- Göz önü
- 17:23
- 1 128
Tarixi yanlışlıq: Əbu Müslüm məscidi harada və nə zaman inşa edilib?

Xəbər verdiyimiz kimi, Quba rayonunun Qrız kəndində yerləşən Əbu Müslüm məscidi baxımsızlıq ucbatından dağılıb.
Aznews.az xəbər verir ki, Bakıvaxtı.az-ın araşdırmasına görə, adıçəkilən məscidin yerləşdiyi ərazi və tarixi haqqında məlumatlar dövlət reyestrində yanlış göstərilib.
Elnur Nəciyev, tarixçi alim
Bunu tarixçi alim Elnur Nəciyev də saytımıza təsdiqləyib. Onun sözlərinə görə, məscid VIII əsrdə inşa edilsə də, reyestrdə XIX əsr kimi qeyd olunub:
“Əbu Müslüm məscidi (4664 inventar nömrəli) Qubanın Qrız kəndində yerləşir, amma reyestrdə Qıpıt kəndi göstərilir. Qubada “Qıpıt” adlı kənd yoxdur. Qrızı yerli əhali “Qrits” adlandırır. Diqqət etsəniz, görəcəksiniz ki, Baba dilim baba türbəsinin (4663 inventar nömrəli) yerləşdiyi ünvan da səhv göstərilib, “Haput kəndi” əvəzinə “Qıpıt kəndi” yazılıb”.
Fariz Hüseynli, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi
Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, Qrız kəndindəki məscid yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət reyestrində yer alır.
Onun sözlərinə görə, sözügedən abidənin inşa tarixi 2001-ci ildə təsdiq olunmuş reyestrdə, mütəxəssislərin verdiyi rəy əsasında XIX əsr olaraq qeyd olunub. Bu sahədə üstün hüquqi sənəd həmin qərar olduğu üçün orada verilmiş tarixi məlumatlar əsas götürülür.
F.Hüseynli qeyd edib ki, həmin reyestrdə bir sıra abidələrin tarixi, ünvanları ilə bağlı yanlışlıqlar mövcuddur. Qeyd olunan siyahının yenilənməsi üçün artıq Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası yaradılıb. Tarix və mədəniyyət abidələrinin siyahısı yenilənən zaman adları, ünvanları, eləcə də tarixləri düzgün göstərilməyən abidələr barədə məlumatlara düzəlişlər ediləcəkdir.
"Qrız kəndində yerləşən məscidin inşa tarixinə gəlincə isə tikilinin memarlıq üslubu, həcmi, strukturu, inşaat materiallarından istifadə texnikası onun XIX əsrdə inşa edildiyini təsdiqləyir. Həmin məscidin iddia edilən tarixdə inşası ilə bağlı müvafiq elmi məlumatlar (arxiv sənədləri, elmi araşdırmalar) Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə təqdim olunacağı təqdirdə məsələyə baxılacaqdır",- deyə Fariz Hüseynli vurğulayıb.