Azərbaycanda kommersiya obyektlərinin sığortalanmasına nəzarət gücləndirilir

"Biz qayğısız qalmayacağıq" prinsipindən uzaqlaşmaq lazımdır

2020-ci ilin yanvar ayından qeyri-yaşayış obyektlərinin icbari sığortasına dair müqavilələrin bağlanıb-bağlanmamasına nəzarət tədbirləri gücləndiriləcək.

Bunun səbəbi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanununa ölkə Prezidenti tərəfindən 2019-cu ilin 30 may tarixində təsdiq edilmiş düzəlişlərə əsasən, Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğın Nəzarəti Xidmətinə yeni ildən yanğın təhlükəsizliyi ilə bağlı sahibkarların fəaliyyətini yoxlamaq səlahiyyətinin qaytarılmasıdır. Yanğın sığorta hadisələrinə aid edildiyindən sözügedən müqavilələrin bağlanmadığı halda, həmin daşınmaz əmlakların sahiblərinə qarşı müvafiq cərimələr tətbiq ediləcək.

"Biz qayğısız qalmayacağıq" prinsipindən uzaqlaşmaq lazımdır

Hal-hazırda dünyada baş verən təbii fəlakətləri nəzərə alaraq daşınmaz əmlakın sığortalanması məsələsinin aktuallığı artır.

Xatırladaq ki, 2010-cu ilin yazında Kür və Araz çaylarında sellərin əmələ gətirdiyi daşqınların nəticələrini aradan qaldırmaq üçün dövlət büdcəsindən 460 milyon manat, 2012-ci ilin may ayında Qax – Zaqatala bölgəsində baş vermiş güclü zəlzələnin nəticələrini isə aradan qaldırmaq üçün 420 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına zərərçəkən vətəndaşlara təzminatlar ödənilsə də, bunların məbləği çəkilmiş maddi ziyanı tam ödəməyib. Belə ki, mövcud qaydaya görə təbii fəlakətin baş verdiyi təqdirdə dövlətin göstərdiyi maddi yardım çəkilmiş maddi ziyanın 20 faizinə qədər olmalıdır. Bu da sığortalanmanın üstünlüklərini və zəruriliyini bir daha ortaya qoyur.

Azərbaycanda icbari sığorta hələ 2011-ci ildən qüvvəyə minsə də, dövlət hələ də təbii fəlakətlərin və qəzaların yetirdiyi maddi ziyana görə təzminat ödəyir. Məsələn, bu il “Diqlas” ticarət mərkəzində baş verən yanğından sonra burada çalışan sahibkarların əmlakı sığortalanmadığı üçün çəkdikləri maddi ziyan dövlət tərəfindən ödənilib. Ticarət müəssisələrində əvvəllər da yanğın hadisələri olub, amma “Diqlas”dakı hadisədən sonra sahibkarlar arasında daşınmaz əmlakı sığortalamağa marağın bir qədər artdığı diqqət çəkdi. Buna baxmayaraq, “EuroHome”dakı son faciədən sonra yenə də alışdığımız mənzərənin şahidi olduq, yəni sahibkarların sığortalanmadığı üçün dəymiş ziyanı ticarət mərkəzinin rəhbərliyi tərəfindən ödəniləcəyi gözlənilir.

Lakin bu məsələdə dövlət tərəfindən kompensasiyanın ödənilməsini artıq gözləməyə dəyməz. Bundan belə dövlət ancaq müstəsna hallarda, əsasəndə aztəminatlı vətəndaşları dəstəkləyəcək. Belə ki, dekabrın 19-da ölkə Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə zamanı dövlət başçısı bildirib: “Ticarət obyektlərinin hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin. Yoxsa ki, yanğın baş verir, günahkar da özüdür, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nəsə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil. Düzdür, biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə kömək göstəririk. Amma altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir? Axı bu, ədalətsizdir. Dövlət kimə kömək etməlidir, ehtiyacı olana. Pulu olan adam özü kasıba kömək etməlidir. Mən bunu sahibkarlara dəfələrlə demişəm, onların sosial məsuliyyəti olmalıdır. Pul qazanırlar, dövlət şərait yaradıb, harada belə şərait var?

