Professor Sabir Əliyev: Azərbaycançılıq ideologiyasını uca tutmalıyıq

ATU-da dosent Nadir Adilovla tələbələrin görüşü olub

Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Beynəlxalq Tələbə Günü” münasibətilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilovla tələbələrin səmimi görüşü keçirilib.

Görüşdə ATU-nun müalicə və tədris işləri üzrə prorektoru professor Sabir Əliyev gənclər üçün belə motivasiya tipli tədbirlərin keçirilməsinin vacibliyindən söz açıb.

O, gənc nəslin kitaba olan marağından danışıb: “Təəssüf ki, müasir dövrün gəncləri kitaba o qədər də həvəs göstərmirlər. Amma onları qınamaq da olmur, çünki indi zamanın tələbi başqadır. Bildiyiniz kimi, universitetin tədris sistemində köklü dəyişikliklər gedir, bunların nəticəsi olaraq, inanırıq ki, kitaba qayıdış olacaq. Çünki biz milli-mənəvi dəyərlərimizi daim qoruyub saxlamalıyıq. Azərbaycançılıq ideologiyasını uca tutmalıyıq”. Professor S. Əliyev tələbələrə dəsrlərində uğurlar arzulayıb və belə görüşlərin davamlı olmasını diləyib”.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilov görüşə görə ATU rəhbərliyinə, ATU TGT-nin sədri Rauf Vəliyevə təşəkkür edib. O, ilk dəfədir Tibb Universitetində olduğunu bildirib: “Tibb sahəsi üzrə təhsil alan tələbələrlə görüşmək mənə maraqlıdır. Sizinlə təmasda olmaqdan şad oldum. İnanıram ki, bu görüşdən həm mən, həm də tələbələr nəsə əldə edəcəklər”.

N. Adilov müəllifi olduğu kitablar barədə də məlumat verib. Yaradıcılığında əsasən nələrə önəm verdiyi barədə danışıb. Eləcə də, tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Nadir Adilov "Gəncsən? Başla!" və "Məqsədlisən?" adlı işgüzar və fərdi inkişaf kitablarının müəllifidir. Hər iki kitab tələbə gənclər arasında çox qısa bir zamanda populyarlıq qazanıb. Kitablarda gənclərin işgüzar inkişafına dəstək məqsədi ilə real və praktiki nümunələrə geniş yer verilib.

Görüş çərçivəsində tələbələr üçün maarifləndirici seminar və tədbirdə iştirak edən ilk 200 nəfərə müəllifin "Məqsədlisən?" adlı imzalı kitabı hədiyyə olunub.

AzNews.az

image description image description image description image description