- Müşahidə məntəqəsi
- 18 Noyabr 22:03
- 1 176
“Qarabağda quruculuq üçün yüksək ixtisaslı mütəxəssislər vacibdir” - Hüseyn İbrahimov
“Ümumiyyətlə, Miqrasiya Xidmətinin yüksək ixtisaslı mütəxəssislər üçün yeni portalı istifadəyə verməsi əmək bazarında keyfiyyətli kadrların cəlb olunması baxımından müsbət addım kimi qiymətləndirilir. Dünyada bir çox ölkələr istedadlı şəxslərin cəlb edilməsini təhsil siyasəti, layihələr və proqramlar vasitəsilə həyata keçirir və Azərbaycan da bu təcrübəni tətbiq edir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin yüksək ixtisaslı mütəxəssislər üçün istifadəyə verdiyi “High-Skilled Migrant” portalı əmək bazarında ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması istiqamətində əhəmiyyətli addımdır. Portal ölkənin iqtisadi prioritetlərinə uyğun peşəkarların cəlb olunmasını təmin edir və 70/100 ballıq sistem müraciətçilərin bacarıq və peşəkarlığını obyektiv qiymətləndirir. Ailə üzvləri üçün nəzərdə tutulan əlavə güzəştlər isə miqrantların uzunmüddətli yaşama və işləmə imkanlarını artırır. Yeni model qlobal rəqabət mühitində Azərbaycanın beynəlxalq istedadları cəlb etməsi baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda, miqrantların artımı sosial inteqrasiya siyasətlərinin daha çevik və sistemli şəkildə həyata keçirilməsini zəruri edir, bu isə mədəni müxtəlifliyin artmasına və əmək bazarında strukturun təkmilləşməsinə şərait yaradır.
Sosioloq bildirib ki, bu portal böyük uğurlu layihənin bir hissəsi olaraq rəsmi şəkildə idarə olunur və daxili əmək bazarının ehtiyaclarını ödəyə bilər.
"Xüsusilə informasiya xidmətləri sahəsində uyğun peşələrin inkişafı və süni intellektin tətbiqi bu portal vasitəsilə daha səmərəli həyata keçirilə bilər. Gələcəkdə bu sistem həm informasiya xidmətləri bazarının, həm də əmək strukturunun daha dolğun və effektiv idarə olunmasına töhfə verəcək. Eyni zamanda, Azərbaycanın 30 ilə yaxın işğal altında qalan ərazilərində ağıllı layihələr və yeni qaydada quruculuq işləri aparılır. Bu prosesdə yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi həm peşə və təcrübənin paylaşılması, həm də aktual problemlərin həllində strateji əhəmiyyət kəsb edir. Portal ölkədə aparılan işlərin keyfiyyətini artırmaq və zəruri sahələrdə peşəkar kadr çatışmazlığını aradan qaldırmaq baxımından mühüm rol oynayacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az