Qərb ölkələrinin təcrübəsi

İnkişaf etmiş ölkələrin əksəriyyətində istər qəzalar, istərsə də təbii fəlakətlər nəticəsində yaranan maddi zərər sığorta şirkətləri tərəfindən ödənilir. Dövlət isə bu məsələyə müstəsna hallarda qarışır. Məsələn, 2002-ci ildə Saksoniyada baş verən daşqın zamanı ziyan çəkən əmlakların çoxu sığortalanmış olsa da, sığorta hadisəsi qismində daşqın qeyd olunmadığı üzündən həmin əmlakların sahiblərinə dövlət yardım etmişdi. Eyni zamanda bunun məhz müstəsna hal olduğu və bir daha təkrarlanmayacağı, vətəndaşlara əmlaklarını daşqınlardan sığortalamaları bildirilmiş, təbii fəlakətlərdən sığortalanmağın əhəmiyyətinə dair maarifləndirmə tədbirləri keçirilmişdi.

İcbari sığorta vergi deyil

Kommersiya obyektlərinin sığortalanması ilə bağlı mövcud vəziyyət barədə “Report”a Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Azər Əliyev danışdı. Son vaxtlar baş verən hadisələr zamanı sahibkarların ciddi maddi ziyana uğradıqlarından sonra sahibkar mühitində daşınmaz əmlakı sığortalamaq istəyənlərin çoxaldığını bildirən qurum rəhbəri qeyd etdi: “Məncə, ölkədəki iri və orta sahibkarlıq subyektlərinin əmlakları 90 faizi artıq sığortalanıb. Məsələ bu deyil, məsələ sığortanın məbləğindədir. Həmin obyektlərin yarıdan çoxu heç də tam dəyərində sığortalanmayıb, bu, heç kimə sirr deyil. Bəs belə vəziyyət niyə yaranıb? Çünki obyekt sahibləri, adətən, həmin obyektin icbari sığortasını bir növ vergi kimi qəbul edir və mümkün qədər az sığorta haqqı ödəməyə çalışır. Yəni bunu riskləri idarəetmə vasitəsi olaraq qəbul etmirlər. Digər tərəfdən, nəzarət qurumu yalnız obyektin sığortalanmasına cavabdeh olduğu üçün çox dərinə getmir, əmlakın tam dəyərində, yoxsa qismən sığortalandığını aydınlaşdırmır. Sığorta hadisəsi baş verəndə də əmlak sahibi çəkdiyi zərərin cüzi hissəsini geri ala bilir”.

Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Azər Əliyev: "Sahibkarlar bilməlidi ki, sığorta maddi ziyanın bir hissəsini sığorta şirkəti üzərinə qoymaqla biznesini zərərdən qorumaq vasitəsidir"

Ayrı-ayrı ticarət müəssisələrində baş verən hadisələrin də söylədiyi fikirlərə qüvvət verdiyini qeyd edən Assosiasiya sədri qeyd edib: “Ona görə də əhaliyə əmlak və obyektləri tam dəyərində sığortalamağın vacibliyi, bu məsələdə xəsisliyin yersiz olduğu mütəmadi izah edilməlidir. Sahibkarları əmlaklarını sığortalamağa inandırmaq üçün sığortanın maddi ziyanın bir hissəsini sığorta şirkəti üzərinə qoymaqla biznesini zərərdən qorumaq vasitəsi olduğu başa salınmalıdır. Təəssüf ki, kommersiya obyektlərini sığortalamağa marağın artması baxımdan tarifləri azaltmaq səmərəli yol deyil. Belə ki, bizdə bu sığorta növünün qiyməti sığorta müqaviləsində təsbit edilən risklərlə müqayisə edilməz dərəcədə azdır”.

