- Müşahidə məntəqəsi
- 30 May 19:17
- 1 904
“Ermənistan sülh istəyir, amma yalnız öz şərtləri ilə” – Azər Həsrət
.jpg)
“Ermənistan tərəfi, əlbəttə, istəyir ki, sülh sazişi mümkün qədər tez imzalansın, lakin bu, yalnız onların şərtləri nəzərə alınmaqla baş versin. Yəni Azərbaycanın şərtləri gözardı edilir, əvəzində öz şərtlərini irəli sürərək sülh müqaviləsini tezliklə bağlayıb arxayınlaşmaq istəyirlər. Əlbəttə, Azərbaycan da sülh sazişinin tezliklə bağlanmasında maraqlıdır. Amma bu sənədin imzalanması üçün Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından tamamilə əl çəkdiyi, bu məsələnin onların konstitusiyasında da əks olunmadığı təsdiqlənməlidir. Bəs Ermənistan bunu edibmi? Əlbəttə ki, yox. Hazırda Ermənistanın konstitusiyasında Azərbaycanın ərazisinə qarşı iddialar mövcuddur”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Xatırladaq ki, İrəvan və Bakı sülh sazişinin imzalanma tarixini müəyyənləşdirmək üçün məsləhətləşmələri davam etdirir. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Türkiyə ilə də fəal dialoq aparılır. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə qeyd edib ki, sülhyaratma prosesində irəliləyiş var, mütəmadi diplomatik təmaslar keçirilir. O, sərhədlərin demarkasiyası prosesinin də davam etdiyini, işçi qrupların əlaqə saxladığını və razılaşmalara uyğun olaraq danışıqlar yolu ilə həll yolları axtarıldığını bildirib.
Siyasi şərhçi bildirib ki, belə olan halda, yəni konstitusiyasında Azərbaycan dövlətinə qarşı ərazi iddiası olan bir ölkə ilə sülh sazişi bağlamaq və onun sərhədlərini tanımaq mümkün deyil.
“Məhz buna görə də sülh prosesi dalana dirənib. Bəs niyə Nikol Paşinyan və digər rəsmi şəxslər bu prosesin getdiyini, demək olar ki, başa çatdığını, artıq sadəcə imzalanma yerinin müəyyənləşdirilməsinin qaldığını bildirirlər? Bu kimi bəyanatlar əsasən Ermənistanın daxili auditoriyasına yönəlib. Məqsəd Ermənistan cəmiyyətində elə bir təsəvvür yaratmaqdır ki, guya Paşinyan hakimiyyəti bu məsələnin sonuna yaxınlaşıb və sülh müqaviləsi imzalanmaq üzrədir. Bu da Ermənistana rahat nəfəs almağa imkan verəcək. Əlbəttə, Azərbaycan dövləti Ermənistanla sülh şəraitində yaşamaqda maraqlıdır və biz heç bir aqressiv mövqe nümayiş etdirmirik. Azərbaycanın istəyi də ondan ibarətdir ki, Ermənistan normal, sabit və sakit bir ölkə kimi yaşasın. Ancaq qeyd etdiyimiz kimi, Ermənistanın bizim torpaqlara olan iddiaları qaldıqca sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Paşinyan da bunu anlayır, lakin daxili auditoriyanı sakitləşdirmək və ictimaiyyəti manipulyasiya etmək üçün bu cür bəyanatlarla çıxış edir. Buna görə də zaman-zaman bu cür fikirlər ortaya atılır və ictimaiyyətin diqqəti yayındırılır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az