• Tribuna
  • 14 Yanvar 2019 10:59
  •  632

“Əhalinin gəlirləri inflyasiyanı üstələyir”

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Bir iqtisadçı-alim və bir komitə sədri kimi iclasla bağlı nələri qeyd etmək istərdiniz?

- İstər ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə, istərsə də altı ayın və doqquz ayın yekunlarına həsr olunmuş iclaslar artıq bir növ ənənə halını alıb.

Yəni Ümummilli Lider Heydər Əliyevin dövründən ta bu günə kimi, Azərbaycan prezidenti İlham Əliyevin 16 illik hakimiyyəti dövrü ərzində hər il bu tipli iclaslar keçirilir. Hesab edirəm ki, bunlar çox vacib və əhəmiyyətlidir. Ona görə ki, bunlar bir növ görülmüş işlərinin hesabatı, görülən və görüləcək işlərlə bağlı yolun, hədəflərin bir daha müəyyənləşdirilməsi, necə deyərlər, yeni “yol xəritəsi”nin cızılmasıdır.

Bu baxımdan, dövlət başçısının sədrliyi ilə keçirilən - bu günlərdə yola saldığımız və xalqımız üçün çox zəngin və əlamətdar hadisələrlə, ən əsası, “Cümhuriyyət İli” kimi tarixə düşmüş 2018-ci ilin yekunlarına həsr olunmuş iclası, orada səsləndirilən fikirləri, verilən tapşırıq və mesajları ölkəmizin, dövlətimizin, bütövlükdə regionumuzun və dünyamızın inkişafı, düzəni baxımından çox önəmli və dəyərli hesab edirəm.

Düşünürəm ki, orada səsləndirilən göstəricilər, rəqəmlər heç də adi statistika, quru rəqəmlər deyil, bunların altında böyük işlər, əmək və zəhmət dayanır. Əgər bu işlər həyata keçirilməsəydi, böyük əmək və zəhmət sərf olunmasaydı, ölkəmizin sosial-iqtisadi inkişafı, uğurlar, nailiyyətlər də mümkün olmazdı. Eyni zamanda, təbii ki, inkişaf, uğurlar, nailiyyətlər olan yerdə problemlər də olur və olmalıdır.

Bu, tək bizdə deyil, dünyanın hər bir yerində belədir. Odur ki, 2018-ci ili uğur və inkişaf ili kimi dəyərləndirmək olar.

- Bu yerdə bir məsələdən digər bir məsələyə, əslində, bir-birilə əlaqəli olan məsələyə keçid edərək, bir daha “Cümhuriyyət İli” ilə bağlı fikirlərinizi bilmək istərdik. Bir əsrə yekun vuruldu, bəs, hədəflərə çatıldımı?

- 2018-ci il “Cümhiruyyət İli” ili kimi tarixə düşdü. Yüz il öncə böyük kişilərin, Azərbaycan aydınlarının, Cümhuriyyət qurucularının fədakarlığı sayəsində ilk müstəqil Azərbaycan dövlətinin əsası qoyuldu, 28 May 1918-ci il tarixində istiqlaliyyətimiz elan edildi. İstiqlaliyyətimiz də, sadəcə, quru kağız üzərində qalmadı, istiqlal şairimiz Bəxtiyar Vahabzadə demişkən, quru torpaq üzərində, yoxdan dövlət var edildi. Tezliklə işğal altında olan Bakımız Qafqaz-İslam Ordusunun köməyilə yadelli işğalçılardan azad edildi, 15 sentyabr tarixə Bakının azad olunması kimi qızıl hərflərlə həkk olundu, həmin gün “Azərbaycan” qəzeti nəşrə başladı.

7 dekabr tarixində Şərq-Müsəlman aləmində parlamentarizmin əsası qoyuldu, Azərbaycan Parlamenti fəaliyyətə başladı, həmçinin, 26 iyun tarixində Milli Ordumuzun yaradılmasına başlanıldı, 1919-cu ilin sentyabr ayının 1-də ilk ali təhsil ocağımız - BDU yarandı. Ancaq çox təəssüflər olsun ki, daxili və xarici faktorlar səbəbindən müstəqilliyimizin ömrü uzun çəkmədi, cəmi 23 ay yaşadı Cümhuriyyətimiz.