Qeyri-yaşayış əmlakı üzrə icbari sığorta müqavilələrinin olub-olmamasına nəzarətin bu gün yaşayış binalarına dair bu cür sənədlərlə müqayisədə daha səmərəli qurulduğunu qeyd edən Azər Əliyev birincilərə Fövqəladə Hallar Nazirliyinin nəzarət etdiyi, müvafiq şəkildə cərimələr tətbiq etdiyini xatırladıb. Bu cərimələr vəzifəli şəxslər üçün 80 manat, hüquqi şəxslər üçün isə 200 manatdır.

Sığortanın incəlikləri

“İcbari sığorta haqqında” qanuna əsasən, ölkədə istər əmlakın icbari sığortası olsun, istər əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası olsun – məcburidir. Buna baxmayaraq, İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədovun da qeyd etdiyi kimi insanlar öz risklərinə biganə yanaşırlar: "Biz buna “Diqlas” ticarət mərkəzindəki yanğın hadisə zamanı şahid olduq. Hadisədə meydana gələn itkinin önəmli bir hissəsi sahibkarlara məxsus olan mallarla əlaqədar idi. Bildiyimiz kimi malların sığortalanması icbari sığorta ilə əlaqədar olan qanunvericilikdə nəzərdə tutulmamışdır, burada mallar könüllü əmlak sığortası ilə təminat altına alınmalı idi. Təminat olmadığı üçün cənab Prezidentin qərarı ilə zərər büdcə vəsaitləri hesabına ödənilmiş oldu".

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov: "İnsanlar öz risklərinə biganə yanaşırlar"

Sığortalama mexanizmini əhaliyə lazımınca izah etməyin vacibliyini dilə gətirən ekspert bildirib: “Sığorta şirkətləri və vasitəçiləri tərəfindən xüsusilə könüllü növlərin potensial müştərilərə qarşılıqlı izah edilməsi lazımdır. Ehtiyacın doğru təsbit edilməsi və lazım olan məhsulun satışını həyata keçirmək lazımdır. Hansı müştərinin, hansı növ sığortaya ehtiyacının olduğunu sığorta agenti təsbit etməlidir və qarşı tərəfi buna inandırmalıdır. İçində 20-30 min manat dəyərində ərzaq malları olan bir mağazanın sahibkarı illik 100-150 manat sığorta haqqı ödəməklə özünü iqtisadi fəlakətdən qoruya bilər. İnanıram ki, sığorta vasitəçilərinin bunu fərdi qaydada sahibkarlara izah etmələri lazımdır.

Sığorta şirkətlərinin “mətbəx” hissəsi insanlara izah edilməlidir. Yəni insanlar 100 mln manatlıq ticarət obyektinin 10 mln manat kapitalı olan sığorta şirkəti tərəfindən sığortalamasını heyrətlə qarşılamamalıdırlar. Bunun cavabını sığorta şirkəti verməlidir ki, insanlar 100 mln manatlıq əmlakını 10 mln manatlıq şirkətə əmanət edə bilsinlər. Bu sualın cavabı peşəkarca izah edilməlidir. İnsanların beyinlərində gələcəklə əlaqədar qaranlıq məqamlar olmamalıdır ki, rahat bir şəkildə gələcəklərini sarsıda biləcək risklərini sığorta şirkətlərinə əmanət edə bilsinlər.

Fərdi şəxslər də əmlaklarını sığortalamağa maraq göstərmir. Belə ki, sığortalı olmalı 10 nəfərdən yalnız 1-nin sığortası var".

Əhali isə, öz növbəsində, sığorta müqaviləsini imzalayarkən şərtlərlə diqqətlə tanış olmağı tövsiyə olunur. Nəyin nədən sığortalandığını, sığorta hadisəsi baş verdikdə nə etmək lazım gəldiyini dəqiq bilmək vacibdir. Məsələn, yalnız yanğından sığortalanan obyekt üçün ildırım nəticəsində ziyana uğrayıbsa, təzminat alına bilməz. Həmçinin sığorta hadisəsi barədə sığorta şirkətinə vaxtında bildirilməli və FHN əməkdaşları dəvət olunmalıdır, əks halda, yenə də təzminat verilməyəcək. (Report)

AzNews.az