- Üçüncü sektor
- 15 İyul 16:09
- 227
Bu növlər məhz Abşeron Milli Parkında qeydə alınıb - Ornitoloq
Ornitoloq Zülfü Fərəcli: "Bəzi nadir növlərin parka üz tutması sevindirici haldır"
- Zülfü bəy, Abşeron Milli Parkı köçəri quşlar üçün niyə vacib ərazidir?
- Abşeron Milli Parkının ornitoloji əhəmiyyətinin əsas səbəblərindən biri onun Abşeron yarımadasının ucunda, Xəzər dənizinə doğru uzanan mövqedə yerləşməsidir. Sadə dillə desək, “qartalın dimdiyindəki” bu coğrafi mövqe həm sahil xəttini izləyərək cənuba köç edən quşlar üçün, həm də Xəzəri keçərək cənub-qərb istiqamətində hərəkət edən quşlar üçün əhəmiyyətlidir. Uzun dəniz keçidindən sonra yarımadanın sahilləri quşların qarşılaşdığı ilk uyğun quru, dincəlmə və qidalanma sahələrindən birini (yəni mühüm stopover məntəqəsini) təşkil edir. Məhz bu xüsusiyyətləri Abşeron Milli Parkının Azərbaycanın Mühüm Ornitoloji Ərazilərindən (MOƏ) biri kimi qiymətləndirilməsində mühüm rol oynayır.
Təsadüfi deyil ki, son illərdə Azərbaycan avifaunası üçün yeni olan qara çəkçəki, eləcə də ölkədə əvvəldən məlum olsa da nadir rast gəlinən qırmızıbaş vələmirquşu və gözəl baladovdaq kimi növlər məhz Abşeron Milli Parkında qeydə alınıb. Bu cür müşahidələr Abşeronun yalnız qışlayan su-bataqlıq quşları üçün deyil, həm də miqrasiya zamanı nadir və azsaylı növlərin aşkarlanması baxımından əhəmiyyətli məntəqə olduğunu göstərir.
- Son illərdə nadir quş növlərinin sayında hansı dəyişikliklər müşahidə olunur?
- Burada ayrı-ayrı nadir növlərin müşahidə tezliyindəki dəyişikliklə onların populyasiyasının real vəziyyətini bir-birindən ayırmaq vacibdir. Abşeron Milli Parkında müşahidə olunan nadir növlərin bir hissəsi üzrə uzunmüddətli və standartlaşdırılmış sayım məlumatları olmadığı üçün onların populyasiyasının artdığını və ya azaldığını qəti şəkildə söyləmək düzgün olmaz. Lakin, bəzi nadir növlərin (flaminqo, kiçik qu, qırmızıbaş dalğıc, uzunquyruq ördək kimi qırmızı kitab növləri) qışı keçirmək üçün hər il parka üz tutması sevindirici haldır.
Lakin yeni və nadir növlərin aşkarlanması Abşeronun ornitoloji monitorinq baxımından böyük potensiala malik olduğunu göstərir. Xüsusilə miqrasiya dövrlərində sistemli müşahidələrin aparılması Azərbaycanın avifaunasına dair biliklərimizi genişləndirir və nadir növlərin yayılması haqqında yeni məlumatlar verir. Bu baxımdan Abşeron Milli Parkında quş müşahidəsi (birdwatching) yalnız rekreasiya fəaliyyəti deyil. Düzgün təşkil edildikdə, o, elmi monitorinq və vətəndaş elminin mühüm alətinə çevrilə bilər.
- Turizm və insan fəaliyyəti quşların yaşayışına necə təsir edir?
- Abşeron Milli Parkının Bakıya çox yaxın yerləşməsi, bir tərəfdən, onun ekoturizm potensialını ciddi şəkildə artırır. Parkda müxtəlif ekoloji marşrutların olması və quş müşahidəsi üçün əlverişli şəraitin yaradılması müsbət haldır. Digər tərəfdən isə məhz bu yaxınlıq ziyarətçi sayının artmasına və nəticədə antropogen təzyiqin yüksəlməsinə səbəb ola bilər.
Xüsusilə narahatlıq doğuran məsələ ekoloji təsiri yüksək ola biləcək spesifik fəaliyyətlərin park ərazisində keçirilməsidir. Məsələn, propeller təyyarələrinin və paraşütlərin uçuşu kimi səs-küylü və hava məkanında əlavə hərəkət yaradan fəaliyyətlər quşların xüsusilə həssas olduğu dövrlərdə əlavə narahatlıq yarada bilər. Bunun təsirinin konkret miqyasını müəyyən etmək üçün ayrıca monitorinq aparılması faydalı olardı. Əlavə olaraq əfsuslar olsun ki, park ərazisində, xüsusilə sahilboyu zolaqda çoxlu sayda tullantılara rast gəlinir. Bu tullantılar da öz növbəsində parkdakı biomüxtəlifliyə mənfi təsir edir.
Burada məqsəd turizmi məhdudlaşdırmaq deyil, turizmi quşların biologiyasına və ümumilikdə parkın təbii xüsusiyyətlərinə uyğun idarə etməkdir. Məsələn, çoxalma və qışlama dövrlərində, eləcə də intensiv miqrasiya zamanı səs-küylü və yüksək narahatlıq yaradan fəaliyyətlərə mövsümi və ya ərazi əsaslı məhdudiyyətlər tətbiq edilə bilər. Dünyanın bir çox mühüm ornitoloji ərazilərində bu cür yanaşmalardan istifadə olunur: həssas zonalarda müəyyən dövrlərdə giriş, uçuş, nəqliyyat və digər fəaliyyətlər məhdudlaşdırılır. Abşeron Milli Parkı üçün də ideal model “mühafizə ilə uyğunlaşdırılmış turizm” olmalıdır. Çünki parkın əsas üstünlüklərindən biri həm Bakıya yaxınlığı, həm də Xəzərin üzərindən keçən quşların hərəkətləri baxımından strateji mövqeyidir. Bu potensialın artıq praktik olaraq formalaşdığını son illərdə təşkilatçılığımızla Abşeron Milli Parkına gələn xarici ekoturistlərin sayındakı artım da göstərir. Düzgün idarəetmə və elmi əsaslandırılmış turizm modeli tətbiq olunarsa, Abşeron nəinki Azərbaycanın, hətta daha geniş regionun cəlbedici quş müşahidəsi məkanlarından birinə, eyni zamanda uzunmüddətli ornitoloji monitorinq üçün mühüm sahəyə çevrilə bilər.

Qeyd: Məqalə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Abşeron Milli Parkında ekoloji təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində hazırlanıb.