- Müşahidə məntəqəsi
- 20:03
- 2 512
“Rəqəmsallaşma təhsil prosesini köklü şəkildə dəyişir” - Məzahir Məmmədli
“Yeni texnologiyaların və süni intellektin tədrisə tətbiqi həm müəllimlər, həm də şagirdlər üçün böyük üstünlüklər yaradır. Müəllimlər dərs prosesini daha səmərəli idarə edir, qiymətləndirmə və planlama işlərinin avtomatlaşması isə onların vaxtına qənaət edir. Rəqəmsal resurslar və interaktiv materiallar dərsləri daha maraqlı və anlaşılan edir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Xatırladaq ki, son illərdə Azərbaycan təhsil sistemi tədricən yeni inkişaf mərhələsinə daxil olub. Xarici ölkələrlə əməkdaşlıq, rəqəmsallaşma, süni intellekt və innovasiya sahələrinin tədrisə inteqrasiyası ölkədə təhsil və elm sahəsinin müasirləşməsini sürətləndirir. Xüsusilə azad olunmuş ərazilərdə, Qarabağ və digər regionlarda məktəb və universitetlərin bərpası yerli icmaların sosial və iqtisadi inkişafına töhfə verir. Dövlət-özəl tərəfdaşlıq modelləri, regionlarda innovasiya mərkəzlərinin yaradılması və gənclərin startap və elmi layihələrə cəlb olunması təhsilin gələcək istiqamətini müəyyən edir.
Ekspert bildirib ki, şagirdlər proqramlaşdırma, robototexnika və data analitikası kimi sahələrdə praktik bacarıqlar qazanır, fərdi öyrənmə imkanları genişlənir və yaradıcılıqları inkişaf edir.
"Gənclərin startap və innovasiya layihələrinə qoşulması onların gələcək karyerasına müsbət təsir göstərir. Belə layihələr vasitəsilə onlar real iş təcrübəsi əldə edir, komanda işi, layihə idarəçiliyi və sahibkarlıq bacarıqlarını inkişaf etdirirlər. Bu fəaliyyət həm də bölgələrdə yeni iş yerlərinin yaranmasına, iqtisadiyyatın inkişafına və texnoloji mədəniyyətin güclənməsinə səbəb olur. Nəticədə, həm şəxsi inkişaf, həm də sosial-iqtisadi tərəqqi baxımından əhəmiyyətli fayda təmin olunur".
Rəfiqə Namazəliyeva,
AzNews.az