Bu dövr, bu mərhələ, ilk Cümhuriyyətimiz tarixdə izini qoydu, imzasını imzalar içində yazdırdı, şərəfli və fəxarətli bir yol keçdi. 71 illik sovetlər hakimiyyəti dönəmində bəzi haqsızlıqlara, ədalətsizliklərə baxmayaraq, Azərbaycan xalqı böyük inkişaf yolu keçdi, xüsusilə Ümummilli lider Heydər Əliyevin 13 illik hakimiyyəti illərində. Azərbaycan aqrar respublikadan keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinə çevrildi.

Məlum Qarabağ hadisələri ilə vüsət alan milli-azadlıq hərəkatı, həmçinin, sovetlər quruluşunun çökməsi nəticəsində Azərbaycan 1991-ci ildə ikinci dəfə müstəqilliyini əldə etdi və artıq müstəqilliyimizin 28-ci ilini yaşayırıq. Odur ki, 2018-ci il Cümhuriyyətimizin, ilk müstəqil dövlətimizin 100-cü yaşının tamam olması ilə yanaşı, həm də ötən bir əsrin sonuncu, bu əsrdə görülən işlərin hesabat ili idi.

Belə demək mümkünsə, bu illər ərzində görülən işlər, xüsusilə ikinci istiqlaliyyət illərində həyata keçirilən balanslı, tarazlı, məqsədyönlü siyasət, strategiya müstəqilliyimizin, gələcək inkişafımızın fundamental bazasını təşkil edir.

Bildiyiniz kimi, “Cümhuriyyət İli” çərçivəsində bir əsrə sığacaq hadisələr yaşandı. 28 May tarixində müstəqilliyimizin 100 illiyi təntənəli şəkildə qeyd olundu, bundan bir gün sonra Cənub Qaz Dəhlizinin açılışı oldu. Uğurlu Cünnüt əməliyyatı keçirildi, 26 iyul tarixində Milli Ordumuzun 100 illiyi Hərbi Paradla qeyd edildi. Həmçinin, iyun ayında “ikinci qan damarı” adlandırlan TANAP-ın açılışı oldu, avqust ayında Xəzərin hüquqi statusunu müəyyənləşdirən Aktau Konvensiyası imzalandı.

15 sentyabrda Bakımızın işğaldan azad edilməsinin 100 illiyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə və möhtəşəm paradla qeyd edildi. 21 sentyabrda Azərbaycan Parlamentinin 100 illiyi parlamentin xüsusi iclasında təntənəli şəkildə təşkil olundu. Bunun ardınca Azərbaycan-Türkiyə qardaşlığının növbəti ifadəsi kimi, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “STAR” neft emalı zavodu işə salındı. İl ərzində ölkə rəhbərinin həm regionlara, həm xarici ölkələrə - Böyük Britaniya, Fransa, Rusiya, Belarus, Türkmənistana tarixi səfərləri oldu, o cümlədən, Almaniya, İtaliya, Rusiya liderlərinin ölkəmizə tarixi səfərləri baş tutdu.

Bu səfərlərdə ölkələrimiz, xalqlarımız üçün mühüm əhəmiyyət daşıyan çoxsaylı sazişlərə imza atıldı. Həmçinin, regionlara səfərlər zamanı çoxsaylı obyektlərin, müəssisələrin açılışları reallaşdırıldı, yeni iş yerləri açıldı. “ASAN”dan sonra vətəndaşların məmnunluğunu təmin etmək üçün növbəti qurum - “DOST” yaradıldı, ölkədə 11 aprel seçkilərindən sonra yeni hökumət formalaşdırıldı.

2018-ci ildəki hadisələri sadalamaqla bitirmək mümkün deyil. Hamısı tarixi, əzəmətli, müstəqilliyimizin bazası və gələcək təminatı olan hadisələrdir. Hamımız bunlardan bir vətəndaş kimi fəxr edirik, qürur hissi keçiririk.

- Yenidən ötən ilin yekunları ilə bağlı iclasa qayıdaraq, fikirlərinizi bir qədər də konkretləşdirməli olsaq, yəni, rəqəmlərə istinad etsək, nələri qeyd etməyə dəyər?

