- Göz önü
- 1 Avqust 2023 15:41
- 13 403
Həmin savadsız müəllimlər milli faciəmizi şərtləndirirdilər - Professor
Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov ana dilimizin bu günü haqqında AzNews.az-a açıqlama verib.
Professor qədim Azərbaycan dilinin yeni problemlərindən söz açıb. O bildirib ki, Azərbaycan dili qədim mənbələrdə tatar, tartar (tərtər) və türk dilləri altında nəzərdən keçirilib, hətta XVIII-XIX əsr Qərb türkoloqlarının bir çoxu türk dillərinin qrammatikasını tartar dili altında izah ediblər.
"Bunlardan Abel Remüza, Avqust Fayzmayer və digərlərini göstərmək olar. Dilimiz qədim olduğu qədər, xüsusən, qrammatik baxımdan zəngindir. Hətta Azərbaycan dilinin, ələlxüsus XVI-XVII əsrlərdə Səfəvilər dövləti başda olmaqla bütün Qafqazda, orta Şərqdə və digər coğrafiyalarda ümumünsiyyət vasitəsi olmasını tarixi mənbələr və o dövrdə yazılmış qrammatika əsərləri də təsdiq edir. Qədim dilin yeni problemlərinə gəlincə, bu problemlərin son onilliklərdə bir qismi həllini tapsa da, qarşıda görüləsi çox işlər var. Hamıya məlumdur ki, dilimiz tarixin ağır sınaqlarından keçmişdir, dəfələrlə əlifbası dəyişdirilmiş, sistemsizlik təhlükəsi ilə üz-üzə qalmışdır. Şükürlər olsun ki, o maneələrin çoxuna sinə gərə bilmişik”.
Professor qeyd edib ki, qloballaşan dünyada Azərbaycan dilinin saflığının qorunması və inkişafı istiqamətində dövlət başçısının kifayət qədər Fərman və Sərəncamları var.
“Hətta sırf bu işlərə nəzarətə edəcək müvafiq qurum yaradılıb. Amma rəsmi sənədlərdə göstərilənlərin necə yerinə yetirilməsi önəmlidir. Bir çox hallarda aidiyyəti şəxslər və qurumlar tərəfindən manipulyasiyalara və sui-istifadələrə yol verilir ki, bu da dilimizlə bağlı əlavə problemlər yaradır. Dilimizi sevməyə gəlincə, Abbas Səhhətin Vətən sevgisi haqqında dediyi bu misralar eynilə dil üçün də keçərlidir: “Vətəni sevməyən şəxs olmaz, Olsa da, ol şəxsdə vicdan olmaz!”. Ana dili sevgisində ilk sırada vicdan gəlir. Dil sevgisi həm də dilin saflığını, orijinallığını, rəngarəngliyini, şirinliyini, möhtəşəmliyini və gözəlliyini təqdim edə blən şair, yazıçı, aktyor, müğənni, natiq və dilinin dərinliklərinə bələd olan bütün dil daşıyıcılarının fəaliyyəti sayəsində gəlişir, əbədiləşir”, - deyə İ. Abbasov əlavə edib.
Professor yazılı və tələffüzdə olan problemlərdən də söz açıb.
“Yazıda, həm də danışıqda müəyyən problemlərlə qarşılaşmaq bütün dillərdə millətlərdə mövcuddur, amma problemlər ciddi, həm də kütləvi xarakter alırsa, bu haqda düşünmək lazımdır. Bir məqamda sizinlə razıyam ki, problemin kökünü məktəb təhsilində axtarmaq lazımdır. Bir az da dəqiq yanaşsaq, bu naqisliyin səbəbi həm də ali məktəbləri əhatə edir. Sovet dövründən təməli qoyulmuş rüşvətlə diplom almaq ənənəsindən yaxa qurtara bilməmişik. O zaman eşidirdik ki, məsələn, Azərbaycan Dövlət Universitetinin rüşvət tutumu ixtisaslara görə filan, Tibb İnstitutunku filan, APİ-ninki filan, APİ-nin Naxçıvan filialınkı filan, şərqşünaslıq filan, hüquq filan, terapevt filan, cərrah filan manatdır. O zaman nisbətən sərfəli qiymətə (məsələn, kəndli iki-üç parnik xiyar becərib satmaqla, yaxud 5-6 baş iribuynuzlu heyvan bəsləməklə buna nail olurdu) başa gələn ixtisaslardan biri də ibtidai metodika ilə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi idi. Diplom almış həmin savadsız müəllimlər beynimizə müdaxilə edərək milli faciəmizi şərtləndirirdilər”.
İ. Abbasov bu gün cəmiyyətdə rus və ingilis dillərindən çox istifadə edilməsinə də münasibət bildirib.
“Yaşımın böyük bir hissəsini paytaxtda yaşasam da, əcnəbi dillərdə ünsiyyətə ehtiyacım olmayıb. Çox ötəri olaraq, xüsusən tələbəlik illərində ölkəmizə gələn əcnəbilərlə ingilis, fransız, rus, ya da ərəbcə danışıb dil səviyyəmizi yoxlamaq istisna olmaqla. Bu, başadüşüləndir. Yəni dil öyrənmək məqsədilə istənilən dili təcrübə etmək başqa şeydir, öz ana dilinə kəm baxmaq bambaşqa şey. Ehtiyac olmadığı halda öz Vətənimdə öz həmvətənlərimə niyə əcnəbi dildə müraciət etməliyəm? Sayları bizim qədər olan (yəni tək şimali Azərbaycanı nəzərdə tuturam) çexlər öz dillərinə o qədər hörmət qoyurlar ki, hətta başqa ölkələrin ali məktəbləri çex dili üzrə ixtisaslar açırlar. Bu, milli xoşbəxtlikdir. İnanıram ki, bizə də o milli xoşbəxtlik tam nəsib olacaq”.
Ayan Rzayeva
QEYD: Məqalə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği sahəsi üzrə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
