Mənə təskinlik verən Mübarizə olan sevgidir. Mənə təskinlik verən Mübarizə olan sevgidir.

Bu, mənim qismətim, alın yazımdır - Mübariz İbrahimovun atası

Mənə təskinlik verən Mübarizə olan sevgidir.

Bu gün Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun ad günüdür.

Mübariz İbrahimovun atası Ağakərim İbrahimov AzNews.az-a açıqlamasında qeyd edib ki, oğlunun ad gününü bütün Azərbaycan xalqı qeyd edir:

“Mübariz mənim oğulluğumdan çıxıb. O, elin, bütün Azərbaycan xalqının övladıdır. Bu gün Azərbaycanda və kənarda yaşayan soydaşlarımız onun ad gününü qeyd edir. Bunlar vətən, torpaq sevgisindən irəli gəlir. Mübarizi sevməklə, yad etməklə vətənimizi, Azərbaycanımızı sevmiş oluruq. Mənə təskinlik verən Mübarizə olan sevgidir. Bir ata olaraq Mübarizi böyütmüşəm, əziyyətini çəkmişəm, imkanım çatan səviyyədə qayğısında durmuşam. Oğlum millətin, xalqın gələcəyi üçün öz şirin canından, həyatından keçib. Vətənpərlik hissi onun uşaqlıqdan canında olub”.

Ağakərim İbrahimov bildirib ki, elə bir gün olmayıb ki, evinə qonaq gəlməsin: “Hər gün evimə insanlar gəlir, mən onların qulluğundayam və Mübariz yad edilir. Bu evdə hər gün onun ad günü və xatirə günü qeyd olunur. Bu, mənim qismətim, alın yazımdır”.

Xatırladaq ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz ibrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub və ölümündən sonra Mübariz Ağakərim oğlu İbrahimov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması:

“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

Bahar RÜSTƏMLİ

AzNews.az

image description