- Ən əsası, onu vurğulamaq istərdim ki, dünyada 2008-ci ilin payızından başlayan və hələ də davam edən maliyyə-iqtisadi böhranın davam etməsinə, qlobal kataklizmlərin ölkə iqtisadiyyatlarına böyük zərbələr vurmasına, sülhün, təhlükəsizliyin təmin edilməsi əvəzinə dünyadakı supergüclər tərəfindən yeni-yeni münaqişə ocaqlarının yaradılmasına, təhdidlərin artmasına, “Ərəb baharı” adlı qanlı layihə ilə Suriyanın, Yəmənin, Liviyanın vətəndaş müharibəsi, aclıq və səfalət içində inlədilməsinə, İraqda, Əfqanıstanda, digər yerlərdə hələ də qanların axıdılmasına, o cümlədən, 31-ci ilini başa vuran və Ermənistan, onun açıq-gizli himayadərlarının dağıdıcılıq əməlləri səbəbindən Qarabağ münaqişəsinin həllini tapmamasına rəğmən, Azərbaycan bu kataklizmlərdən, təhdidlərdən ötüşməyi bacara bilib.

Özü də nəinki bacara bilib, hətta sürətli və dinamik inkişaf xəttini davam etdirib, regionun təhlükəsizlik, sabitlik və inkişaf adası olmaqda davam edib. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. İl ərzində biz 32 pillə irəliyə getmişik. Həmçinin, bizim bütün iqtisadi göstəricilərimiz çox müsbətdir. Ümumi Daxili Məhsul (ÜDM), yəni iqtisadi artım keçən il Azərbaycanda 1,4 faiz olub ki, bunun özü də yaxşı göstəricidir. Əlbəttə, dövlət rəhbərinin də dediyi kimi, “bu, bizim arzularımızı tam əks etdirmir”, ancaq dünyada gedən proseslərə baxdıqda, normal göstəricidir.

Ondan daha yaxşı göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da inkişaf 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. Bu, onu göstərir ki, sənayeləşmə siyasəti öz gözəl nəticələrini verir. İnflyasiya cəmi 2,3 faizdir, əhalinin pul gəlirləri ötən ildə 9,2 faiz artıb. Əhalinin gəlirləri inflyasiyanı üstələyir. 2017-ci ilə nəzər salsaq, görərik ki, o zaman inflyasiya 12 faizdən çox idi, indi isə 2,3 faizdir. Manatın məzənnəsi sabitdir. Kənd təsərrüfatı 4,6 faiz artıb.

Ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub və ən sevindirici hal ondan ibarətdir ki, bu sərmayənin 11 milyard manatı, ondan da çoxu ölkəmizin qeyri-neft sektoruna qoyulan sərmayədir. Bu, onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir.

Ötən il valyuta ehtiyatlarımızı artıra bilmişik. Baxmayaraq ki, xərclərimiz az olmayıb, eyni zamanda, valyuta ehtiyatlarımızı üç milyard dollar məbləğində artırmağa nail olmuşuq. Bu gün ölkəmizin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir.

Bununla yanaşı, xarici borc 22,8 faizdən 19 faizə düşüb.

- Xarici borcdan, borclanmadan söz düşmüşkən, bu, gələcəkdə ölkəmizi iqtisadi cəhətdən növbəti çətinliklərlə, iqtisadi risklər və təhlükələrlə üz-üzə qoya bilməz ki? Bəzən mediada və müxalif siyasi dairələrdə bununla bağlı narahatlıqlar bildirilir, hətta hökumətə qarşı sərt ittihamlar səsləndirilir.

- Hesab edirəm ki, xarici borcumuzun 22,8 faizdən 19 faizə düşməsi müsbət göstəricidir və növbəti ildə bu istiqamətdə işlərin görülməsi nəzərdə tutulur ki, onlar da mütləq öz müsbət nəticəsini, effektini verəcək.

İkincisi, heç bir dövlət xarici borcdan, borclanmadan sığortalanmayıb. Elə ətrafımızdakı ölkələri, post-sovet məkanı ölkələrini və yaxud qardaş Türkiyəni, digərlərini götürək. Onlarda da bu məsələ var və daha kəskin şəkildə. Yəni indi bizdə bəzilərinin iddia etdiyi kimi, burada hansısa qorxulu, təhlükəli məqamlardan söhbət gedə bilməz.

