“Mövqeyimizdən geri çəkildik, çünki...” - Akademik

“Azərbaycan cəmiyyəti buna hazır deyil”.

"İki "y" ilə yazılan sözlərin bir "y" ilə yazılması elmi cəhətdən doğrudur, amma Azərbaycan cəmiyyəti buna hazır deyil, zamana ehtiyac var.

Bu səbəbdən biz mövqeyimizdən geri çəkildik".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan dilinin orfoqrafiya qaydaları ilə bağlı layihədən iki "y" ilə yazılan sözlərin bir "y" ilə yazılmasını nəzərdə tutan maddənin çıxarılmasına münasibət bildirərkən deyib.

Akademikin sözlərinə görə, buna qarşı çıxan insanların özlərinin müəyyən şəxsi maraqları olub:REKLAM

"Ərəb dili aşiqləri, alınma sözlərin aşiqləri, yaxud da bundan istifadə edib mühiti bulandırmaq istəyənlər "dil əldən getdi" deyə müsibət qoparmışdılar. Mən fikirləşdim ki, dilimizdəki bəzi sözlərdə 2 "y" qalsa, dilimiz böyük şey itirmir. Amma Azərbaycan ziyalılarını iki yerə parçalamaq, çaşqınlıq yaratmaq doğru hal deyil. Əgər biz geri çəkilməsəydik, bu adamlar sabitlik pozmaq baxımdan çox sərt və radikal addım atmağa hazır idilər. Yeni orfoqrafiya qaydaları hazırlanarkən bəziləri deyirdilər ki, qoymayın, ərəb sözünü dəyişib azərbaycanca yazsaq, dilimiz əldən gedəcək. Sözlər iki "y" ilə deyildikdə ərəbcə səslənir, bir "y" ilə yazılanda azərbaycanca səslənir. Biz Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparırıq".

İ.Həbibbəyli bəzi şəxslərin "apostrof"un yenidən Azərbaycan dilinə qaytarılmasının tərəfdarı olduğunu da söyləyib:

"Neçə illərdir ki, "apostrof" dilimizdən götürülüb. "Apostrof" Azərbaycan dilinə ərəb dilindən gəlmədir, o, düzgün olaraq, dilimizdən götürülüb. Apostrof götürüldüyü halda, vaxtilə bu işarə ilə yazılan sözlərin yenə də "apostrof"lu söz kimi sətirdən-sətrə keçməsini istəmirdik. Amma ərəb dili aşiqləri deyirlər ki, "apostrof" səhv olaraq ləğv edilib. "Apostrof"u geri qaytarmaq lazımdır. İndi görürəm ki, onların hamısı televizorda dilimizin saflığından danışırlar. O adamlar ki, ərəb , fars dillərinin tərəfdarıdırlar, bundan ötrü imza toplayırdılar, indi onlar ayrı söz danışırlar. "Apostrof"u qaytarmaq qətiyyən olmaz. Nazirlər Kabineti artıq bununla bağlı qərar verib."(trend.az)

AzNews.az