Yeni nazir kollektivə təqdim edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə Muxtar Respublikanın iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilmiş Kazım Hüseynəliyev mayın 8-də nazirliyin kollektivinə təqdim olunub.

Kazım Hüseynəliyevi kollektivə təqdim edən Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatları, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının davamlı inkişafına göstərilən diqqəti qeyd edib.

Təqdimetmə mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov və Muxtar Respublikada Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Naxçıvanın iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilməsi münasibətilə Kazım Hüseynəliyevi təbrik edib, ona fəaliyyətində uğurlar arzu ediblər.

Nazirliyin Aparatının və tabe qurumların rəhbərliyinin və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən Kazım Hüseynəliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini qeyd edib.