Zaur Əhməd: “Hər zaman adımıza layiq işləməyə çalışmışıq"

İyunun 6-da "Unikal.az" saytının 13 yaşı tamam oldu. Bu münasibətlə saytın Baş redaktoru Zaur Əhmədlə əlaqə saxladıq və təəssüratlarını öyrəndik.

Baş redaktor təəssüratlarını bölüşərkən bildirdi ki, bütün dövrlərdə qarşıya qoyduqları məqsədlərə nail olmaq üçün çalışıblar. Bu məqsəd ölkənin vətəndaşlarını, oxucularını xəbərlə təmin etməkdən ibarətdir:

"Hər zaman adımıza layiq işləməyə, xəbərin hazırlanması, tapılması, mənbələrin formalaşmasında belə unikallığımızı qorumağa çalışmışıq. "Unikal.az" təkcə xəbər portalı olaraq deyil, həm də qəzet kimi fəaliyyət göstərib. Elektron media inkişaf etdikdən sonra eyni zamanda bu istiqamətdə də fəaliyyətimizi gücləndirdik. İndi jurnalistika ilə bizim ürəyimiz istəyən kimi fəaliyyət göstərmək bir qədər çətindir. Bəzən hansısa xəbəri tapmaq, onu araşdırmaq, tam məsələnin kökünə enmək çətin olur. Amma bütün bu çətinliklərə baxmayaraq biz həmişə çalışmışıq ki, oxucularımızı eksklüziv, maraqlı, unikal xəbərlərlə təmin edək. Buna nə qədər nail olduğumuzu isə daimi oxucularımızın davamlılığı, ardıcıllığı və artan xəttlə davam etməsi göstərir. Yəni buna müəyyən qədər nail olmuşuq. Təbii ki, hədəflərimiz daha böyükdür. Hazırda həm də həftədə bir dəfə qəzetimiz işıq üzü görür. Ölkədə kifayət qədər satışı təmin olunur. Əvvəlki dövrlərdən fərqli olaraq daha geniş auditoriyanı əks etdirmir, amma müxtəlif rayonlarda hələ də məhz qəzetdən oxumaq istəyirlər. Çünki burada analitik yazılar var, dünyada və ölkədə baş verən hadisələrin şərhi var".

Zaur Əhməd saytın sosial şəbəkə seqmentlərini də inkişaf etdirməyə çalışdıqlarını qeyd etdi və əlavə olaraq indi oxucuların daha çox sosial şəbəkələrdə olduğunu vurğuladı:

"Oxucularımızı itirməmək üçün o sahəni də inkişaf etdirmişik. “Youtube”, “Tiktok”, “Facebook” səhifələrimizdə də davamlı şəkildə xəbərlərimiz gedir. Yəni oxucu daha çox haradadırsa, biz də hələki, oraya yönəlməyə çalışırıq. Jurnalist kimi mənim də arzum və istəyim odur ki, qarşıdakı dövrdə biz oxucuların arxasınca düşməyək, oxucunu xəbərin arxasınca gətirə bilək. O zaman mənə elə gəlir ki, jurnalistika tam klassik mənada öz missiyasını yerinə yetirə bilmiş olacaq".

Baş redaktor sonda saytın gələcək fəaliyyəti ilə bağlı planlarından da danışdı:

"Hər günün, ayın, ilin öz planları var. Gündəlik fəaliyyətdə oxucuların hansı formada xəbər almaq istədiyini, hansısa sosial şəbəkələrdəki seqmentlərdən, rəylərdən bəzən qoyulan münasibət smayliklərindən oxucunun hansı xəbərin təqdim edilməsini arzuladığını görürük və ona uyğun fəaliyyət prinsiplərini qururuq. Hazırda və qarşıdakı dönəmdə multimedia sahəsini gücləndirmək və genişləndirmək istiqamətində müəyyən layihələrimiz var. Biz ənənəvi xəbərçiliklə məşğuluq. Ölkəmizin dünya və öz ictimaiyyətinə hesablanmış informasiya siyasəti var. Biz də fəaliyyətimizi bu siyasət çərçivəsində həyata keçirməyə çalışacağıq".

Rəşid Qarayev,

AzNews.az