Azərbaydan aktiv şəkildə beynəlxalq platformalarda bu məsələni qaldırmalıdır - Natiq Cəfərli

İrəvan mediasının yaydığı xəbərə görə, Ermənistan Qarabağ ərazisində yaradılmış sosial gərginliyin azaldılmasına yönəlmiş əlavə tədbir kimi 2023-cü il dövlət büdcəsinin sərbəst vəsaitləri hesabına "Artsax"a 4,0 milyard dram məbləğində dövlətlərarası kredit verməyi planlaşdırır.

Mövzu ilə bağlı AzNews.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Ermənistan büdcəsindən bu il də qondarma rejimə 298 milyon dollar vəsait ayrılmışdı.

"Təəssüf ki, Azərbaycanın texniki cəhətdən bu vəsaitin alınmasının qarşısını kəsməyinin hələ ki yolu yoxdur. Çünki qondarma rejimin bank sistemi Ermənistan bankları ilə inteqrasiya olunub. Pul köçürmələri Ermənistan SWIFT sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan tərəfi beynəlxalq qurumlarda və beynəlxalq təşkilatlarda əsasən də maliyyə qurumları və pul köçürmələrini həyata keçirən təşkilatlarda bununla bağlı məsələ qaldırılmalıdır ki, ərazisində qeyri-qanuni bank əməliyyatları həyata keçirilir. Amma bunun da alternativi olaraq Azərbaycan öz bank sisteminin Xankəndi və ətrafında inteqrasiya olunması üçün beynəlxalq qurumlar qarşısımnda tələb qoymalıdır. Bütün əməliyyatlar Azərbaycan bank sistemi və pul köçürmələri kodları vasitəsilə həyata keçirilsin".

Iqtisadçı onu da vurğulayıb ki, aktiv şəkildə beynəlxalq platformalarda bu məsələnin qaldırılması problemin həllində ciddi müsbət tendensiya yarada bilər.

Ayan Rzayeva