"Abşeron Milli Parkında mütəmadi elmi tədqiqatlar aparılmalıdır" - Professor

Biologiya elmləri doktoru, professor Mehman Axundov: "Bu, Xəzərin su bioresurslarının həm ölkədaxili, həm də beynəlxalq səviyyədə düzgün və obyektiv idarə edilməsinə mənfi təsir göstərir"

- Mehman bəy, Abşeron Milli Parkında hansı elmi tədqiqatlara daha çox ehtiyac var?

- Hesab edirəm ki, Abşeron Milli Parkı və bütövlükdə Xəzər dənizinin su bioresurslarının vəziyyətinin müəyyən edilməsi üçün mütəmadi elmi-tədqiqat ekspedisiyalarına ehtiyac var. Ölkəmizdə 115 illik tarixə malik Balıqçılıq Elmi-Tədqiqat İnstitutu fəaliyyət göstərirdi. İnstitutun əsas vəzifələrindən biri hər il keçirilən dəniz elmi-tədqiqat ekspedisiyalarının nəticələri əsasında Xəzər dənizində ixtiofaunanın təbii ehtiyatlarını müəyyən etmək və balıqovlama kvotaları ilə bağlı elmi təkliflər hazırlamaq idi. Bu baxımdan Xəzərin su bioresurslarının mövcud təbii ehtiyatlarının öyrənilməsi və elmi əsaslandırılması istiqamətində tədqiqatların aparılması vacibdir.

- Sizcə, universitetlər və Milli Park arasında əməkdaşlıq yetərlidirmi?

- 2020-ci ildə Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun bağlanmasından sonra bu sahədə belə bir elmi qurumun olmaması Xəzərin su bioresurslarının həm ölkədaxili, həm də beynəlxalq səviyyədə düzgün və obyektiv idarə edilməsinə mənfi təsir göstərir. Bu baxımdan elmi tədqiqatların davamlı aparılması və müvafiq elmi qurumların fəaliyyət göstərməsi mühüm əhəmiyyət daşıyır. Universitetlər və digər elmi qurumlarla əməkdaşlığın gücləndirilməsi də Xəzərin bioresurslarının daha düzgün öyrənilməsinə və idarə olunmasına imkan verə bilər.

- Elmi monitorinq biomüxtəlifliyin qorunmasına necə təsir edir?

- Elmi monitorinq biomüxtəlifliyin və bioloji resursların vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün əsas vasitələrdən biridir. Bioloji resursların mövcud təbii ehtiyatları öyrənilmədən və elmi əsaslandırma aparılmadan idarəetmə qərarlarının qəbul edilməsi və ovlama kvotalarının müəyyənləşdirilməsi bu resursların davamlı olmayan istifadəsinə gətirib çıxara bilər. Məhz buna görə də mütəmadi elmi-tədqiqat ekspedisiyalarının və monitorinqin aparılması, əldə olunan nəticələr əsasında idarəetmə qərarlarının qəbul edilməsi Xəzərin su bioresurslarının və biomüxtəlifliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd: Məqalə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Abşeron Milli Parkında ekoloji təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində hazırlanıb.