Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib - Qüdrət Həsənquliyev

“Naxçıvanın İran və Türkiyə kimi 80 milyon əhalisi olan dövlətlərlə sərhəd olmasının üstünlüklərindən istifadə olunmalıdır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibə verib.

AzNews.az həmin müsahibəni sizə təqdim edir:

- Qüdrət bəy, məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti sentyabrın 13-də Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Siz mütəmadi olaraq Naxçıvanın iqtisadiyyatının gücləndirilməsi barədə məsələ qaldırırsınız. Fərmana münasibətiniz necədir?

- Sözün doğrusu, çox sevindim. Ümid edirəm Şərurda sənaye məhəlləsinin yaradılması Naxçıvanın inkişafına öz töhfəsini verəcək. Prezident həmişə Naxçıvana xüsusi diqqət göstərib. Bölgənin blokada vəziyyətində olmasını nəzərə alıb büdcədən muxtar respubikaya həmişə daha çox vəsait ayırıb. Bununla yanaşı qeyd edim ki, bir müddət öncə yerli sakinlərin iş dalınca oranı tərk etməməsi və artan əhalini işlə təmin etmək üçün Naxçıvanın inkişafına dair xüsusi dövlət Proqramının qəbul olunması təşəbbüsü ilə çıxış etmişdim. Çox təəssüf ki, bu təşəbbüs yerli məmurlar tərəfindən o zaman təhqir və hiddətlə qarşılandı.

- Bu Fərman Naxşıvandan köçün qarşısını ala biləcəkmi? Bu günlərdə Naxçıvandan olan şagirdlərin Bakının orta məktəblərinə köçürülməsində problem yaranmışdı. Hansı ki, Sizin də müraciətinizdən sonra Təhsil Nazirliyi tərəfindən qısa bir müddətdə problem həll olundu və həmin şagirdlər Bakının orta ümumtəhsil məktəblərinə köçürüldü. Əks prosesin başlanması üçün daha nələr edilməlidir?

- Naxçıvanda kənd təsərrüfatına yararlı torpaq sahələri çox az olduğundan əhalini işlə təmin etmək üçün sənaye inkişaf etdirilməlidir. Bunun üçün investisiya mühiti yaxşılaşdırılmalı, Naxçıvanda çoxdan müzakirə olunan azad iqtisadi zonanın yaradılması barədə nəhayət ki, qərar qəbul olunmalıdır. Naxçıvanın İran və Türkiyə kimi 80 milyon əhalisi olan dövlətlərlə sərhəd olmasının üstünlüklərindən istifadə olunmalıdır. Azərbaycan iş adamlarının, xüsusilə Naxçıvandan çıxmış sahibkarların Şərur sənaye məhəlləsinə investisaya qoyması üçün onlar Naxçıvana dəvət olunmalı, hər biri ilə fərdi iş aparılmalıdır. İranla viza rejiminin aradan qaldırılması da Naxşıvanda turizmin inkişafına kömək etmiş olardı. Bunlarla yanaşı, regionlara vəsait yatıran sahibkarlar üçün əhəmiyyətli vergi güzəştləri nəzərdə tutulmalıdır. Sahibkarların ucuz kreditlərə çıxışını təmin etmək üçün Neft Fondunun vəsaitlərindən bir milyard manat gətirib Naxçıvandakı yerli banklarda yerləşdirilməlidir. Naxçıvanı avtomobil sənayesində böyük uğurlar qazanmış kompaniyalarla əlverişli müqavilələr imzalamaqla müasir elektrik avtomobilləri istehsal edən mərkəzə çevirmək və həmin elektromobilləri region dövlətlərinə də satmaq mümkündür. Yalnız bu cür kompleks tədbirlər görməklə iqtisadiyyatın inkişafında sürətli artıma nail olmaq olar. İqtisadiyyat inkişaf edərsə iş dalınca regionu tərk etmiş insanlar da geri qayıtmağa başlayacaqlar.