Onlar, sadəcə, konyuktura və populistliklə məşğul olurlar. İddialarında həqiqət və reallıq payı yoxdur. Qeyd edim ki, bu məsələyə iclas zamanı dövlət başçısı özü də toxundu və qətiyyətli şəkildə bildirdi ki, bu borc yaxın illərdə daha da azaldılacaq.

Dövlət, hökumət səviyyəsində qarşıya vəzifə qoyulub ki, biz bu borcu yaxın illərdə daha da azaldaq. Bu məsələ ilə bağlı hətta müvafiq proqram da hazırlanıb. Dövlət başçısının da qeyd etdiyi kimi, biz borcu tədricən azalda-azalda getməliyik.

O, “Düzdür, 19 faiz də indi dünya miqyasında çox gözəl göstəricidir. Elə ölkələr var ki, xüsusilə inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100-120 faizini təşkil edir. Əgər hansısa ölkədə 50 faiz təşkil edirsə, o ölkə sabit, iqtisadi cəhətdən sabit ölkə kimi tanına bilər. Bizdə isə 19 faizdir, mən hələ bunu çox görürəm.

Hesab edirəm ki, bu, daha da düşməlidir və düşəcəkdir. Əlbəttə, əgər xarici borcumuzu valyuta ehtiyatlarımızla müqayisə etsək, görərik ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, istənilən vaxt biz xarici borcu tam ödəyə bilərik. Bu, bizim siyasətimizi əks etdirir, onu göstərir ki, biz baxmayaraq ki, bir çox kreditlər ala bilirik, ancaq mən göstəriş vermişəm, kreditlərin alınması məhdudlaşdırılsın” - deyərək, kredit almağa ehtiyac olmadığını, sadəcə, texnoloji tutumlu layihələrlə bağlı istisna hal kimi müəyyən məbləğdə kredit alınmasının mümkünlüyünü sözlərinə əlavə etdi.

Bunun özü bir daha onu sübut edir və onu tam qətiyyətlə söyləməyə əsas verir ki, xarici borc məsələsindən bəhanə gətirib dövlətin, hökumətin, hakimiyyətin üzərinə yürümək cəhdləri tam səmərəsiz, əsassız və perspektivsiz bir yoldur. Bu məsələ ən çox elə dövlətin, ölkə rəhbərinin özünün diqqətində olan məsələdir, bu istiqamətdə gərəkən hər bir addım atılır və bundan sonra da atılacaq.

İqtisadi inkişaf göstəricilərimizə onu da əlavə etmək olar ki, keçən il 118 min daimi iş yeri yaradılıb.

İxracla bağlı yaxşı göstəricilər var. İxrac 36 faiz artıb. Ümumi rəqəmi götürsək, ixracımız 19 milyard dollara çatıb. Xarici ticarət balansında müsbət saldo - yəni, ixracın idxalı üstələməsi 8,6 milyard dollar təşkil edir.

Hansı ki ölkələrin əksəriyyətində idxal ixracı üstələyir. Azərbaycanda isə biz bunun əksini görürük.

Özü də ölkəyə ixracla bağlı daha çox - 8,6 milyard dollar pul gətirilib, nəinki xərclənilib. Əgər buraya xarici turistlərdən gələn vəsaiti əlavə etsək, onda görərik ki, rəqəm daha da artacaq. Onu da bildirməliyəm ki, keçən il ölkəmizə 2 milyon 850 min xarici vətəndaş gəlib ki, bu, 6 faiz artım deməkdir. Aparılan hesablamalara görə də, bu xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər.

Bununla yanaşı, ölkəmizə turizm axınını daha da sürətləndirmək üçün digər zəruri olan tədbirlər də görülməli, xüsusilə iaşə-servis xidmətlərinin dünya səviyyəsinə qaldırılması lazımdır. Özünüz də görürsünüz ki, qardaş Türkiyədə turizmlə bağlı hansı böyük uğurlara nail olunub. Bu uğurların əsasında isə son dərəcədə müasir və dünya standartlarına cavab verən iaşə, servis, qulluq xidməti dayanır. Artıq Türkiyə bu məsələdə dünyanın örnəyinə, brendinə çevrilib.

