Azərbaycanda QHT-lər dövlətin əsas tərəfdaşıdır - Fərid Şahbazlı ATƏT-də çıxış etdi

“Azərbaycanda hər zaman müxalifətin mitinqlərin keçirilməsi ilə bağlı müraciətlərinə müsbət cavab verilib"

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısı öz işini davam etdirir. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Növbəti müzakirələr “Fundamental azadlıqlar: Dinc toplaşmaq və birləşmək azadlığı” mövzusunda baş tutub. Müzakirələrdə çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı deyib ki, müzakirə olunan mövzu həqiqətən də çox önəmli və daima aktualdır. O qeyd edi ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Bir sıra mühüm layihələrdə QHT-lər dövlətin əsas tərəfdaşıdır: “Mövcud qanunvericilik QHT-lərin fəaliyyətinə heç bir məhdudiyyət tətbiq etmir. Əksinə “İctimai iştirakçılıq” haqqında qanuna əsasən QHT-lər və vətəndaşlar ölkəmizdə ümümdövlət və yerli səviyyədə qərarların qəbulunda iştirak edirlər. Eyni zamanda onlar dövlət qurumları üzərində ictimai nəzarət funskiyasını həyata keçirirlər. Əvvəllər QHT fəaliyyəti adı altında bir sıra qanunsuz işlərlə məşğul olanlar indi bunu edə bilmədikləri üçün narazıdırlar”.

Fərid Şahbazlı daha sonra Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunduğunu, bu sahədə hər hansı problem yaşanmadığını bildirib: “Azərbaycanda hər zaman müxalifətin mitinqlərin keçirilməsi ilə bağlı müraciətlərinə müsbət cavab verilib. Sadəcə son aksiyada təşkilatçılar ciddi qanun pozuntularına və sadə vətəndaşları narahat edən davranışlara yol verdikləri üçün aksiyalara müvəqqəti fasilə verilib.
Qeyd etmək istəyirəm ki, mitinqlər üçün ayrılan yerlər şəhərin mərkəzindən 2-3 km aralıqda yerləşməklə, tamamilə əlverişlidir. Sadəcə Azərbaycanda xalqın adından danışan siyasi qüvvələrin aksiyalarına vətəndaşlar qatılmadığı üçün onlar mərkəzi küçələrdə insanların rahatlığını pozan qanunsuz aksiyalar keçirmək istəyirlər”.

Fərid Şahbazlı toplantı iştirakçılarını Azərbaycanla bağlı çıxış edərkən, obyektiv məlumatlara istinad etməyə çağırıb.

Qeyd edək ki, “İslahatçı Gənclər” İctimai Birliyinin İllik Toplantıda iştirakına Gənclər və İdman Nazirliyi dəstək verib.

AzNews.az