• Tribuna
  • 23 Yanvar 2019 17:05
  •  565

“Davos Forumu çərçivəsində keçirilən görüşlər...” - Ekspert

Azərbaycan bu gün dünyanın siyasi və iqtisadi elitalarının diqqət mərkəzindədir.

Bunu "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O qeyd edib ki, hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir, burada dünyanın ən tanınmış siyasi və iqtisadi elitalarının nümayəndələri ilə görüşlər keçirir və Azərbaycanın əməkdaşlığa hazır olduğunu nümayiş etdirir:

"Dövlətimizin başçısı Davosa səfəri çərçivəsində müxtəlif görüşlər keçirib, sessiyalarda iştirak edir. Prezident İlham Əliyevin Davosda çoxsaylı səmərəli görüşlər keçirməsi Azərbaycana olan maraqdan irəli gəlir. Forum çərçivəsində aparılan müzakirələrin nəticələri bir daha Azərbaycanın uğurlarını və inkişafını isbatlayır. Azərbaycan Davosda keçirilən Dünya İqtisadi Forumunda ən yüksək səviyyədə təmsil olunur. Bir daha vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin Davosda çox sayda görüşlər keçirməsi və sessiyalarda iştirak etməsi Azərbaycana olan maraqdan irəli gəlir. Çünki Azərbaycan həm siyasi, həm də iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə malikdir”.

Siyasi ekspert bildirib ki, Davos Forumu çərçivəsində keçirilən bütün görüşlər, səsləndirilən fikirlər dünyanın siyasi və iqtisadi elitalarının dövlətimizə marağını ortaya qoyur və bu fakt bir daha son dövrlər ərzində sürətlə inkişaf edən Azərbaycanın dünya ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilməsini sübuta yetirir: "Budəfəki Davos Forumu bir çox cəhətdən - həm qlobal, həm də regional müstəvidə, eyni zamanda, Azərbaycanın maraqları baxımından ciddi müzakirələr və qərarlarla tarixə düşür. Forumda Azərbaycanın dünya iqtisadiyyatının ən sürətli inkişaf edən tərkib hissəsi kimi təqdim edilməsi və nümunə göstərilməsi aktuallıq kəsb etdi. Bu da onu göstərir ki, hazırda Azərbaycan dünyada ciddi bir dövlət kimi qəbul edilməkdədir".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-dən İsveçrəyə işgüzar səfəri çərçivəsində Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, “Visa” şirkətinin prezidenti Rayan Maklnerni, BP qrupunun baş icraçı direktoru Robert Dadli, “CISCO” şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott, “SAP SE” şirkətinin baş icraçı direktoru Bill Makdermot, Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva, Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov, Fransanın “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne və və digər nüfuzlu şirkətlərin rəhbər heyəti ilə görüşlər keçirib.

Azərbaycan Prezidenti Rusiyanın “Rossiya 1” və Çinin “CGTN” televiziya kanallarına müsahibə də verib.

Yanvarın 22-də isə dövlət başçısı Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyada iştirak edib.(trend.az)

© AzNews.az