Bunu dünyada ilk dəfə Heydər Əliyev etdi

O, dünya millətləri içində bizim haqq səsimiz oldu

O, adı ilə tarix yazdı, tarix isə onu xalqın yaddaşına həkk etdi. Söhbət azərbaycanlı adını dünyaya tanıdan və milli mənsubiyyəti ilə hər zaman fəxr edən öndərimizdən - Heydər Əliyevdən gedir.

Adətən lideri ölkəsinə, millətinə görə tanıyırlar. Lakin SSRİ-nin süqutundan sonra müstəqillik qazanmış Azərbaycanın düşdüyü vəziyyət hər kəsə məlumdur. Bir tərəfdən vətəndaş müharibəsi təhlükəsi, digər tərəfdən hakimiyyət uğrunda gedən mübarizə nəticəsində ölkə parçalanmaq ərəfəsində idi.

Ermənistan isə daxili çəkişmələrdən istifadə edərək, 1990-ci ildən 1993-cü ilədək şəhər və rayonlarımızı ard-arda işğal etdi. Hakimiyyətdəki özbaşınalığın sonu 20 faiz torpaq itkisi ilə nəticələndi. Həqiqətən də öz millətinə silah tuşlamış hakimiyyətdən bundan artığını gözləmək gülünc olardı.

Xalqın tələbi aşkar idi. Prezidentlik postuna mütləq Heydər Əliyev gəlməli idi. Nəhayət, 15 iyun 1993-cü il tarixi xalqa ikinci nəfəs, dövlətə isə var olmaq şansı verdi. Ölkəni geridönüşü olmayan nöqtədən xilas etmək, axan şəhid qanını durdurmaq və varlığı ilə xalqın inam yeri olmaq məhz Heydər Əliyevin bacaracağı iş idi. Ölkənin yükünü çiyinləri üzərinə götürərkən xalqa verdiyi sözə son nəfəsinədək sadiq qalan şəxsiyyət hər an qurduğu dövlətin rifahı üçün yorulmadan çalışıb.

O, bizə bayrağın qürurumuz, ordunun güvənimiz, milliyyətimizin isə fəxrimiz olduğunu öyrətdi.

O, dünya millətləri içində bizim haqq səsimiz oldu. Birləşmiş Millətlər Təşkilatının (BMT) tribunasından dünyaya ilk dəfə olaraq erməni vandalizmini və onun yaratdığı fəsadları məhz Heydər Əliyev çatdırmış oldu.

O, xalqın həm rəhbəri, həm ağsaqqalı, həm də dostu idi. Gələcəyə hesablanmış inkişaf yolunun memarı olan Ulu öndər cəbhədə atəşkəsə nail olduqdan sonra elə həmin ildə də bütün keçmiş sovet ölkələrini lərzəyə gətirən, nəhəng xarici neft şirkətlərinin iştirakı ilə “Əsrin müqaviləsi”ni həyata keçirməyə nail oldu. Bu irimiqyaslı layihənin faydasını dövlətimiz indi də hiss etməkdədir. Ölkə iqtisadiyyatının əsas dayağına çevrilən neft ticarəti başlanğıcını məhz həmin layihədən götürüb. Bu addımı atmaqla Heydər Əliyev həm də Azərbaycanın müstəqilliyini zəmanət altına almış oldu.

Təbiidir ki, bu hadisədən sonra dünyanın aparıcı dövlətlərinin marağı bir nöqtədə cəmlənmiş oldu. Böyük sərmayə axını nəticəsində həm dövlətin iqtisadiyyatı güclənir, həm də ölkəmizə yönəlmiş “toqquşan maraqlar” tədricən “uzlaşan maraqlar”a çevrilirdi. İnkişafımızın ilk illərində qardaş Türkiyənin də hərtərəfli dəstəyi danılmazdır. Blokada şəraitində olan Naxçıvanı bütün sahələrdə yetərincə təmin etmək mümkün deyildi. Lakin türk qardaşlarımız tarixin hər çətin dönəmində olduğu kimi o zaman da bizi tək qoymadılar. Türkiyəni Naxçıvan ilə bağlayan “Ümid” körpüsü sözün əsl mənasında xalqın ümid yerinə çevrildi. Türkiyə bu körpü vasitəsilə göndərdiyi maddi yardımdan əlavə siyasi dəstəyini də əsirgəmirdi. Ermənistanın “Dağlıq Qarabağ” azmış kimi Naxçıvanla bağlı iddiaları da mövcud idi. Bu iddiaların öhdəsindən də Türkiyənin dəstəyi ilə gəlmiş olduq. Elə o dostluğun göstəricisidir ki, qardaş dövlət indiyə qədər Ermənistanla heç bir sahədə əməkdaşlıq etmir və öz dövlət sərhədlərini Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın lehinə həll olunacağı günə qədər bağlı saxlayacaq. Bu möhkəm dostluğun əsasını qoymuş Heydər Əliyevin hələ SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən qazandığı nüfuzu müstəqillik dövründə xalqın sabaha olan inamına çevrilmiş oldu.

Ulu öndərimiz həyatda olmasa da, onun parlaq düşüncələri və təməlini qoyduğu düzgün siyasət Prezident İlham Əliyev tərəfindən həyata keçirilməkdədir. İnkişaf yolumuz və aparılan uğurlu siyasətimiz barədə yazmağa cümlələr yetməz.

Sonda demək istərdim ki, bütün dünya xalqımızı və dövlətimizi Heydər Əliyevə görə tanıdı. Nə qədər ki, millətimiz var, Heydər Əliyevin memarı olduğu Azərbaycan adlı məbəd hər zaman yaşayacaq. (Axar.az)