- Göz önü
- 29 Sentyabr 20:37
- 2 704
NDU İlber Ortaylını niyə təəccübləndirdi? - RƏY

"Bu gün Türkiyənin məşhur tarixçisi, çox hörmətli İlbər Ortaylının Naxçıvan səfəri və Naxçıvan Dövlət Universiteti ilə bağlı təəssüratlarını oxudum. Bildirdiyinə görə, Naxçıvana yerli universitetin rektoru Elbrus İsayev və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili- Ombudsman Səbinə Əliyeva tərəfindən dəvət olunub. Olduqca gözəl təşəbbüsdür! Ölkəmizdə gördüyü qonaqpərvərlikdən də doğan müsbət rəyləri, əlbəttə, xoşuma gəldi".
Bu barədə "Pragma" İctimai Birliyinin sədri Taleh Şahsuvarlı öz Facebook səhifəsində yazıb. İB sədri bildirib:
"İlk baxışdan bunlar təzadlı görsənə bilər. NDU hara, dünya çaplı bir alim olan İlber Ortaylının ağızdolusu danışması hara? Paytaxtdakı universitetlərimiz dünya reytinqlərinə güclə düşə bildikləri halda, bu nə öygü? Səbəbini deyim. Təxminən 3 il öncə Türkiyədə Cübbəli Hoca moizə oxuyurdu. Deyirdi ki, o dünyada sizdən "Big bang" deyil, namaz qılıb-qılmadığınızı soruşacaqlar. Sonra da öz qafasına uyğun olaraq astrofiziki tədqiqatları mənasız adlandırır, "bu araşdırmalara gərək yoxdur, siz ibadət edin" deyə cəmiyyətə səslənirdi. Videosu "Youtube"-də var, tapıb baxa bilərsiniz. Bu gün Türkiyənin əksər universitetləri genişləndirilmiş imam xətib liseyləridir. Avropaya gəlincə, Avropada, eləcə də post-sovet məkanında köklü universitetlər çoxdur. Ancaq bizim dövlət xətti ilə getməyən tələbələr daha çox oraların sırf post-sovet məkanından gələn əcnəbilərdən pul qoparmaq üçün qurulmuş "universitetlər"ə üz tuturlar. Odur ki, istər-inanın, istər inanmayın, Azərbaycanda Naxçıvan, Mingəçevir, Lənkəran, Gəncə kimi əyalət universitetlərində belə sözügedən qəbildən olanlardan qat-qat üstün elm və təhsil mühiti var. Odur ki, gənclərimizin önünü açmaq, DİM-in yaratdığı süni əngəllərə son qoymaq lazımdır. Qoy gənclərimiz Türkiyənin, post-sovet ölkələrinin, Şərqi Avropanın danqalaq universitetlərində diplom dalınca sürünməkdəndirsə, öz ölkəmizdə qalıb təhsil alsınlar. Bu səbəbdən də düşünürəm ki, strategiyamız tələbə köçünün qarşısını almaq və universietlərimizi inkişaf etdirmək istiqamətində qurulmalıdır".
AzNews.az