Abituriyent intiharları: Səbəb valideyn basqısıdır, yoxsa yüksək keçid balları?

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlanıb. Bəzi abituriyentlər ali təhsil müəssisələrinə qəbul ola bilməyiblər. Hər il bu səbəbdən təəssüf ki, abituriyentlər intihara cəhd göstərirlər edir. Bəzi valideynlər öz övladlarını qınayır, onlara uğursuz olduqlarını deyirlər. Bəziləri də uğursuzluğun səbəbini keçid ballarının yüksək olmasında görürlər. Bəs həqiqətən problem nədir?

Mövzu ilə bağlı AzNews.az-a açıqlama verən təhsil üzrə ekspert İlqar Orucov bildirib ki, ilk olaraq valideynlər bu mövzuda səbirli olmalıdırlar.

"Yəni bu gün bir abituriyent ali təhsil müəssisəsinə daxil ola bilmədisə, bu, onun həyatının artıq bitməsi anlamına gəlməməlidir. Düşünürəm ki, uğur qazana bilməyən abituriyentlərə əslində dəstək olmalıdırlar. Həqiqətən də bəzən bir uğursuzluq olur və bu kimi məqamlarda mütləq şəkildə xüsusilə valideynlər diqqətli olmalıdırlar".

Ekspert onu da bildirib ki, gənclərə təzyiqlərin olması nəticəsində onlar təsirlənərək bir çox hallarda özünə qəsd hallarına yol verirlər.

"Birmənalı olaraq valideynlər izah etməlidirlər ki, bu, hər şeyin sonu demək deyil. Onlar təbii ki, üzərində işləsələr, daha yaxşı uğurlar əldə edə biləcəklər".

Psixoloq Gülnar Orucova isə açıqlamasında bildirib ki, valideynlər elə bilir ki, onun övladı universitetə girməklə ən yüksək vəzifələri olacaq.

"Anlamırlar ki, bu sadəcə ali təhsildir. Sən özün özünü inkişaf etdirməlisən ki, bu bacarıqlara sahib olasan. Kifayət qədər insan var ki, həqiqətən təhsili yoxdur, amma uğurlu bir karyerası, biznesi var. Valideynlər övladlarına dəstək olmalıdır. Deməlidir ki, sən universitetə qəbul olsan da, olmasan da, mənim övladımsan. Sən mənim üçün dəyərlisən, uğurunu da, uğursuzluğunu da qəbul edirəm".

Psixoloq buna səbəbi həm də təhsil sistemində olan çatışmazlıqda görür.

"Bizim təhsil sistemimiz doğru düzgün çalışmır. Niyə məktəbin müəllimi məktəbdə dərsini keçməməlidir? Uşaqlar niyə repetitor yanına getməlidir? Yəni repetitor yanına gedən uşaqları müəllim sinifdə öyrətmir. Əlavə pul alıb repititor fəaliyyəti ilə məşğul olan müəllimlər orta məktəbdə çalışmamalıdır. Orta məktəbdə çalışırsa da, repititor fəaliyyəti ilə məşğul olmamalıdır. Məsələn, Türkiyədə repititorlar məktəbdə dərs tədrids edə bilməz. Mən abituriyentlərin intihar səbəbini təhsil sisteminin düzgün çalışmamasında görürəm. Çünki valideyn pul verir, pulun qarşılığını tələb edir. Övladı tələbi yerinə yetirə bilməyəndə o zaman intihar halı baş verir".

G. Orucova onu da bildirib ki, valideynlər hər nə olur olsun övladlarının yanında olmağı bilməlidirlər

"Hər zaman övladınızın yanında olmalı, ona dəstək verməlisiniz. Ali təhsil almaq üçün övladınızı məcbur etməli deyilsiniz. Övladınızı motivasiya etməlisiniz ki, sən bunu əldə edə bilərsən. Bu, sənin üçün bir çıxış yoludur. Bir uğurdur. Əldə etməsən belə, yenə mən sənin yanındayam".

Ayan Rzayeva

QEYD: Məqalə uşaq və gənclərin fiziki və mənəvi inkişafı sahəsi üzrə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi maliyyə dəstəyi ilə hazırlanmışdır.