- Göz önü
- 19:19
- 1 895
“Distant təhsil diplomları Azərbaycanda tanınmır” - EKSPERT

“Bu, ilk dəfə deyil. Hər il Təhsildə Keyfiyyətin Təminatı Agentliyi (TKTA) tərəfindən xarici diplomların tanınması və ya tanınmaması ilə bağlı ictimaiyyətə məlumatlar verilir. Bu məlumatlar agentliyin rəsmi internet səhifəsində paylaşılır, mediaya açıqlamalar təqdim olunur. Lakin hər dəfə müşahidə edirik ki, xarici diplomların tanınması ilə bağlı ciddi problemlər ortaya çıxır. Təəssüf ki, diplomları tanınmayan ali təhsil müəssisələrinin siyahısı rəsmi olaraq təqdim edilsə də, valideynlərin və ictimaiyyətin bir hissəsi bu barədə məlumatlı deyil”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Xatırladaq ki, 2024-cü ilin aprelindən 2025-ci ilin aprel ayınadək 53 nəfər tanınma üçün saxta diplom təqdim edib. Bundan əlavə, tanınmadan imtina edilən 12 nəfərin saxta tanınma şəhadətnaməsi əldə etdiyi aşkarlanıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb. Qurumdan bildirilib ki, sənədlərin həqiqiliyini müəyyən etmək üçün xarici ali təhsil müəssisələrinə sorğular göndərilir.
Ekspert bildirib ki, mövcud problemlərin əsas hissəsi xaricdə təhsil xidməti təqdim edən şirkətlərin fəaliyyəti ilə bağlıdır.
“Bəzi təhsil şirkətləri valideynlərin məlumatsızlığından sui-istifadə edərək, yanlış təbliğat aparır, sosial şəbəkələrdə və hətta televiziya kanallarında reklamlar yayırlar ki, “filan universitetin diplomu Azərbaycanda problemsiz tanınır”. Lakin bu həqiqəti əks etdirmir. Məsələn, son zamanlarda Ukrayna universitetləri ilə bağlı yayılan reklamlarda qeyd olunur ki, əyani və ya qiyabi təhsil alan tələbələrin diplomları Azərbaycanda tanınır. Amma Təhsil Nazirliyi və TKTA dəfələrlə bəyan edib ki, Ukraynada, xüsusən müharibədən sonra distant (uzaqdan) formada təhsil alanların diplomları Azərbaycanda tanınmır. Bunun əsas səbəbi odur ki, Azərbaycanda distant təhsil forması rəsmi olaraq tətbiq olunmur və belə bir forma tanınmadığı üçün onun ekvivalentinə uyğun diplomlar da tanınmır.
Diplomların tanınması üçün bir neçə əsas şərt var:
1. Tələbə tədris aldığı ixtisas üzrə Azərbaycandakı ixtisaslarla uyğunluq təşkil etməlidir;
2. Təhsil aldığı formada (əyani, qiyabi və ya distant) Azərbaycanda uyğun forma mövcud olmalıdır;
3. Tələbə təhsil müddətinin ən azı yarısını müvafiq ölkədə fiziki olaraq keçirməlidir.
Əgər bu şərtlərdən biri yerinə yetirilmir – xüsusilə də distant təhsil formasında təhsil alınırsa – həmin diplomlar tanınmır”.
Ekspert əlavə edib ki, bu sahədə zaman-zaman saxta diplom halları da müşahidə olunur:
“Bəzi şəxslər real şəkildə təhsil almadan, üç illik diplom əldə edib ölkəyə qayıdır. TKTA isə belə hallarda müvafiq ölkəyə sorğu göndərərək diplomun gerçəkliyini yoxlayır. Əgər diplom saxta və ya lisenziyası olmayan bir təhsil müəssisəsinə aiddirsə, təbii ki, həmin diplom tanınmır. Misal üçün, Rusiyanın əvvəllər Azərbaycanda fəaliyyət göstərmiş bəzi universitet filialları artıq ləğv olunub, onların lisenziyaları yoxdur. Bu filiallarda təhsil almış şəxslərin diplomları bu səbəbdən tanınmır. Eyni şey Türkiyədəki “açıq öyrətim” (qiyabi) formatında təhsil alanlara da aiddir. Bu formada alınmış diplomlar Azərbaycanda tanınmır. Valideynlər övladlarını xaricə göndərməzdən əvvəl mütləq TKTA-nın rəsmi internet səhifəsində təqdim olunan tanınmayan ali təhsil müəssisələrinin siyahısına baxmalıdırlar. Əgər həmin universitet orada qeyd olunubsa, övladlarını həmin ali məktəbə göndərməməlidirlər. Bəzən TKTA tərəfindən “qismən tanınma” halları da tətbiq olunur. Bu, o zaman baş verir ki, şəxs ixtisasını tam mənimsəməyib. Belə olan halda, vətəndaş Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahana dəvət olunur. Əgər bu imtahandan uğursuz nəticə əldə edilərsə, şəxs Azərbaycanda 6 ay və ya 1 il ərzində kurs keçməli olur və yalnız bundan sonra diplom tam şəkildə tanına bilər”.
Ekspert sonda vurğulayıb ki, bu cür qismən tanınma halları hərbi xidmət məsələlərində də nəzərə alınır və şəxs təqdim etdiyi sənədlər əsasında birillik hərbi xidmətə cəlb oluna bilir:
“Yekun olaraq, bütün bu halların qarşısını almaq üçün valideynlər və tələbələr son dərəcə diqqətli olmalıdırlar. Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin qaydaları və siyahıları mütəmadi olaraq yoxlanmalı, xaricdə təhsil almaq istəyən şəxslər rəsmi qurumlarla məsləhətləşməlidirlər”.
Rəfiqə Namazəliyeva,
Aznews.az