“Sevindirici haldır ki, rektorlar təhsilin inkişafına diqqət yetirirlər”

Yanvar ayından etibarən ali və orta-ixtisas məktəblərində semestr imtahanları başlayır.

Tələbələrin ən çox əziyyət çəkdiyi, şikayətləndiyi bu ayda imtahanlardan kəsilən də olur, son məqamda keçən də, əlaçı çıxan da… Xoşbəxtlikdən imtahanda topladığı baldan narazı qalan tələbələr öz şikayətləri barəsində imtahan dövründə fəaliyyət göstərən "İmtahan qərargahı” və Apellyasiya komissiyalarına şikayət ərizələri ilə müraciət edə bilirlər.

Qeyd edək ki, təhsil naziri Ceyhun Bayramov imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb. Əmrin imzalanmasında məqsəd ali və orta ixtisas təhsili müəssisələrində 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməkdir.

Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahının yaradılmasını və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etmələri tapşırılıb. Eyni zamanda, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol verən şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməlidir.

Universitetləri cəmiyyətin aparıcı qüvvəsi hesab edən "Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlünün sözlərinə görə, imtahanlarda şəffaflığın və obyektivliyin təmin olunması cəmiyyətdə müsbət imic formalaşdırır:

"İki Universitetdə İctimai Şuranın üzvüyəm. Hər il sessiya imtahanlarının başlanmsı və yekunu prosesini, gedişatını müşahidə etmək imkanlarımız olur. İzlədiyimiz qədəri ilə imtahan prosesinin kifayət qədər şəffaf keçirildiyini deyə bilərəm. Ümumilikdə imtahan prosesinə kənar müdaxilə yoxdur. Yəni imtahanda iştirak edən nəzarətçi və məsul şəxslər yalnız öz vəzifələrini yerinə yetirirlər.
Qiymətləndirmədən narazı qalan tələbələrin Apellyasiya Komissiyasına ərizə ilə müraciət etmələri üçün lazımi şərait yaradılıb. Mübahisə doğuran məsələlər komissiya tərəfindən araşdırılır, qiymətləndirmədə şəffaflıq və operativlik təmin edilir. Neqativ hallara qarşı universitetlər daxilində böyük işlər görülür”.

M.Mürşüdlünün sözlərinə görə, imtahan prosesinin izlənilməsi Bolonya sisteminin özünün mahiyyətində də var. Sevindirici haldır ki, rektorlar təhsilin inkişafına diqqət yetirirlər. Çalışırlar gənclərdə inam yaransın ki, onlar öz biliyinin qiymətini alsınlar:

"Ötən illərki imtahanlarla müqayisədə son illər mühit tamamilə yaxşıya doğru dəyişib. İmtahanların lazımi səviyyədə, şəffaf və obyektiv təşkil edilməsi üçün konkret addımlar atılıb. İmtahan sessiyalarının ictimaiyyətə açıq olması, KİV nümayəndələrinin iştirak etməsi onu deməyə əsas verir ki, bütün bunlar təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlib”.(sherg.az)

AzNews.az