Azadlığa buraxılan Fədayə Laçın daha nələr danışdı? Azadlığa buraxılan Fədayə Laçın daha nələr danışdı?

Fədayə “Sevdiyiniz insanın məzarını ziyarət edəcəksinizmi?” sualına niyə cavab vermədi

Azadlığa buraxılan Fədayə Laçın daha nələr danışdı?

Oktyabrın 29-da səhər saatlarında iki il həbsxana həyatı yaşayan müğənni Fədayə Laçın nəhayət ki, azadlığa qovuşdu. Lakin çox maraqlıdır ki, ictimaiyyətin və medianın diqqət mərkəzində olan müğənni Bakı İstintaq Təcridxanası tərəfindən məxfi şəkildə, mediadan gizli azadlığa buraxıldı.

Jurnalistlər səhər saat 08:00 radələrindən təcridxananın önündə gözləsələr də, sonradan məlum oldu ki, müğənni bir neçə saat əvvəl hansısa avtomobillə anasının yaşadığı Buzovna qəsəbəsinə üz tutub. Həmin vaxt müğənninin vəkili Nurəngiz Qarayeva və bacısı İlahə Fəda jurnalistlərə danışaraq, yayılan bu informasiyanın yalan olduğunu, onun hələ də təcridxanada olduğunu, birlikdə qarşılamaq üçün yola çıxdıqlarını bildirdilər. Lakin az sonra müğənninin artıq anasının evində olduğu dəqiqləşdi.

Təcridxananın önündə gözləyən jurnalistlər bu xəbəri alan kimi həmin ünvana yollandı.

Müğənni və bacısı jurnalistlərin önünə çıxaraq, açıqlamalar verdilər.

Bacısı İlahə Fəda qeyd edib: “Bacım səhər saatlarında azadlığa buraxılıb. Onun bu cür tez çıxacağını gözləmirdik. Fədayə evə taksi ilə gəlib. Yaxın günlərdə bacım həbsdən azad olunması ilə bağlı mətbuat konfransı keçirəcək. Bütün suallarınıza orada cavab veriləcək”.

Azadlıqda ilk açıqlamalarını verən müğənni isə çox xoşbəxt olduğunu deyib: “Çox xoşbəxtəm. Bunu hisslərlə ifadə etmək mümkün deyil. Bu günümə şükürlər olsun. Təəssüf ki, başıma belə bir xoşagəlməz hadisə gəldi. Bilirəm ki, buna görə məni sevənlər çox üzüldü. Onları məyus etdiyim üçün üzr istəyirəm. Söz verirəm ki, bir daha onları üzməyəcəyəm”.

Müğənni təcridxanadan gizlin şəkildə azadlığa buraxılmasından da söz açıb: “Mənim çıxmağım əslində belə olmamalı idi. Düşünürdüm ki, saat 12:00 radələrində buraxılaram. Amma səhər tezdən dedilər ki, hazırlaş, çıxırsan. Azadlığa çıxacağam deyə iki gecə yatmamışdım. Bu gecə yuxusuz idim deyə yatdım, o da səhər tezdən oyatdılar. Çıxıb, taksiyə oturub, gəldim, qarşılayan da olmadı. Necə xəbərsiz getmişdim, o cür də xəbərsiz gəldim”.

Müğənni səhhəti ilə bağlı yayılan xəbərləri təkzib edib:

“Yalan söhbətlər idi ki, səhhətimdə problemlər yaranıb, xəstəyəm. Amma bu iki ildə heç qrip də olmadım”.

Fədayə Laçın azadlığa buraxılması ilə bağlı mətbuat konfransı keçirəcəyini və yenidən səhnəyə geri dönəcəyini də bildirib: “Daha çox ailəmin, əzizlərimin, dostlarımın həsrətini çəkirdim. Bir də göydəki aya həsrət qalmışdım. Artıq yalnız sənətimlə məşğul olacağam. İki ildir ki, içəridəyəm, oxumaq üçün ölürəm, başqa əlimdən heç nə gəlmir ki. Hətta artıq toy dəvətləri də almışam”.

Müğənni heç nəyə təəssüflənmədiyini deyib:

“Bütün nə varsa Allahdan gəlir. Ondan gələn bəla da, xoşbəxtilik də xoşdur”.

“Peşmansınızmı” sualına isə müğənni bu cür cavab verib:

“Bu suala məhkəmədə artıq cavab vermişəm. Ona görə bir daha cavab vermək istəmirəm”.

Fədayə Laçın ona dəstək olan bütün həmkarlarına və media nümayəndələrinə təşəkkür edib: “Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Ailəmə istər maddi, istər mənəvi çox dəstək oldular. Tanımadığım insanlardan dəstək gördüm. Xüsusən də Mir Şahin mənə dəstək oldu”.

“Sevdiyiniz insanın məzarını ziyarət edəcəksinizmi?” sualına müğənni bu cür reaksiya verib:

“Mən o barədə danışmaq istəmirəm... ”

Xatırladaq ki, ötən ay Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci ildə çıxardığı hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və digərlərinin apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə F.Laçının cəzası 2 ilə endirilib. Bundan başqa, Kanvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.

Beləliklə, həbsdə olan müğənninin 2 illik cəzası bu il oktyabrın 29-da başa çatıb və müğənni azadlığa çıxıb.

Qeyd edək ki, müğənni və digərləri xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs edilmişdi. Hadisələrin gedişatından məlum olmuşdu ki, sənətçi “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovla bir neçə il sevgi münasibətlərində olub. Mətbuatda yayılan məlumatlara görə, Nəsimi Rayon Məhkəməsində müğənni özü bunu etiraf edib. Hətta müğənninin həbsindən sonra onun “Qoca”nın əlindən tutaraq ona “Ölürüm, ölürüm... ” mahnısını ifa etməsi ilə bağlı videogörüntülər yayılmışdı.

AzNews.az