Politoloq: "Rəsmi Moskva Paşinyana qarşı daha sərt addımlar ata bilər”

“Bir qədər əvvəl Ermənistan İstintaq Komitəsi ölkədə hərbi çevriliş cəhdinin qarşısının alındığını açıqladı. Xüsusilə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinə yaxın olan mətbuat orqanları çevriliş planının Rusiyada hazırlandığını və tapşırığın Kremldən verildiyini vurğulayırlar. Paralel olaraq “Vətən üçün Tavuş” hərəkatının rəhbəri keşiş Baqrat Qalstanyanın İrəvanda yenidən aktivləşməsi diqqət çəkir”.

“Rəsmi Moskva bu çevriliş planının arxasında olmasını təkzib edib, lakin bu planın Rusiyada hazırlanması ilə bağlı erməni mətbuatında məlumatlar yer aldı. Paralel şəkildə bu hadisələrin baş verməsi Rusiyanın Ermənistana qarşı hansısa təzyiqləri sayıla bilər. Əlbəttə ki, Rusiyanın Ermənistanda Qalstanyan və digərlərinin əli ilə vəziyyəti gərginləşdirmək cəhdləri ola bilər”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Siyasi şərhçi bildirib ki, görünüşə görə Rusiya hələki İrəvanda aranın qarışmasında və Paşinyanın hakimiyyətdən getməsində daha təsirli addımlar atmır.

“Əgər bir tərəfdan rəsmi İrəvana belə təzyiqlər edilirsə, digər tərəfdən iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair danışıqlar aparılır. Hazırda Rusiya birbaşa özünün və yaxud Ermənistanda yerləşən hərbi qüvvələrin iştirakı ilə proseslərə müdaxilə etmir, daha çox İrəvanda olan ona loyal müxalif qüvvələrin əli ilə vəziyyəti gərginləşdirməyə çalışır. Lakin biz müşahidə edirik ki, Paşinyan son dövrlər Ermənistanda Rusiya tərəfdarı olan müxalifət qüvvələrinə qarşı məhkəmə işlərini yenidən qaldırıb. Digər tərəfdən xarici siyasətdə Qərblə daha çox yaxınlaşma müşahidə olunur. Rusiyanın vasitəçiliyi ilə imzalanan 10 Noyabr bəyənnaməsi ilə bağlı isə hələ ki, Paşinyan bir addım atmır və danışıqlara qatılmır. O cümlədən Zəngəzur istiqamətində geniş sayda avropalı hərbiçiləri toplayıb. Belə olan təqdirdə və vəziyyət daha da gərginləşərsə, rəsmi Moskva Paşinyana qarşı daha sərt addımlar ata bilər”.

Rəfiqə NAMAZƏLİYEVA