- Üçüncü sektor
- 7 İyul 15:37
- 308
"Abşeron Milli Parkı su-bataqlıq və sahil quşları üçün əhəmiyyətli ərazilərdən biridir" - EKOLOQ
“Səma və EKO” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova: "Çirklənmənin nəticələri ilə mübarizə aparmaqdan əvvəl onun mənbələrinin qarşısının alınması olmalıdır".
- İradə xanım, Abşeron Milli Parkının ekoloji vəziyyətini necə qiymətləndirirsiniz?
- Abşeron Milli Parkının Xəzər dənizinin sahilində yerləşir və ekoloji baxımdan xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, park dənizdə baş verən mənfi proseslərə qarşı həssasdır. Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi, çirklənmə, plastik tullantılar və neft məhsulları sahil ekosistemlərinə, canlıların yaşayış mühitinə və biomüxtəlifliyə birbaşa və dolayı təsir göstərə bilər. Dənizdə yaranan çirklənmə sahilə çataraq qumlu ərazilərin, dayaz suların və sahilyanı bitki örtüyünün təbii xüsusiyyətlərini dəyişdirə bilər. Çirkab sular, müxtəlif kimyəvi maddələr və digər antropogen tullantılar suyun keyfiyyətinə mənfi təsir göstərir. Nəticədə balıqların, quşların və digər canlıların qidalanma və məskunlaşma şəraitini pisləşir. Bilirsiniz ki, Abşeron Milli Parkı xüsusilə su-bataqlıq və sahil quşları üçün əhəmiyyətli ərazilərdən biridir. Buna görə Xəzərin ekoloji vəziyyətindəki dəyişikliklər su mühitinə də, parkın quru və sahil ekosistemlərinə də təsir edir.
- Sizcə, parkın ətrafındakı urbanizasiya təbiətə hansı təsirləri göstərir?
- Parkın ətrafında urbanizasiya və insan fəaliyyətinin genişlənməsi sahil ekosistemlərinə əlavə antropogen təzyiq yaradır. Çirkab sular, müxtəlif kimyəvi maddələr və məişət tullantıları, dediyimiz kimi, suyun və torpağın keyfiyyətinə mənfi təsir göstərir. Bu da canlıların qidalanma və məskunlaşma şəraitini pisləşdirə bilər. Turizm və rekreasiya fəaliyyətinin ekosistemin imkanları nəzərə alınmadan genişlənməsi də sahil ərazilərinin təbii xüsusiyyətlərinin dəyişməsinə səbəb ola bilər. Buna görə bu fəaliyyətlər ekosistemin daşıma qabiliyyəti nəzərə alınmaqla təşkil olunmalıdır.
- Necə düşünürsünüz, hazırda parkın ən ciddi ekoloji problemi nədir?
- Zənnimcə, əsas problemlərdən biri dənizin ümumilikdə plastik tullantılar və neft məhsulları ilə çirklənmədir. Plastik paketlər, qablar, balıqçılıq ləvazimatları və digər tullantılar quşlar və dəniz canlıları tərəfindən qida kimi qəbul edilə və ya onların bədəninə və ayaqlarına dolaşaraq xəsarətlərə səbəb ola bilər. İri plastik tullantıların parçalanması nəticəsində yaranan mikroplastiklər isə qida zəncirinə daxil ola bilər. Neft və neft məhsulları ilə çirklənmə daha təhlükəli nəticələr yarada bilər. Neft suyun səthində təbəqə yaradaraq oksigen mübadiləsini məhdudlaşdıra, quşların lələklərini çirkləndirərək onların istilik balansını və uçuş qabiliyyətini poza bilər. Sahilə yayılan neft məhsulları torpağın və qumun təbii xüsusiyyətlərini dəyişdirərək bitki örtüyünə və sahildə yaşayan digər orqanizmlərə zərər vura bilər. Əsas prioritet çirklənmənin nəticələri ilə mübarizə aparmaqdan əvvəl onun mənbələrinin qarşısının alınması olmalıdır. Bunun üçün Xəzərin və Abşeron Milli Parkının sahil zonasının mütəmadi ekoloji monitorinqi gücləndirilməli, suyun və çöküntülərin keyfiyyəti nəzarətdə saxlanılmalıdır. Eyni zamanda, plastik tullantıların sahilə daxil olmasının qarşısının alınması, müntəzəm təmizlik işlərinin aparılması, tullantıların çeşidlənməsi və maarifləndirmə işlərinin genişləndirilməsi vacibdir. Neft çirklənməsinə qarşı isə operativ reaksiya mexanizmləri, xüsusi təmizləmə vasitələri və fövqəladə hallara hazırlıq planları daim işlək vəziyyətdə olmalıdır. Bununla yanaşı, sahil ekosisteminin bərpası zamanı təbiətin özünübərpa imkanlarına üstünlük verilməli, yerli bitki örtüyünün qorunması və zədələnmiş ərazilərin elmi əsaslarla reabilitasiyası həyata keçirilməlidir. Beləliklə, Abşeron Milli Parkının qorunması yalnız parkın daxilində aparılan tədbirlərdən asılı deyil. Xəzər dənizinin ümumi ekoloji vəziyyəti ilə parkın sağlamlığı arasında birbaşa əlaqə vardır. Buna görə sahil ərazilərinin qorunması, çirklənmənin mənbədən qarşısının alınması, biomüxtəlifliyin monitorinqi və ekoloji maarifləndirmə vahid yanaşma çərçivəsində həyata keçirilməlidir.

Qeyd: Məqalə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Abşeron Milli Parkında ekoloji təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində hazırlanıb.