Müəllimlərin bu addımı qızlarda aşağı özgüvənə səbəb olur - Psixoloq

Məktəblərdə qız uşaqlarına qarşı olan ayrı-seçkiçilik ən çox danışılan məsələlərdən biridir. Normalda valideynlər qız uşaqlarına oğlanlardan daha çox məhdudiyyət qoyurlar. Təəssüf ki, məktəblərdə də bu cür hadisələr baş verir. Müəllimlərin qızlara bəzi məhdudiyyət qoymaları onların müəyyən azadlıqlarından məhrum olmasına səbəb olur.

Psixoloq Gülnar Orucova AzNews.az-a açıqlamasında bildirib ki, dinimizdə qızlara böyük dəyər verilir.

“Qız uşağının ataya-anaya böyük bir nemət olduğu göstərilir. Bəzi adət-ənənələrimiz var ki, qız uşaqları haqqında bu yazılmamış qanunu ortaya çıxarır. Oğlan uşaqlarına qızlardan daha üstünmüş kimi davranırlar. Bəzən ailələrdə oğlan uşaqlarının sözü daha keçərli olur. Oğlan uşaqlarına daha çox sərbəstlik verirlər”.

Psixoloq deyir ki, bir çox ailələr oğlan uşaqlarının həyatın bir çox sahəsində üstün olduğunu qəbul edirlər.Bu da dolayı yolla məktəblərə də təsir edir:

"Məktəblərdə də müəllimlər qızlarla oğlanlar arasında çox fərq qoyurlar. Onlar "O oğlandır, ona olar, sən qızsan ayıbdır, etmə” kimi fikirlər bildirir. Məktəblərdə müəllimlərin bu kimi ayrı-seçkilik etmələri qızlarda özgüvənlərinin aşağı düşməsinə səbəb olur. Əgər onlar bir şeyə müdaxilə etmək məcburiyyətində qalırlarsa, burada cinsi ayrı-seçkilik etmədən məsələnin həll yolunu tapmalıdır. Cəmiyyətdə qadınların etdiyi hər səhvə görə qınanması düzgün deyil. Bu yanaşma artıq məktəblərə gənc qızların həyatına da təsir etməyə başlayır. Baxça yaşından başlayan bu ayrı-seçkiliyə son qoymaq lazımdır”.

Ayan Rzayeva