Elə bilirəm ki, istər daxili, istər xarici, istər yay, istər qış turizminin inkişafı üçün gözəl imkanlara, təbii sərvətlərə malik olan ölkəmizdə bu istiqamətdə uğurların, nailiyyətlərin əldə edilməsi mümkündür və vacibdir.

- Diqqətçəkən məqamlardan biri həm də gömrük və vergi sistemində aparılan islahatlarla bağlı məsələ oldu. Qeyd edək ki, parlamentin son payız sessiyasında vergi sahəsində islahatları dərinləşdirmək məqsədilə Vergi Məcəlləsinə bir sıra ciddi dəyişikliklər edildi.

- Bunlar da çox mühüm məqamlardır. Çünki uzun illər idi ki, hər iki sahə ilə bağlı problemlər, cəmiyyəti narahat edən məqamlar mövcud idi və həllini gözləyirdi. Qeyd edim ki, istər gömrük, istərsə vergi ilə bağlı hələ ötən ilin iyulunda 2018-ci ilin altı ayının yekunlarına həsr edilmiş iclasda çox ciddi şəkildə bəhs edilmiş, dövlət başçısı tərəfindən çox ciddi tapşırıqlar verilmişdi. Artıq bunlar, verilən tapşıqların, xəbərdarlıqların müsbət nəticələri göz önündədir.

Kimin nə deməsindən asılı olmayaraq, hər iki sahədə müsbət irəliləyişlər, uğurlar mövcuddur. Ona görə ki, həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur. Dövlət başçısının özünün də qeyd etdiyi kimi, “hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaflıq, dürüstlük təmin edilir. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır və aparılacaq”.

Yəni bu işlərdə əli olan adamlar məsuliyyətə cəlb olunur, vəzifədən kənarlaşdırılır. Bir sözlə, tam sağlamlaşdırma prosesi gedir. Xüsusilə vergi sahəsində çox dərin islahatlar aparılır. Hesab edirəm ki, vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə layiq olan məsələdir.

Dövlət başıçısı bu məqama toxunarkən “Çünki əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü. Vergi sahəsində özbaşınalıq hökm sürürdü, bir çox xoşagəlməz əməllər müşahidə olunurdu. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu. Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir. Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik”, - deyə qeyd etdi və bir daha qətiyyətli şəkildə bildirdi ki, bu sahələrdə, istər vergidə, istərsə də gömrükdə tam şəffaflıq və dürüstlük olmalıdır.

Bu baxımdan, inanıram və qəti şəkildə əminəm ki, yaxın illərdə istər vergi, istərsə də gömrük sahəsində hamının görmək istədiyi, arzuladığı nəticələrə nail olmaq mümkün olacaq. Çünki bu məsələdə Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin, eyni zamanda, adıçəkilən qurumlara təyin edilən gənc və perspektivli insanların iradəsi, mövqeyi ortadadır.

Qeyd edim ki, ötən ilin nailiyyətlərinin bu il də davam etdirilməsi, uğurlarımızın sırasına daha yenilərinin əlavə edilməsi, inkişafımızda daha böyük zirvələrin fəth olunması gözlənilir.

Belə ki, bu il 400 meqavat gücündə “Şimal-2” elektrik stansiyasının işə düşməsi, investisiya proqramı çərçivəsində ən azı 1000 kilometr yeni yolun salınması, 80 min hektara suyun verilməsi, təxminən 5000 köçkün ailəsi üçün yeni mənzillərin tikilib istifadəyə verilməsi, 100-dən çox yeni məktəbin tikintisi, 10-a yaxın mərkəzi rayon xəstəxanasının açılışı gözlənilir.

Eyni zamanda, bu il daha üç Olimpiya İdman Kompleksinin, beş “ASAN xidmət” mərkəzinin açılması, bununla belə, özünüməşğulluq proqramından ən azı yeddi min ailənin faydalanması gözlənilir. Bunlar həm gözləntilər, həm də tezliklə şahidi olacağımız hadisələr, reallıqlardır.(oxu.az)

© AzNews.az