ABŞ-nin İrəvana Marağı Sönür: Ermənistan Regionda Təcrid Olunurmu?

“Co Baydenin prezidentliyi dövründə Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ ilə münasibətləri gücləndirməyə və ölkəsini Vaşinqtonun regiondakı əsas tərəfdaşına çevirməyə çalışırdı. Bu siyasətin kulminasiya nöqtəsi Bayden administrasiyasının son günlərində Ermənistan və ABŞ arasında strateji əməkdaşlıq haqqında sazişin imzalanması oldu. Həmin sənəd, hərçənd Tramp komandasının razılığı ilə hazırlanmışdı, Donald Trampın yenidən hakimiyyətə qayıdışı ilə bu razılaşmanın perspektivləri sual altına düşdü”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Xatırladaq ki, son dövrlər Ermənistan Baş naziri Nikol Paşinyanın siyasi mövqeyində ardıcıl manevrlər müşahidə olunur. Co Baydenin hakimiyyəti dövründə o, Qərbə inteqrasiya və ittifaqlara qoşulma barədə iddialı açıqlamalar verirdi. Lakin Donald Trampın yenidən prezidentliyə qayıdışı fonunda Paşinyanın kursunda dəyişikliklər hiss olunur. Onun 9 Mayda Moskvada keçirilən Qələbə paradında iştirakı da Kremlin münasibətlərini qorumağa çalışdığını göstərir.

Siyasi şərhçinin sözlərinə görə, Trampın xarici siyasətində Cənubi Qafqaz bölgəsi prioritet istiqamət hesab olunmur.

“Onun yanaşması ideoloji deyil, daha çox praqmatik və ABŞ-nin konkret maraqlarına əsaslanır. Bu da ABŞ-ın Ermənistanla deyil, daha çox Türkiyə və Azərbaycanla əməkdaşlığa üstünlük verməsinə gətirib çıxarır. Xüsusilə, Azərbaycanın İbrahim Sazişi (Abraham Accords) çərçivəsində regional təşəbbüslərə qoşulması ilə bağlı təkliflər ABŞ-dəki müvafiq dairələr tərəfindən müsbət qarşılanıb. Bu kontekst Ermənistanın ABŞ üçün əvvəlki kimi strateji əhəmiyyət daşımadığı qənaətini gücləndirir. Mövcud vəziyyət Paşinyan hökumətini yeni tərəfdaşlar axtarmağa vadar edir. Son aylarda Ermənistanın xarici siyasətində müşahidə olunan dönüş bunun əyani sübutudur. Paşinyanın Moskvada keçirilən Qələbə paradında iştirakı, iqtidara yaxın media qurumlarında Rusiyaya qarşı tənqidi yanaşmaların dayanması və Rusiya ilə müsbət münasibətləri əks etdirən süjetlərin artması göstərir ki, rəsmi İrəvan Kreml ilə münasibətləri normallaşdırmağa çalışır. Eyni zamanda Ermənistanın Avropa İttifaqı ilə əlaqələrini dərinləşdirmək cəhdləri də nəzərə çarpır”.

Müdafiə naziri Suren Papikyanın Almaniyaya səfəri və orada keçirilən yüksək səviyyəli görüşlər İrəvanın Avropa ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətini göstərir:

“Lakin Ermənistanın bu balans siyasəti arzuolunan nəticəni verməyə bilər. Rusiya, Ermənistanı əvvəlki kimi strateji müttəfiq kimi dəstəkləməkdə maraqlı görünmür. Avropa ölkələrinin də Ermənistanın təhlükəsizliyi ilə bağlı daha dərin öhdəliklər götürməsi ehtimalı aşağıdır. ABŞ-nin isə Cənubi Qafqaza yanaşmasında ön sıralarda Ermənistan yer almır. Bütün bu tendensiyalar Paşinyan hökumətinin xarici siyasət kursunun qeyri-sabit və nəticəsiz olduğunu göstərir. Ermənistanın həm Rusiya, həm Qərb, həm də ABŞ-dən istədiyi dəstəyi ala bilməməsi onun regionda təcrid olunma riskini artırır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az