- Müşahidə məntəqəsi
- 21:23
- 883
“Bacarıq əsaslı qiymətləndirmə ali təhsil qəbuluna uyğunlaşdırılmalıdır” - Ramin Nurəliyev
“Əslində, cənab nazirin təqdim etdiyi təkliflər beynəlxalq təcrübəyə daha yaxın bir yanaşmadır. Hazırda dünyada bu tip qiymətləndirmə modellərinin daha rahat və effektiv tətbiq olunduğunu görürük. Məsələn, ABŞ-da qiymətləndirmə meyarlarında təkcə şagirdin biliyi deyil, onun bacarıqları da əsas göstərici kimi qəbul edilir. Orada müəllim işləyən bir tanışımız da qeyd edir ki, bizim 11-ci sinif şagirdləri rahatlıqla ABŞ-da orta məktəbdə dərs keçə bilərlər. Çünki onların biliyi oradakı həmyaşıdları ilə müqayisədə daha genişdir. Bizim şagirdlər bilik baxımından çox yüklənirlər və çox şey öyrənirlər, amerikalı şagirdlər isə daha çox bacarıqları ilə seçilirlər — analitik düşünmə, dünya görüşü, praktik tətbiq bacarığı kimi”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, təhsil nazirinin son açıqlamalarında məktəblərdə şagirdlərin qiymətləndirilməsinə dair yeni yanaşmanın tətbiq ediləcəyi bildirilib. Yeni model şagirdlərin yalnız bilik göstəricilərini yox, eyni zamanda bacarıqlarını — tətbiqetmə, analitik düşünmə və problem həll etmə qabiliyyətlərini — ölçməyi nəzərdə tutur. Nazirliyin açıqlamasına görə, bu dəyişiklik tədris prosesinin daha səmərəli təşkilinə və müasir tələblərə uyğunlaşdırılmasına xidmət edəcək. Hazırkı mərhələdə yeni qiymətləndirmə sisteminin məzmunu, tətbiq mexanizmləri və məktəblərin bu keçidə hazırlığı ilə bağlı suallar gündəmdə qalmaqdadır. Mövzunun həm pedaqoji, həm metodiki, həm də inzibati aspektləri üzrə geniş müzakirələr davam edir.
Ekspert qeyd edib ki, bu baxımdan orta məktəbdə biliklə yanaşı bacarıqların da önə çıxarılması vacibdir.
"Bildiyim qədərilə, nazirin təklifi də məhz buna yönəlib. Emin Əmrullayev ümumiyyətlə beynəlxalq təcrübəni Azərbaycan təhsil sisteminə gətirməyə, bizi müasir təhsil modelinə uyğunlaşdırmağa çalışır. Lakin mövcud vəziyyətdə problem ondadır ki, Azərbaycandakı orta məktəb sistemi buna tam hazır deyil. Çünki bizim orta məktəblərdə əsas məqsəd ali təhsil müəssisələrinə qəbul olmaqdır və qəbul imtahanları yalnız Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi bilik əsaslı testlər üzərində qurulub. Bu imtahanlar şagirdin bacarıqlarını ölçmür. Belə olan halda, yuxarı sinif şagirdləri üçün yeni model demək olar ki, əhəmiyyətsiz görünəcək. Əgər bacarıq əsaslı qiymətləndirmə tətbiq ediləcəksə, onda ali təhsil müəssisələrinə qəbul mexanizmi də dəyişməlidir. Qəbul imtahanlarına uyğunlaşdırılmadan məktəbdə tətbiq ediləcək yeni qiymətləndirmə modelinin real təsiri olmayacaq. Əgər bu dəyişikliklər həyata keçirilsə, nazirin təklifi doğrudan da mükəmməl modelə çevrilə bilər. Orta məktəbdə şagirdlərin biliklə yanaşı bacarıqlarının qiymətləndirilməsi beynəlxalq standartlara uyğundur və şagird motivasiyasını artırar. Əks halda, bu yanaşmanın təsiri çox zəif olacaq və praktik əhəmiyyəti demək olar ki, qalmayacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az