Növbəti erməni hiyləsi - "İsrail Bakıya silah satmasın"

Azərbaycana silah satmaq İsrail dövlətinin marağındadır.

Ermənistanın xarici işlər nazirinin müavini Qriqor Hovannisyan “The Jerusalem Post”a bildirib ki, Ermənistan İsraildə səfirliyini açmağı düşünür, həmçinin qarşılıqlı olaraq İsrailin İrəvanda səfirliyinin açılmasını istəyir.

Hovannisyan qeyd edib ki, Ermənistan, ABŞ-ın nümunəsi ilə İsrailin Qarabağ münaqişəsi tərəflərinə silah satışını dayandırmasını istəyir. Hovannisyan açıq şəkildə bəyan edib ki, İrəvan İsrailin Bakıya silah satmamasını arzulayır.

Mövzunu politoloq Natiq Miri ilə davam etdirdik. O bildirdi ki, Ermənistan zaman-zaman bu cür hiylələrə əl atır. Amma indiyə qədər bu hiylələrin heç bir siyasi nəticəsi olmayıb:

“Qondarma “erməni soyqırımı” ilə bağlı Ermənistan tərəfindən İsrail parlamentinə də dəfələrlə müraciət edilib. Bu yöndə İsrail parlamentində, bütövlükdə siyasi müstəvisində erməni lobbiçiliyini edən bir sıra deputatlar və ya siyasətçilər dəfələrlə məsələ qaldırıblar. Lakin hər dəfə uğursuz olub. Bunun səbəbi isə təbii ki, İsrail dövlətinin özünün geosiyasi maraqlarının üstünlük təşkil etməsidir. İsrail hər hansı bir qərar verməmişdən öncə öz dövlət maraqlarını üstün tutur. Konkret olaraq, qarşılıqlı səfirliklərin açılması ilə İsrailin Azərbaycana silah satışına məhdudiyyət qoyması isə absurd olduğu qədər də imkansız məsələdir. Çünki Azərbaycan bölgədə strateji nöqtə baxımından İsrail üçün vazkeçilməz bir ölkədir”.

Politoloq əlavə etdi ki, 100 illərdir Azərbaycanda böyük bir yəhudi toplumu yaşayır və onlara münasibətdə hansısa ayrıseçkilik nümayiş etdirilmir. Qlobal səviyyədə, dünya dövlətlərindən fərqli olaraq antisemitizm deyilən hər hansı bir cərəyan Azərbaycanda mövcud deyil:

“Bu mənada, İsrail Azərbaycan dövlətinə və cəmiyyətinə daim isti münasibətlərlə yanaşıb. Ayrıca, Azərbaycan həm də Cənubi Qafqazda çox önəmli bir ölkədir. Birincisi, ona görə ki, Azərbaycan Qərblə Şərq arasında körpü rolunu oynayır. Üstəlik, İsrailin düşməni olan müsəlman İranının qonşuluğunda yerləşən Azərbaycan həm də hərbi geosiyasi baxımdan İsrail üçün çox cəlbedici bir ölkədir. Bu anlamda, Azərbaycanın təhlükəsizlik məsələsi həm də İsrailin geosiyasi maraqlarına xidmət edir. Ona görə də Ermənistanda İsrail səfirliyinin açılıb-açılmaması heç nəyi həll etməyəcək. Bir şeyi də diqqətdən qaçırmayaq ki, artıq Azərbaycan üçün istənilən ölkədən ən müasir silahlar almaq problem deyil. Bu gün Azərbaycan istədiyi silahları Rusiyadan, Belarusdan, qardaş Türkiyədən ala bilirsə, sabah da, o biri gün də bu imkanları özündə saxlayır. Digər tərəfdən, Azərbaycana silah satmaq həmçinin İsrail dövlətinin də marağındadır. Ona görə də Ermənistanın bu cəhdləri də boş bir xülya olaraq qalacaq”.

Elgün
AzNews.az