlik qarantiyası almamış bu ölkələrə səfər etməz, digər tərəfdən Rusiya Prezidenti ölkəsinin Ukrayna ilə savaş getdiyi bir dönəmdə, barəsində Beynəlxalq Cinayət Məhkəməsinin hökmü olduğu təqdirdə yalnız tam etibar etdiyi ölkələrə səfər edir. Hazırda Ermənistanı bu qəbildən olan ölkə hesab etmək olarmı, bu suala cavab tapmaqda müəyyən çətinlik çəkirəm”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.
Siyasi şərhçi bildirib ki, hər nə qədər Rusiya rəsmiləri Ermənistan dövlətini və erməni xalqını özünə dost hesab etsələr və bununla bağlı bəyanat versələr də, unutmaq olmaz ki, hazırda İrəvanda Qərbdən tam aslı bir Paşinyan hökuməti əyləşib.
“İstisna etmək olmaz ki, V. Putinin Ermənistana səfər edəcəyi təqdirdə o saxlanılsın. Əlbəttə nəzəri cəhətdən Rusiya kimi böyük bir dövlətin başçısının Roma statutu əsasında saxlanılmasını təsəvvür etmək müəyyən qədər çətindir. Lakin nəzərə almaq lazımdır ki, burada söhbət hazırda Rusiyadan narazı olan Paşinyan hakimiyyətindən gedir və hətta rəsmi İrəvan bununla bağlı qarantiya verəcəyi təqdirdə belə indiki dönəmdə V. Putinin İrəvana səfər edəcəyini az ehtimal edirəm. Digər tərəfdən bu yaxınlarda Litvada Avropa Şurasına üzv olan ölkələrin Ədliyyə Nazirlərinin görüşündə xəbər yayıldı ki, Ermənistan Roma statutu ilə bağlı bəyənnaməyə qoşulub, sonra isə Ermənistanın rəsmi qurumları bunu təkzib etdi. Bu baxımdan Rusiya dövlət başçısının digər dövlətlərə rahat səfər etdiyi kimi Ermənistana səfər edəcəyini gözləmək sadəlövhlük olardı”.
Rəfiqə NAMAZƏLİYEVA