Orxan Bağırov: COP29-un Azərbaycanda keçirilməsi dəqiq və düşünülmüş diplomatik addımların nəticəsidir

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi atılan dəqiq və düşünülmüş diplomatik addımların nəticəsidir.

Bunu APA-ya açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) baş elmi işçisi Orxan Bağırov bildirib.

Orxan Bağırov deyib ki, 2023-cü ilin dekabrın 11-də keçirilmiş COP28-in plenar iclasında COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar verilib: “Tərəfdaşlarla qurulmuş sağlam diplomatik münasibətlər, dünya ictimaiyyətində Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması və əldə etdiyi yüksək nüfuz bu tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı böyük dəstəyin əldə edilməsinə imkan verib. Azərbaycanda COP29 tədbirinin keçirilməsi və dünya ölkələrinin bunu dəstəkləməsi həm də onu göstərir ki, Azərbaycan artıq iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışları dəstəkləyən və buna töhfə verən dövlət kimi tanınır və qəbul edilir. Bu onun nəticəsidir ki, Azərbaycan uzun illərdir iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində qlobal arenda fəal iştirak edir. Belə ki, Azərbaycan 1995-i ildə BMT-nin “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nı, daha sonra bu Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb və COP tədbirlərində fəal iştirak edir. Azərbaycan bu istiqamətdə öz fəaliyyətini qlobal çağırışlara adekvat şəkildə qurur və neft istehsalı sahəsində sıfır emissiyasız fəaliyyəti əsas məqsədlərdən biri kimi müəyyən edib. Ona görə də COP29 tədbirinin Azərbaycanda keçirilməsi iqlim dəyişiklikləri ilə bağlı qarşıya qoyulan məqsədlərə nail olunması istiqamətində mühüm irəliləyişdir və Azərbaycanın bu sahədə qlobal səviyyədə daha da tanınmasına şərait yaradacaq”.

O qeyd edib ki, hazırda dünyada bir trendə və zərurətə çevrilən iqlim dəyişiklikləri ilə mübarizə, bərpaolunan enerji mənbələrinin inkişafı və yaşıl enerjiyə keçid kimi məsələlər qarşıdan gələn on illiklərdə beynəlxalq münasibətlər sistemini formalaşdıran əsas istiqamətlərdən biri olacaq: “Azərbaycan isə bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerjiyə keçidlə bağlı həyata keçirdiyi layihələr və COP29 tədbirinə ev sahibliyi etməklə artıq bu prosesin önündə gedən ölkə kimi özünü tanıdaraq gələcəkdə bu istiqamətdə beynəlxalq aləmdə əldə ediləcək uğurların əsas iştirakçılarından birinə çevriləcək. Bu isə Azərbaycana uzaqgörən, qlobal səviyyədə mövqeyini möhkəmləndirəcək xarici siyasətini davam etdirməyə imkan yaradacaq”.

Orxan Bağırov vurğulayıb ki, bundan əvvəl, Azərbaycanın Qoşulmama Hərəkatına başçılıq etməsi və onun rəhbər kimi səlahiyyətlərinin hərəkata üzv dövlətlər tərəfindən uzadılması Azərbaycanın qlobal səviyyədə liderlik qabiliyyətinin nə dərəcədə yüksək olduğunun göstəricisidir: “Buna görə də COP29-un Azərbaycanda keçirilməsinə yekdilliklə razılıq verilməsi də üzvlərin Azərbaycanı qlobal təşəbbüslərə liderlik edə biləcək ölkə kimi tanımalarından irəli gəlir. Yəni artıq Azərbaycan qlobal səviyyədə öz sözünü demiş ölkədir, COP29-a ev sahibliyi etməsi isə onun bu mövqeyini daha da möhkəmləndirəcək. Azərbaycanın uzun illər nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar indi öz töhfəsini verdiyi kimi bərpaolunan olunan enerji sahəsində yatırdığı investisiyalar da qarşıdan gələn illərdə öz töhfəsini verəcək və Azərbaycanın yeni qlobal mühitə inteqrasiyasını asanlaşdıracaq. Xüsusilə də azad edilmiş ərazilər bu baxımdan geniş imkanlar açacaq. Ona görə də ölkəmizin qlobal trendlərə uyğun həyata keçirdiyi siyasəti və investisiya yatırdığı sahələr strateji əhəmiyyət daşıyır, Azərbaycanın regional və qlobal səviyyədə öz mövqelərinin möhkəmləndirməyə imkan yaradır. COP29-un Azərbaycanda keçirilməsi də bu prosesə ciddi töhfə verəcək”.