OPEC-in nüfuzu itir - Akif Nəsirli

"BƏƏ-nin OPEC və OPEC+ı tərk etməsi qlobal neft bazarı üçün 60 ildir qurulan sistemi dağıdır. OPEC indiyə qədər hasilatı azaldıb qiyməti qaldırırdı. BƏƏ gündə 3.4 milyon barel neft çıxarır və əlavə 1 milyon barel ehtiyat gücü var. İndi bu həcm kartelin nəzarətindən çıxdı. BƏƏ 2027-yə qədər hasilatı 5 milyon barelə qaldırmaq istəyir, OPEC isə onu 3 milyonda saxlayırdı. İndi BƏƏ sərbəstdir və bazar payı uğrunda vuruşacaq. Bu, qiymət müharibəsi riskini kəskin artırır. BƏƏ-nin strategiyası “neft bitməmiş maksimum satmaq”dır. Asiya bazarında əsas müştərilər uğrunda Səudiyyə Ərəbistanı və Rusiya ilə rəqabətə girəcək. Endirimli müqavilələr təklif etsə, Səudiyyə cavab verməli olacaq. 2020-ci ildə Səudiyyə–Rusiya qarşıdurması qiyməti 20 dollara salmışdı. İndi oxşar ssenari BƏƏ–Səudiyyə arasında ola bilər. Qısa müddətdə neft 60–65 dollara, müharibə dərinləşsə 45–50 dollara düşə bilər".

Bu fikirləri Aznews.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mayın 1-dən OPEC və OPEC+ təşkilatlarından çıxacağı ilə bağlı məlumat qlobal enerji bazarında yeni müzakirələrə səbəb olub. Bu qərar beynəlxalq neft bazarında qeyri-müəyyənliyi artırmaqla yanaşı, qiymət dinamikasına dair fərqli proqnozların ortaya çıxmasına yol açıb. Belə bir şəraitdə Azərbaycanın sabit iqtisadiyyata malik ölkə kimi mövqeyi daha çox diqqət mərkəzinə çıxır.

A. Nəsirli qeyd edib ki, digər tərəfdən OPEC-in nüfuzu itir.

"Kartel artıq qiymət müəyyən edən deyil, qiymətə reaksiya verən quruma çevrilir. Əgər BƏƏ cəzasız çıxıbsa, sabah İraq, Küveyt də eyni addımı düşünəcək. Onda OPEC domino effekti ilə dağıla bilər. Qiyməti bundan sonra Vaşinqton, Əbu-Dabi, Ər-Riyad və Moskva arasındakı ikitərəfli sövdələşmələr müəyyən edəcək. Bazar daha qeyri-sabit olacaq, amma “OPEC kəsir” qorxusu da qiymətdən silinəcək. Azərbaycan üçün bu vəziyyət həm risk, həm fürsətdir. Əsas risk büdcə və manatla bağlıdır. 2026-cı il büdcəsi neftin 70 dollar olmasına hesablanıb. Qiymət 60 dollara düşsə, büdcədə 2.5–3 milyard manat kəsir yaranır. 50 dollara düşsə, kəsir 6 milyarda çatır. Onda ya Neft Fondundan daha çox pul götürməli, ya da sosial xərcləri ixtisar etməli olacağıq. Valyuta daxilolması azalsa, manata təzyiq yaranır. Mərkəzi Bank məzənnəni 1.70-də saxlamaq üçün ehtiyat əridir. AÇG-dən gələn mənfəət nefti də 75 dollardan sonra bölünür. 60 dollarda dövlətin payı kəskin azalır. Amma fürsətlər də var. OPEC dağılır, Yaxın Şərqdə qeyri-müəyyənlik artır, Rusiya sanksiyadadır, İran blokadadadır. Bu fonda Azərbaycan 30 ildir müqaviləyə sadiq, hasilatı proqnozlaşdırılan, tranziti təhlükəsiz ölkə kimi seçilir. Avropalı alıcılar “siyasi riski olmayan neft” axtarır. Bizim “Azeri Light” markası Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə sabit ixrac kanalına malikdir. Bu, müqavilələrdə bizə üstünlük verə bilər. Eyni zamanda neft ucuzlaşanda Avropa qaza daha çox yatırım edir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qazı uzunmüddətli və sabit enerji mənbəyi kimi çıxış edir. Trans-Adriatik qaz kəmərinin genişləndirilməsi və yeni bazarlara çıxış imkanları artır. Orta Dəhliz və Bakı–Tbilisi–Ceyhan marşrutu da yenidən aktuallaşır. Qazaxıstan nefti artıq bu marşrutla daşınır, gələcəkdə Körfəz neftinin də bu istiqamətə yönəlməsi mümkündür ki, bu da əlavə tranzit gəlirləri deməkdir. Qısası, BƏƏ-nin çıxması nefti ucuzlaşdıran və bazarı qarışdıran hadisədir. Azərbaycan üçün yaxın aylarda əsas təhlükə büdcə kəsiri və manata təzyiqdir. Neft 60 dollardan aşağı uzun müddət qalsa, iqtisadi artım ləngiyir. Amma orta müddətdə “sabit və etibarlı təchizatçı” imicimiz bizə yeni müqavilələr və investisiya gətirə bilər. İndi hökumət büdcədə 55 dollarlıq stress-test etməli, Neft Fondunun xərcləməsini azaltmalı, qaz müqavilələrini neftdən ayırmalıdır. Qiymət dalğalanmalarından çıxmaq üçün ehtiyat və çevik siyasət vacibdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az