- Müşahidə məntəqəsi
- 19:15
- 249
“Rəqəmsal mühit ailə və ənənəvi dəyərlərə təzyiq göstərir” - Hüseyn İbrahimov
"Bugün sosial media həyat tərzində bir çox göstəriciləri dəyişir və bu dəyişiklik davam etməkdədir. Xüsusilə bu, yeniyetmə və orta yaş nəsli nümayəndələrinə daha çox aiddir. Yeniyetmələrin faizi isə bu baxımdan daha yüksəkdir. Onların həyat tərzində yarana biləcək dəyişiklikləri sosial və psixoloji tərəflərini bir-birindən ayrı-ayrılıqda təhlil etmək bir qədər çətindir, çünki bu kimi təsirlər həm onların sosial həyat tərzinə, həm psixoloji əhval-ruhiyyəsinə, həm də dəyərlər orientasiyasına öz təsirlərini göstərir. Ancaq təəssüf ki, bu təsirlər demək olar ki, o qədər də pozitiv tendensiyalı dəyişikliklərə aparmır. Sosial medianın yeniyetmələrin həyatına yerinə yetirdiyi funksiyalar arasında birləşdirici təsirlər nadir hallarda müşahidə olunur. Əksinə, bəzi hallarda bu təsirlər dağıdıcıdır və demək olar ki, hər dəfə negativ tendensiyalar ətrafında formalaşır. Bəzən bu, populizmə çox meyilli olmağa, həmçinin stereotipləri və mənfi stereotipləri yeniyetmələr arasında gücləndirməyə səbəb olur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
Qeyd edək ki, rəqəmsal transformasiyanın sürətləndiyi bir dövrdə sosial şəbəkələr cəmiyyətin davranış modelini, ünsiyyət tərzini və dəyərlər sistemini görünməmiş dərəcədə dəyişdirib. Artıq insanların informasiya əldə etməsi, münasibət qurması, özünüifadəsi və gündəlik həyat ritmi böyük ölçüdə onlayn alqoritmlərin diktəsi ilə formalaşır. Xüsusilə gənclər arasında sosial mediaya bağlılıq yeni sosial normasiyaların yaranmasına, kimlik anlayışının yenidən qurulmasına və real həyat davranışlarının dəyişməsinə səbəb olur. Rəqəmsal mühit yalnız kommunikasiya platforması deyil, həm də emosiyaları yönləndirən, fikirləri formalaşdıran və cəmiyyətdə yeni təsir gücü yaradan sosial sistemə çevrilib. Bu proseslər cəmiyyətin gələcəyi, sosial psixologiya və yeni nəsillərin formalaşması baxımından bir çox suallar doğurur.
Sosioloq qeyd edib ki, sosial medianın çox geniş imkanları mövcuddur.
"Sosial medianın bu imkanları olmadan rəqəmsal intellekti də ailədə təsəvvür etmək olmaz. Sosial medianın və rəqəmsal inkişafının xüsusi bir tərəfi budur. Rəqəmsal intellektin inkişafının təbii ki, nəzarətdə saxlanmasının da öz mexanizmləri var. Eyni zamanda, sosial medianın yeniyetmələrin həyatına mənfi təsir edə biləcək aspektlərinin nəzarətdə saxlanması üçün mexanizmlər mövcuddur. Təbii ki, bu mexanizmlərin ayrılıqda işlənməsi və bu istiqamətdə maarifləndirmə işlərinin aparılması olduqca vacibdir. Hazırda bu təsirlər yeniyetmələrin həyatına sürətli informasiya axını şəraitində baş verir. Bu, bir çox baxımdan informasiya bolluğuna səbəb olur və nəticədə cəmiyyətin bəzi qrupları daha passiv və informasiya ilə həddən artıq yüklənmiş vəziyyətə düşür. Çox zaman belə qruplar ənənəvi dəyərləri, ailədə qorunan xüsusiyyətləri və cəmiyyətdə yaşadılan müsbət prinsipləri qorumaqda çətinlik çəkirlər. Bu, istər ailə dəyərlərində, istər cəmiyyətdə, istər şəxsi münasibətlərdə, istər demoqrafik səviyyədə, istər davranış etikasında öz təsirini göstərir. Bütün bunlarla bərabər düşünmək lazımdır ki, hansı istiqamətdə effektiv tədbirlər hazırlayaq ki, artan negativ tendensiyalardan qoruna bilək. Hesab edirəm ki, bu sahədə təhsil sistemində maarifləndirmə işlərini gücləndirmək olduqca vacibdir. Xüsusilə cəmiyyətin şüuruna sürətlə təsir göstərən sahələrdə, müasir musiqi, şou-biznes və sosial media kimi platformalarda maarifləndirmə işləri gücləndirilməlidir. Təsəvvür edin ki, bəzən bir alimin çıxışı cəmiyyətin maraqları və birliyi baxımından önəmli bir tezis ola bilər, amma onun auditoriyası yalnız 100 nəfərlə məhdudlaşır. Halbuki, bir məşhurun estetik əməliyyatla bağlı paylaşımını qısa zamanda yüz minlərlə insan izləyə bilər və onlardan on minlərlə nəfər şərh yazır. Bu isə göstərir ki, sosial medianın təsirlərində cəmiyyətin mədəni səviyyəsi, bilik və şüur səviyyəsi çox böyük rol oynayır. Bu baxımdan sosial medianın mənfi təsirlərinin idarə olunması üçün həm texnoloji, həm də mədəni mexanizmlərin gücləndirilməsi və maarifləndirmə işlərinin sistemli aparılması vacibdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az