QHT nümayəndəsi: “Seçkilərlə bağlı rəqabətyönlü mühit görürük”

“Fevralda keçirilən Prezident seçkiləri və sentyabrda keçiriləcək parlament seçkiləri əvvəlki seçkilərdən fərqlənir. İşğaldan azad edilmiş torpaqlarda seçkilər üçün artıq hər cür şərait yaradılıb”.

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Gənclərin Töhfəsi” İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynova bildirib.

O qeyd edib ki, ikinci Qarabağ müharibəsi nəticəsində qalib gəlmiş Azərbaycan öz ərazi bütövlüyünə nail olmaqla 30 illik problemi kökündən həll edib: “İndi yendənqurma və qayıdış dövrüdür. Soydaşlarımızın bir qismi artıq məskunlaşıb. İndi onlar səsverməyə hazırlaşır. Bunun özü onlar üçün bir ilkdir.

Seçkilərin demokratik dəyərlərə uyğun təşkil olunacağına inanırıq. Namizədlərin də aktivliyi və çoxluğu rəqabət mühitinin olduğunu deməyə əsas verir”.