Tədbirdə millət vəkilləri də iştirak edib Tədbirdə millət vəkilləri də iştirak edib

Ulu Öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirildi - BDU-da

Tədbirdə millət vəkilləri də iştirak edib

Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Bakı Dövlət Universitetində tədbir keçirilib.

AzNews.az xəbər verir ki, rektor Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsindən sonra ölkədə tənəzzülün qarşısının alındığını, ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində yeni inkişaf dövrünün başlandığını diqqətə çatdırıb.

O, respublikada aparılan ciddi islahatlar, həyata keçirilən silsilə tədbirlər nəticəsində ölkəmizin inkişaf sürətinə görə SSRİ-də ən qabaqcıl respublikaya çevrildiyini bildirib. Ulu Öndərin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinin 1969-cu ildə, 50 illik yubileyinin məhz özünün iştirakı ilə keçirilməsini hakimiyyətə gəldiyi ilk vaxtlardan etibarən elmə, təhsilə böyük əhəmiyyət verməsi, diqqət ayırması ilə əlaqələndirib. Rektor həmin dövrdə yüksəkixtisaslı kadrların yetişdirilməsi, bir çoxlarının ittifaq təhsil müəssisələrinə göndərilməsini gələcəyə hesablanmış addım kimi qiymətləndirib. Rektor E.Babayev görkəmli dövlət xadiminin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra əldə olunan nailiyyətlərdən danışaraq bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, respublikamızın həm də beynəlxalq aləmdəki mövqeyinin günü-gündən möhkəmləndiyini vurğulayıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti ilə təkcə böyük şəxsiyyət olduğunu nümayiş etdirməyib, həm də malik olduğu qətiyyət və siyasi iradə sayəsində mənsub olduğu xalq və qurduğu dövləti dünya miqyasında tanıda bilib. B.Muradova vurğulayıb ki, Ulu Öndər sovet dövründə Azərbaycanın birinci şəxsi olanda atdığı bəzi addımlarla məhdud çərçivədəki hüquqlardan maksimum yararlanmaq şansını əldən vermədi, hətta bu yöndə müəyyən dərəcədə uğurlar əldə etdi, Azərbaycan dilini dövlət dili kimi rəsmiləşdirdi. Ümummilli Liderin hakimiyyətə yenidən qayıdışından dərhal sonra qanunvericilik sahəsində islahatların aparıldığını, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edildiyini, ilk parlament seçkilərinin keçirildiyini, gənclər siyasəti, mədəniyyət, idmanın inkişafı sahəsində addımlar atıldığını diqqətə çatdıran Bahar Muradova Ulu Öndərin Azərbaycan xalqını ağır vəziyyətdən çıxararaq uğura qovuşdurması, müstəqilliyin dönməzliyinin, əbədiliyinin təmin olunması ilə yadda qaldığını bildirib.

Ulu Öndərə həsr olunmuş videofilmin nümayişindən sonra tədbir millət vəkilləri Musa Qasımlı, Elman Nəsirov, BDU-nun professoru İzzət Rüstəmov və Tarix fakültəsinin tələbəsi Əli Babazadənin çıxışları ilə yekunlaşıb.

Səidə Vahid

AzNews.az

image description image description image description image description image description image description image description image description