Laçının su resurslarının vəziyyəti və idarəetmə çağırışları - EKSPERT RƏYİ

Laçın Azərbaycanın şirin su ehtiyyatlarına görə ən zəngin bölgələrindən biridir. Rayonun relyefi, dağlıq-coğrafi quruluşu və iqlimi burada həm yerüstü, həm də yeraltı su ehtiyatlarının zənginliyini təmin edib. Həkəri, Ağoğlan, Şəlvə və digər çaylar, göllər, saysız-hesabsız bulaqlar və təbii axarlar Laçını Cənubi Qafqazın ən mühüm su hövzələrindən birinə çevirir.

Ancaq 30 ilə yaxın davam edən işğal dövründə bu ekoloji sistemə dərin zərbə vurulub. Təbii axın rejimləri qəsdən dəyişdirilib, çay məcraları çirkləndirilib, bulaqların bir hissəsi baxımsızlıqdan quruyub, hidromeliorativ sistemlər sıradan çıxıb. İşğal zamanı nəzarətsiz istifadə və ekoloji məsuliyyətsizlik, eyni zamanda qəsd nəticəsində Laçının su ehtiyatları həm fiziki, həm də keyfiyyət baxımından zədələnib.

2020-ci ildən sonra azad edilmiş ərazilərdə həyata keçirilən ilkin monitorinqlər göstərir ki, bəzi çaylarda axın həcmi azalıb. Uzun illər dağıdılmış və baxımsız qalmış infrastruktur- su xətləri, anbarlar və nasos sistemləri- istifadəyə yararsız vəziyyətdədir. Həmçinin minalanmış zonalar su hövzələrinə yaxın ərazilərdə monitorinq işlərinin aparılmasına ciddi maneə yaradıb.
Bu vəziyyət Laçında su təhlükəsizliyi məsələsini strateji və ekoloji prioritetə çevirib. Rayonun bərpası prosesi yalnız yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmır, su idarəetməsi konsepsiyasını da yenidən gündəmə gətirir.

Hazırda Laçın üçün dörd əsas çağırış öndə görünür:

Birincisi, su infrastrukturunun bərpası zamanı dayanıqlılıq və ekoloji uyğunluq təmin edilməlidir. Əgər yeni sistemlər köhnə prinsiplərlə qurularsa, gələcəkdə su itkisi və ekoloji zərər qaçılmaz olacaq.

İkincisi, minalanmış torpaqlar su təhlükəsizliyinə dolayısı ilə təsir göstərir. Yağış və sel suları mina qalıqlarını yuyaraq çay və yeraltı sulara kimyəvi maddələrin sızmasına səbəb ola bilər.

Üçüncüsü, iqlim dəyişiklikləri risk amili kimi nəzərə alınmalıdır. Qar örtüyünün azalması və yağıntıların qeyri-sabitliyi gələcəkdə su dövranını və çay axınlarını dəyişdirə bilər.

Dördüncüsü, su idarəetməsində koordinasiya problemi üzə çıxır. Hazırda bölgədə müxtəlif dövlət qurumları və özəl şirkətlər fəaliyyət göstərir, koordinasiya düzgün aparılmasa, resursların effektiv istifadəsi çətin ola bilər.

Problemin həlli üçün ilk növbədə kompleks hidro-ekoloji xəritələşdirmə aparılmalıdır. Bu, Laçının bütün su resurslarının (çaylar, bulaqlar, yeraltı sular, bataqlıqlar və s.) dəqiq xəritəsini və keyfiyyət göstəricilərini müəyyənləşdirəcək.

Digər istiqamət “ağıllı su idarəçiliyi” sistemlərinin tətbiqidir. Sensor əsaslı monitorinq texnologiyaları vasitəsilə suyun həcmi, itkilər və çirklənmə dərəcəsi real vaxt rejimində izlənilə bilər.

Başqa bir vacib məsələ, icma iştirakının artırılmasıdır. Kəndlər bərpa olunduqca, keçmiş məcbiri köçkünlər yurdlarına qayıtdıqca, su istifadəçilərindən ibarət aktiv qruplar (“water user groups”) yaradılmalıdır. Bu model yerli səviyyədə məsuliyyəti gücləndirir, israfçılığın qarşısını alır və mübahisələri azaldacaq.

Bundan əlavə, yaşıl texnologiyaların tətbiqi - günəş enerjili nasos sistemləri, yağış suyunun yığılması və təkrar istifadəsi, torpaq nəmliyinin sensorla tənzimlənməsi- su ehtiyatlarının qorunmasına real töhfə verə bilər.

Nəhayət, regional səviyyədə koordinasiya mexanizmi yaradılmalıdır. Bu məqsədlə Laçın, Kəlbəcər, Qubadlı və digər rayonları əhatə edən “Su Təhlükəsizliyi Platforması”nın təşkili məqsədəuyğundur. Bu platforma həm elmi tədqiqatları, həm də idarəetmə qərarlarını bir mərkəzdə birləşdirə bilər.
Ümumiləşdirsək, Laçının su ehtiyatları Azərbaycanın ekoloji təhlükəsizliyi üçün strateji dəyərə malikdir. Bu sərvəti qorumaq üçün infrastruktur layihələri yetərli deyil, elmi düşüncə, ekoloji məsuliyyət və icma iştirakının sintezinə diqqət göstərilməlidir.

Xosrov Musayev,
“Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin eksperti

Məqalə “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Laçın rayonunda su təhlükəsizliyi” adlı sosial-ekoloji layihə çərivəsində hazırlanıb. Fikir və mülahizələr müəllifə aiddir, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.