- Müşahidə məntəqəsi
- 20:00
- 1 859
“Sertifikasiya prosesi Azərbaycanda uğurla tətbiq olunur” - Məzahir Məmmədli
“Sertifikasiya prosesi əslində digər ölkələrin təcrübəsi ilə müqayisədə Azərbaycanda ilkin olaraq daha yumşaq formada başlandı. Amma buna baxmayaraq, proses ümumilikdə cəmiyyət tərəfindən müsbət qarşılandı. Çünki çoxları düşünürdü ki, bu addım gələcək illərdə öz faydasını verəcək, əməkhaqlarının artmasına, müəllimlərin savad səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Tədricən müəllimlərin özləri də bu prosesə uyğunlaşdılar və gördülər ki, əslində burada mənfi bir məqam yoxdur. Sertifikasiya keçirilir, 31 baldan yuxarı nəticə göstərən müəllimlərin əməkhaqqına 10 faiz, 51 baldan yuxarı nəticə göstərənlərin əməkhaqqına isə 35 faiz əlavə olunur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Xatırladaq ki, sertifikasiya prosesinin nəticələri müəllimlərin peşəkar hazırlığının obyektiv şəkildə qiymətləndirilməsi baxımından artıq əsas mexanizmlərdən birinə çevrilib. Son aylarda xüsusilə diqqət çəkən məqamlardan biri 60 yaşdan yuxarı müəllimlərin sertifikasiya imtahanlarında könüllü şəkildə iştirak etməsi və bir çoxunun yüksək bal toplaması fonunda bu sahədə yeni hüquqi və inzibati tənzimləmələrə ehtiyacın yaranmasıdır. Hazırda müzakirə olunan əsas istiqamətlərdən biri həmin pedaqoqların 65 yaşdan sonra əmək müqaviləsinin müəyyən müddətə uzadılması imkanının nəzərdən keçirilməsidir. Bu yanaşma həm təhsil sisteminin mövcud kadr potensialının qorunması, həm də yaşlı müəllimlərin peşə fəaliyyətini davam etdirmək hüququnun təmin olunması baxımından aktuallıq qazanır.
Ekspert qeyd edib ki, bir neçə il keçdikdən sonra 60 yaşdan yuxarı müəllimlərin imtahana cəlb edilməsinə ehtiyac olmadığı barədə fikir formalaşdı.
"Çünki bilik və bacarıqları olsa da, texniki vasitələrdən istifadə, kompüterdə işləmək, mausdan istifadə kimi məsələlərdə çətinlik çəkə bilirdilər, bu isə onlarda stres və gərginlik yaradırdı. Bu səbəbdən qərara alındı ki, 60 yaşdan yuxarı müəllimlər sertifikasiyada könüllü şəkildə iştirak etsinlər. Kim özünü hazırlıqlı sayarsa, imtahana girsin; kim hazır olmadığını düşünürsə, tədrisini davam etdirsin. 65 yaşla bağlı məsələ isə əmək müqaviləsinə xitam verilməsi çərçivəsində ayrıca müzakirə doğurdu. Belə təkliflər vardı ki, Əməkdar müəllimlərə, “Tərəqqi” medalı və ya “Təhsildə fərqlənməyə görə” döş nişanı ilə təltif olunan müəllimlərə icra orqanları tərəfindən bir il əlavə işləmək üçün hüquq verilsin. Amma ötən ildən etibarən artıq daha ciddi qayda tətbiq edilib: 65 yaşdan yuxarı müəllimlər yalnız özlərini hazırlıqlı hesab edirlərsə imtahana girməli, nəticə göstərdikdən sonra əlavə bir il işləmək hüququ əldə etməlidirlər. Bu yaxınlarda Çin təcrübəsində belə bir nümunə oldu: təqaüddə olan müəllimlərdən ibarət təqribən 7000 nəfərə icazə verildi ki, çatışmayan bölgələrdə, xüsusilə ucqar kəndlərdə könüllü şəkildə yenidən dərs deməyə qayıtsınlar. Onlara bunun üçün xüsusi şərait yaradıldı. Hesab edirəm ki, Azərbaycanda da 65 yaşını keçmiş, amma hələ də özünü bu işdə faydalı və zəruri hesab edən müəllimlər üçün belə şərait yaradılmalıdır. Çünki bəzi bölgələrdə müəllim çatışmazlığı qalmaqdadır. Müəllimlər kifayət qədərdir, amma ucqar bölgələrə getmək və ya dərs yükü az olan fənlər üzrə işləmək istəyənlərin sayı azdır. Ola bilər ki, yaşı 65-dən yuxarı olan təcrübəli müəllimlər belə yerlərdə işləməyi arzulayacaqlar. Bu halda onlara imkan verilməlidir. Bu yanaşmadan yalnız fayda qazanmaq mümkündür. Fənlər üzrə müəllim çatışmayan bölgələrdə yaşlı və təcrübəli müəllimlərdən ciddi şəkildə istifadə edilməsi tamamilə mümkündür və məqsədəuyğundur".
Rəfiqə Namazəliyeva,
AzNews.az