- Müşahidə məntəqəsi
- 20:35
- 1 564
“Tam ştatlı müəllim modeli beynəlxalq təcrübəyə uyğundur” – Ramin Nurəliyev
“Bu layihə çox mükəmməl bir layihədir. Dünyanın inkişaf etmiş ölkələrində də hal-hazırda dərs saatına görə deyil, iş saatına görə əmək haqqı verilir. Avropa təhsil sistemində də, Amerika təhsil sistemində də, Kanada təhsil sistemində də, ümumiyyətlə inkişaf etmiş ölkələrin təhsil sistemində bunu rahatlıqla görə və müşahidə edə bilərik. Çünki müəllim sadəcə gəlib dərsini deyib getmək anlayışı yoxdur. Yəni, müəllimin bu gün dərsi var və ya 15 saat dərsi var deyə onu 2-3 günə salıb digər günlərdə gəlməməsi artıq tətbiq edilmir. Təhsil müəssisələrinin rəhbərlərinin qənaətinə görə, bizə lazım olan müəllim bütün iş vaxtlarında məktəbdə olmalı, həm tədris prosesini həyata keçirməli, həm də digər işlərini yerinə yetirməlidir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Xatırladaq ki, Elm və təhsil naziri Emin Əmrullayevin son açıqlamaları müəllim çatışmazlığı problemini yenidən gündəmə gətirib. Xüsusilə bəzi fənlər üzrə işçi qüvvəsinin kəskin azalması, region və şəhər məktəbləri arasında balanssızlıq, həmçinin yeni “tam ştatlı müəllim” modelinə keçidin yaratdığı gözləntilər kadr siyasətinin kompleks şəkildə yenidən qurulmasını zəruri edir.
Ekspert qeyd edib ki, bu layihə hazırda beynəlxalq standartlara uyğun olaraq hazırlanıb və inkişaf etmiş ölkələrin təhsil sistemlərində formalaşmış modelə əsaslanır.
"Ona görə də bu modelin tətbiqi çox mükəmməldir, amma biz bunun üçün müəyyən hazırlıqları düşünməliyik. Bizim təhsil sistemimiz hazırda bu modelə tam cavab verirmi? Əlbəttə ki, müəyyən çatışmazlıqlar var və onları öncədən aradan qaldırmaq lazımdır. Bu çatışmazlıqlar arasında şəhər daxilində nəqliyyat məsələləri və müəllimlərin sosial problemlərinə diqqət yetirilməlidir. Müəllimlərə əmlak sahəsində dəstək, güzəştli kredit imkanları təmin olunarsa, bu, gənc müəllimlər üçün daha perspektivli və əlverişli bir imkan olacaq. Amma əlbəttə ki, çatışmazlıqlar da mövcuddur. Hazırki təhsil sistemi ilə yeni modelin tətbiqi bir qədər çətin olacaq. Xüsusilə yuxarı sinif şagirdləri üçün problem yaşanacaq. Yuxarı siniflərdə ali məktəbə qəbul proqramına uyğun hazırlıqla orta ümumtəhsil məktəblərinin proqramını uyğunlaşdırmaq lazımdır. Əgər bunu edə bilsək, müəyyən qədər əlverişli nəticələr əldə etmək mümkün olacaq, lakin hazırda yuxarı siniflər üçün bu model perspektivli görünmür. Aşağı sinif şagirdləri üçün isə layihə müəyyən qədər köməkçi ola bilər. Dediyim kimi, əgər mövcud boşluqlar aradan qaldırılmasa, hər hansı bir modelin tətbiqi problem yaradacaq. Hazırda biz müşahidə edirik ki, yuxarı sinif şagirdləri orta ümumtəhsil məktəblərini tərk edib repetitor və hazırlıq kurslarına yönəlir, çünki orta məktəb proqramı ali məktəbə qəbul üçün lazımi bilikləri tam təmin etmir. Buna görə də yuxarı siniflər üçün proqram uyğunlaşdırılmalı, qəbul imtahanına düşən mövzuların əvvəldən hazırlanmış planı əsasında tədris aparılmalıdır. Bu proqram vasitəsilə tədris prosesi həyata keçirilərsə, layihənin faydası daha çox olacaq. Hazırda isə yuxarı sinif şagirdləri üçün model o qədər də perspektivli olmayacaq. Hətta bəzi müəllimlərin bu layihəyə qoşulması da müəyyən çətinliklər yarada bilər. Layihə çox gözəl bir layihədir, amma əvvəlki kurikulum sistemi kimi hazırlıqsız tətbiq edilsə, şagirdlər və müəllimlər ciddi problemlərlə üzləşəcəklər. Təhsil sistemində ciddi boşluqlar və problemlər formalaşmışdı. Yəni, bu layihə eyni şəkildə tətbiq olunsa, problemlər yaşanacaq. Amma sistem həqiqətən mükəmməl bir sistemdir və model çox gözəl bir modeldir. Ümid varam ki, bütün çatışmazlıqlar aradan qaldırılaraq, layihəni həyata keçirənlər bunları nəzərə alacaqlar. Bu problemlər, sıxıntılar həll edildikdən sonra layihə Azərbaycanda təhsilə böyük töhfə verəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az