Xalq artisti: “İnanırıq ki, yeni parlamentin prioritetlərindən biri də istedadlı gənclərin dəstəklənməsi olacaq”

“Parlament seçkiləri ölkənin bütün həyatında hiss olunan hadisədir. Vətənimizin dirçəlişini simvolizə edən, mədəni və yaradıcı inkişaf üçün yeni üfüqlər açan bu seçkilər işğaldan azad edilmiş ərazilərdə də keçiriləcək. İnsanların Qarabağa qayıtması təkcə dağılmış evlərin bərpası deyil, milli mədəniyyətin, adət-ənənələrin, incəsənətin dirçəldilməsidir”.

Bunu “Seçki 2024”Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycan Respublikasının Xalq artisti Kamilla Hüseynova deyib.

Onun sözlərinə görə, hər kəs, o cümlədən mədəniyyət və incəsənət xadimləri üçün bu tarixi məqam özünüifadə baxımından mühüm fürsətdir: “İstedadlıların, yaradıcı şəxslərin dəstəklənməsi yeni parlamentin prioritetlərindən biri olmalıdır. Yalnız incəsənətin inkişafı ilə biz milli irsimizi qoruyub saxlaya və gələcək nəsillərə ötürə bilərik. Əminəm ki, mədəniyyət sahəsinin təmsilçiləri də bu seçkilərdə seçimlər edərək, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edəcəklər”.