““Uğurlu uşaq” trendi uşaqları kommersiya alətinə çevirir” - Naib Niftəliyev

“Valideynlər təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində övladlarının inkişafına xüsusi diqqət yetirirlər və bu baxımdan bəzi hallarda hər şeyin ifrat həddə çatması mübahisə və müzakirə mövzusu ola bilər. Yəni, valideynlər çalışırlar ki, övladlarının bilik və bacarıqları artsın. Xüsusilə Azərbaycan kimi cəmiyyətlərdə təhsilatlaşma prosesi həm iqtisadi, həm də sosial müstəvidə ciddi rəqabət yaratdığı üçün insanlar istəyirlər ki, övladları təhsilli olsun və cəmiyyətdə daha geniş, real və təminatlı mövqe tutsun. Bu, başa düşülən və qəbul edilən yanaşmadır. Bəzi valideynlərin övladlarının inkişafına “bilgi qoruması” kimi baxaraq onları müəyyən sahələrə yönləndirməsi, repetitor yanına aparması və müxtəlif kurslara cəlb etməsi də məhz gələcəklərini düşündükləri üçündür. Amma düşünmürəm ki, Azərbaycanda “mükəmməl uşaq böyütmək sindromu” adlandırıla biləcək geniş miqyaslı bir proses mövcuddur. Bu, daha çox müəyyən elita təbəqəsinə aid ola bilər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.

Xatırladaq ki, Azərbaycanda valideynlərin uşaqlarına qarşı yüksək gözləntiləri uzun illərdir ki, cəmiyyətin diqqət mərkəzindədir. Məktəb proqramının ağır yükü, əlavə dərs və repetitor saatları, yüksək bal toplamaq təzyiqi və sosial şəbəkələrdə yayılan “uğurlu uşaq” nümunələri bir araya gəldikdə, uşaqların üzləşdiyi təzyiq getdikcə artır. Bu sosial fenomen psixoloqlar arasında “mükəmməl uşaq böyütmək sindromu” kimi tanınır və yalnız təhsil uğurları ilə deyil, həm də uşağın psixoloji rifahı və sosial inkişafına ciddi təsir göstərir. Ekspertlər bildirir ki, valideynlərin uşaqların yalnız nəticəyə görə dəyərli olduqlarını düşündürməsi uzunmüddətli perspektivdə narahatlıq, emosional tükənmə və özünə inamsızlıq kimi hallara yol açır.

Sosioloq qeyd edib ki, əslində mükəmməlliyə və kamilliyə can atmaq mənfi hal deyil, bir şərtlə ki, bu proses qəbul olunmuş normalar və sağlam standartlar çərçivəsində həyata keçirilsin.

"Hər bir uşağın təhsili və biliyi ilə yanaşı, fiziki, emosional, sosial və psixoloji inkişafı da olduqca vacibdir. Uşaq ilk növbədə sağlam böyüməli, sağlam həyat fəaliyyətinə təşviq olunmalı və təhsil bu prosesdə yardımçı, tamamlayıcı bir vasitə kimi çıxış etməlidir. Mən düşünürəm ki, təhsil hədəf deyil, vasitədir. Biz bəzən hədəfi vasitəyə, vasitəni isə hədəfə çevirdiyimiz üçün cəmiyyətdə müəyyən yanlışlıqlar yaranır. Bu səbəbdən hesab edirəm ki, uşaqların tərbiyəsində müşahidə olunan mükəmməllik sindromu müəyyən qədər aktuallaşıb, amma psixososial müdaxilələr və emosional təhsilin optimallaşdırılması ilə bu prosesin qarşısını almaq mümkündür. "Mükəmməl uşaq böyütmək sindromu” adlanan meyl müəyyən valideynlərin öz daxilində yaşadığı tamamlanmamışlıq kompleksindən xəbər verə bilər. Bu, bütün valideynlərə aid edilməsə də, cəmiyyətdə yarışa, rəqabətə düşmək tendensiyası bəzən öz təsirini göstərir. Müasir dövrdə texnologiya, psixologiya və idarəetmə sahəsində yaranan yeni yanaşmalar, konsepsiyalar və metodikalar valideynlər üçün cəlbedici görünə bilər. Onlar düşünürlər ki, bu modelləri övladlarına tətbiq etməklə həm uşaqların, həm də özlərinin daha uğurlu gələcəyini təmin edə bilərlər. Valideynlərin övladlarından müəyyən gözləntiləri var və bu da normaldır. Konstitusional hüquqlar çərçivəsində valideyn-övlad münasibətlərində qarşılıqlı məsuliyyət anlayışı mövcuddur və bu, mənəvi-hüquqi borc kimi dəyərləndirilir. Lakin uşağı həddindən artıq yükləmək, ona nə oxumalı olduğunu məcburi şəkildə diktə etmək psixoloji təzyiq, yəni mobbing forması alır. Bu təzyiq həm müəllimin qarşılaşdığı çətinliklərdə, həm də uşaqlar arasında yaranan psixoloji ziddiyyətlərdə özünü göstərə bilər. Bəzən daha çalışqan uşaqların üzərinə əlavə yük qoyulur, tapşırıqların icrası onlara həvalə edilir və bu, neqativ davranış nümunələrinə gətirib çıxarır. Mükəmməllik sindromu böyüdükcə daha ciddi fəsadlar da yarana bilər. "Uğurlu uşaq” trendi sosial şəbəkələrdə uşaqların reklam edilməsi üzərində qurulan bir tendensiyadır. Kiçik yaşlı uşaqlar müxtəlif verilişlərdə, əyləncəli kontentdə, sosial platformalarda nümayiş olunur və valideynlər bunları geniş şəkildə paylaşaraq müəyyən maddi və mənəvi qazanc əldə etməyə çalışırlar. Sosial şəbəkələr populyar videolara görə müəyyən ödəniş etsə də, bu prosesdə əsasən valideynlər daha çox itirir, qazanan isə çox məhdud bir kəsim olur. Bunun şouya, trendlərə və kommersiya alətinə çevrilməsi isə xoşagələn hal deyil. Dövlət bu məsələləri nizamlamaq üçün müəyyən hüquqi və sosial mexanizmlər hazırlaya bilər. Beynəlxalq səviyyədə, o cümlədən BMT sənədlərində də müəyyən boşluqlar mövcuddur və buna görə də bu məsələlərin tənzimlənməsi dövlətlərin öz öhdəliyinə buraxılır. Uşaq hüquqlarının qorunması isə olduqca aktual mövzudur. Bu məsələlərin tənzimlənməsində dövlətin hüquqi, sosial və psixososial mexanizmləri işə düşməlidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də bu sahədə üzərinə mühüm vəzifələr düşür. Ekspertlərin cəlb edilməsi və müvafiq tədbirlərin keyfiyyətinin artırılması vacibdir. Uşaq psixoloqlarının fəaliyyətində də bu kimi faktorlara xüsusi diqqət yetirilməlidir. Sosioloqların rolu sosial konsepsiyaların və uşaq qanunvericiliyi ilə bağlı məsələlərin işlənməsi, onların sosial-hüquqi müstəvidə təqdim olunmasıdır. Bu, ümumilikdə komanda işi tələb edən bir prosesdir və multidisiplinar yanaşma ilə daha effektiv nəticələr əldə edilə bilər. Düşünürəm ki, bu sindrom adekvat sosial təsir mexanizmləri və psixi sağlamlığın stimullaşdırılması ilə aradan qaldırıla bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az